Əksəriyyətin xəstəliyi sayılan nevroz necə yaranır?
“Nevroz çox geniş yayılan problemdir, müraciət edən pasientlərin əksəriyyətində bu problem qeydə alınır. Həyəcan nevrozları dövrümüzü bəlasıdır, son illər qadınlarla müqayisədə kişilər arasında daha çox yayılıb".
Bunu APA TV-nin "Öncə sağlıq" proqramında nevroloq, Mərkəzi Klinik Xəstəxananın həkimi Lalə Əliyeva deyib.
Nevrozların bir qisminin genetik olduğunu deyən mütəxəssis bu sırada “sayrışan hallar nevrozu”nu - obssesiv-kompulsiv pozuntuları qeyd edib. Onun sözlərinə görə, nevrozun digər formaları stresslər, psixoloji gərginlik faktorları nəticəsində yaranır.
Mütəxəssis vurğulayıb ki, bölgələrdə, kəndlərdə yaşayan əhali ilə müqayisədə paytaxtda yaşayan əhali arasında nevrozlara daha çox rast gəlinir. Nevroloq bunu sosial, psixoloji faktorlarla izah edib, informasiya mənbələrinin sayının çoxluğu ilə əlaqələndirib.
Nevrozun əsasının uşaq yaşlarında qoyulması haqda deyilənlərə toxunan mütəxəssis qeyd edib ki, burada valideynlərin rolu çox böyükdür: “Uşağın düzgün tərbiyə olunmaması onda düzgün olmayan xarakterin formalaşmasına və dolayısı ilə gələcəkdə cəmiyyətdə yer tutmasına əngəl yaradır. Bütün bunlar nevrozun ortaya çıxmasına səbəb ola bilər. Nevrozların böyük qismi sosial, psixoloji travmalar nəticəsində yaranır”.
L. Əliyeva deyib ki, nevrozlar funksional xəstəlikdir, bu kimi hallarda beyində hər hansı struktur dəyişikliyi müşahidə olunmur: “Düzdür, nevrozun fonunda ağrılar, məsələn, baş ağrıları yaranır. Bu, ən çox rast gəlinən baş ağrı növüdür. Amma araşdıranda hər hansı pozuntu aşkarlanmır, səbəb sırf psixoloji, sosial faktorla bağlı olur.
Bəzən nevrozu olan xəstə həkimə, mədə, qarın, kürək ağrıları ilə müraciət edir. Amma müayinə zamanı hər hansı pozğunluq qeydə alınmır. 20 ildir kürək ağrılarından əziyyət çəkən, müayinə nəticəsində heç bir problem aşkarlanmayan insanlar da var. Belə xəstələrə nevroz əleyhinə müqayisə aparılanda şikayətləri səngiyir.
Həyəcan nevrozları zamanı ən çox rast gəlinən hallardan biri təzyiqin yüksəlməsidir. Yəni nevroz təzyiqin ən yüksək həddə qədər artmasına səbəb ola bilir. İnsanlar bəzən təngnəfəslik, ürək döyüntüsü şikayətləri ilə kardioloqa müraciət edirlər. Amma illər sonra məlum olur ki, əslində onlarda kardioloji olaraq hər hansı problem yoxdur, sadəcə, nevrozdan əziyyət çəkirmişlər. Ümumiyyətlə, kardioloji müayinəyə gedən insanların 15-20 faizində problem psixoloji səbəbli olur”.
Mütəxəssis nevroloqa müxtəlif səbəblərlə müraciət edən hər xəstədə nevroz əlaməti müşahidə edildiyini açıqlayıb.
Onun sözlərinə görə, nevroz probleminə görə insanlar vəziyyətin pik həddində olduğu dövrlərdə həkimə müraciət edirlər.
Nevroloq onu da deyib ki, statistikaya görə, nevrozun kişilər və qadınlar arasında yayılma faizi bərabər göstərilsə də, son illər həyəcan nevrozları kişilər arasında qadınlarla müqayisədə daha çox yayılıb: “Ümumiyyətlə, əhali arasında nevrozun yayılma faizi 2, 5 faizdir, bu isə kimik göstərici sayılmır”.
L. Əliyeva daha sonra bildirib ki, qanda olan bəzi parametrlərin, eləcə də D və B 12 vitaminlərinin çatışmazlığı nevroz halının artmasına səbəb olur.
Mütəxəssis vurğulayıb ki, nevrozun qarşını almaq mümkündür: “Amma bir çox hallarda stress faktorları ilə üzləşən insanlar uzun zaman depressiyaya məruz qalaraq həkimə müraciət etmirlər”.