Süd vəzi xərçəngi: nələri yanlış bilirik?
Süd vəzi xərçəngi qadınlarda aşkarlanan onkoloji problemlər sırasında birinci yerdə durur. Bu xəstəliyə düçar olanların sayı gündən-günə artmaqdadır.
Bunu APA TV-nin "Öncə sağlıq" proqramında Tibb Universitetinin Onkoloji Klinikasının onkoloq-mammoloqu, tibb üzrə fəlsəfə doktoru Həqiqət Vəliyeva deyib.
Mütəxəssis bildirib ki, qadınlar daha çox həkimə süd vəzində ağrı şikayəti ilə müraciət edirlər. Süd vəzi xərçəngi bir sıra hallarda təsadüfü müayinə zamanı aşkarlanır, ilkin dövrdə hər hansı ağrı yaranmır.
H. Vəliyeva deyib ki, qadınlar süd vəzində ağrı hiss edən kimi yanlış olaraq təlaşa düşürlər: “Süd vəzində olan hər ağrı xərçəng demək deyil. Xoşxassəli proseslər, mastopatiyalar, kistalar, fibroadenomalarda, sinir, əzələ problemlərində də süd vəzində ağrı yaranır. Ona görə də xanımlar ağrı yaranan kimi təlaşa düşməməlidirlər. Əslində isə süd vəzi xərçəngi ilə bağlı ağrı son mərhələlərdə meydana gəlir”.
Tibb Universitetinin Tədris Terapevtik Klinikasının mammoloq-radioloqu Günel Qəmbərova deyib ki, süd vəzi xərçəngi erkən dövrlərdə əksər hallarda hər hansı əlamət vermədiyinə görə, erkən diaqnostika çox mühüm əhəmiyyət kəsb edir.
Mütəxəssis təəssüflə bildirib ki, qadınlar çox zaman süd vəzi xərçənginin inkişaf etmiş mərhələlərində ağrı şikayəti ilə müayinəyə gəlirlər. O, paytaxtla müqayisədə bölgələrdən süd vəzi xərçənginin ağırlaşmış vəziyyətlərində müraciətlərin daha çox edildiyini açıqlayıb. G. Qəmbərova bunu əsasən qadınların məlumatsız olmaları ilə əlaqələndirib.
Həkim vurğulayıb ki, 35 yaşdan sonra hər bir qadın ildə bir dəfə mammoloq müayinəsindən keçməlidir. Amma daha erkən yaşlarda da bu müayinələrin aparılması qaçılmaz ola bilər.
Mütəxəssislər deyiblər ki, süd vəzi xərçəngi nə qədər tez aşkarlanarsa, xəstəliyin sağalması, müalicənin effekti bir o qədər yüksək olar. Onlar təcrübəyə əsasən, süd vəzi xərçənginə düçar olan, lakin vaxtında müalicə, əməliyyat edilən qadınların ömür göstəricilərinin çox yüksək olduğunu açıqlayıblar.
Qeyd olunub ki, ailəsində süd vəzi, yumurtalıq xərçənginə rast gəlinən, ilk doğuşu 35 yaşdan sonraya təsadüf edən, menopauza dövrü 55 yaşdan sonra, menustrasiya prosesi 12 yaşdan tez başlayan, övladı olmayan, az sayda övlad dünyaya gətirən, süd verməyən, çoxlu abortlar etmiş, klimakterik dövrdə hormonal müalicələr almış qadınlar süd vəzi xərçənginin yaranması baxımından risk qrupuna daxildirlər.
Bildirilib ki, süni mayalanmalar zamanı da qadınlarda hormonal fon dəyişir, bu, süd vəzi xərçəngi yaranması riskini artırır.
Mütəxəssislər risk qrupuna daxil olan, eləcə də bütün qadınların süd vəzi müayinələrindən keçmələrinin vacib olduğunu vurğulayıblar. Bu baxımdan hər kəsin xərçənglə bağlı risk qrupuna daxil olub-olmadığını müəyyənləşdirə bilən gen müayinəsinə cəlb olunmasının da mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Həkimlər onu da vurğulayıblar ki, artıq çəki, hərəkətsizlik, siqaret çəkmək, spirtli içki qəbulu süd vəzi xərçəngi riskini artırır.