Xərçəngönü problemlər: Poliplər niyə təhlükəli sayılır?
“Şişönü xəstəliklərin vaxtında qarşısı alınmasa, xərçəng təhlükəsi yaranır. Şişönü xəstəliklər deyəndə bir çox patologiyalar nəzərdə tutulur. Mədə-bağırsaq sistemi üzrə şişönü xəstəliklər arasında ən çox yayılan problemlərdən biri poliplərdir”.
Bunu APA TV-nin “Öncə sağlıq” proqramında Milli Onkologiya Mərkəzinin əməkdaşı, həkim-endoskopist Həcər Həsənova deyib.
Mütəxəssisin sözlərinə görə, mədə xoraları, mədənin selikli qişasının müxtəlif zədələnmələri, eroziyalar da şişönü xəstəlik hesab edilir.
Onun sözlərinə görə, “helikobakter pilori" adlı təhlükəli bakteriyalar da mədənin selikli qişasında müxtəlif dəyişiklikləri yaradır və bunun nəticəsində şişönü xəstəliklər meydana gəlir.
Mütəxəssis qeyd edib ki, bu bakteriya mədədə, qastrit, mədə xərçəngi və limfoma kimi xəstəliklərə səbəb olur, vaxtında qarşısı alınmasa, bu problemlər xərçəngə kimi inkişaf edir.
H. Həsənova bildirib ki, xərçəngönü xəstəliklər nə qədər tez aşkarlanarsa, bir o qədər təhlükəsiz hesab olunurlar: “Təəssüf ki, çox zaman valideynlər uşaqları endoskopik müayinəyə gətirməkdən çəkinirlər. Hətta pediatrlar problem olduğu halda uşaqları endoskopik müayinələrə yönləndirmir, bir növ endoskopik müayinədən ehtiyat edirlər. Mədə və bağırsağa zond salınması insanlara təhlükəli hal kimi gəlir. Amma dünyanın hər yerində uşaqlara endoskopik müayinə təyin olunur və bu cür əməliyyatlar anesteziya altında aparılır, hər hansı təhlükəsi də yoxdur.
Bir çox xəstəliklər var ki, onlar uşaq yaşlarında aşkarlansa, problem həmin dövrdə müalicə edilsə, o zaman gələcəkdə müəyyən patologiyalar qeydə alınanda xərçəng təhlükəsindən uzaq olurlar”.
Mütəxəssis buna misal olaraq həzm sistemi orqanlarının poliplərini göstərib. Həkim bunun çox tez-tez rast gəlinən patologiya olduğunu açıqlayıb: “Bəzən valideynlər bununla bağlı əlamətləri diqqətdən qaçırırlar. Uşaqlarda heç olmasa həyatlarında bir-iki dəfə rektal qanaxma əlamətləri müşahidə olunursa, buna “oldu-keçdi”, deyə yanaşmaq olmaz. Bu kimi hallar gələcəkdə, böyük yaşlarda kolorektal xərçənglərin meydana gəlməsinə səbəb ola bilər. Bu əlamətlər müşahidə olunan zaman həkimə nə qədər tez müraciət olunsa, bir o qədər xərçəngönü xəstəliklərin qarşısı vaxtında alınmış olar”.
Uşaq yaşlarında rast gəlinən poliplərin yuvenir poliplər hesab olunduğu deyən həkim-endoskopistin sözlərinə görə, onlar müxtəlif formalara malik olurlar: "Polip tam qansız üsulla kəsilib götürüldükdən sonra, heç bir problem yaratmır".
O deyib ki, poliplər uşaqlarda qarın ağrısı, qanaxma əlamətləri ilə özünü büruzə verə bilər: "Böyüklərdə isə hətta çox böyük olan poliplər heç bir simptom verməyə bilər. Bunun təsadüfən kolonoskopiya, yaxud qastroskopiya müayinəsində aşkarlanması mümkündür”.
H. Həsənova vurğulayıb ki, 40 yaşından sonra hər kəsin endoskopik müayinədən keçməsi vacibdir. O, həmçinin qeyd edib ki, ölçüsündən asılı olmayaraq bütün poliplər kəsilib götürülməlidir.
"Öncə sağlıq" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.