Beyin şişlərinin əlamətləri: nələrə diqqət olunmalıdır?

“Beyində xoşxassəli şişlərə daha çox rast gəlinir və onların müalicəsi daha səmərəli nəticələr verir”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında neyrocərrah, tibb üzrə fəlsəfə doktoru Əli Ələkbərov deyib.

 

Neyrocərrah bildirib ki, beyin şişləri quruluşuna görə xoşxassəli və bədxassəli şişlərə bölünür: "Xoşxassəli şişlər beynin əsasən qan damarlarında, beyin örtüklərindən inkişaf edir. Bəzi şişlər isə anadangəlmə ola bilər. Bunlar da əsasən xoşxassəli şişlərə aiddir".

 

Cərrahın sözlərinə görə, xoşxassəli şişlər müəyyən ölçüyə çatana və ətrafını qıcıqlandırana qədər əlamət göstəricisinə malik olmur, buna görə də həkimə gec müraciət edilir, diaqnoz gec qoyulur. Beyin şişlərinin əlamətləri barədə danışan mütəxəssis bu kimi hallarda xəstənin sağ və sol qolunda ifliclərin əmələ gəlməsi, görmə, eşitmə qabiliyyətinin zəifləməsi, ümumi zəiflik, başgicəllənmə, qusma və bir çox başqa halları qeyd edib.

 

Neyrocərrahın sözlərinə görə bədxassəli beyin şişləri digər orqanlara metastaz vermir. Amma digər orqanlarda olan bədxassəli şişlər beyinə yayıla bilir. Beyinə ən çox metastaz verən isə ağciyər şişləridir: "Qadınlarda yumurtalıq, kişilərdə prostat vəzinin şişləri də həm onurğa beyni, həm də baş beyinə metastaz verə bilir. Beyində olan birinci növ bədxassəli şişlər başqa orqanlara metastaz vermir".  

 

Ə.Ələkbərov deyib ki, beyin şişlərinə daha çox 40 yaşdan sonra rast gəlinir.

 

Hipofiz vəzinin şişlərindən danışan neyrocərrahın sözlərinə görə bu vəz çox kiçik olmasına baxmayaraq orqanizmin hormonal sistemini idarə etdiyindən onda olan şişər çoxlu sayda dəyişikliklərə səbəb olur: "Hipofiz vəzinin şişləri nəticəsində orqanizmdə bir çox pozğunluqlar, eləcə də orqanların böyüməsi baş verir. Bu zaman əl, ayaqların, sifətin, burunun, qulaqların, çənənin, daxili orqanların, eləcə də ürəyin böyüməsi qeydə alınır”.

 

Onun sözlərinə görə, hipofiz şişləri sonsuzluğun da yaranmasına səbəb olur.

 

Mütəxəssis deyib ki, piylənmə, boyunun arxasında piy qartının yaranması, saç tökülməsi, xoruldama hipofiz vəzinin şişlərinin əlaməti də ola bilər.

 

Mütəxəssis beyin şişlərinin dəqiq yaranma səbəblərinin məlum olmadığını bildirsə də, şişlərin yaranmasında bir çox risk faktorlarını açıqlayıb.

 

"Öncə sağlıq" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.   

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR