“Chek-up” müayinələri: Sağlam olub-olmadığımızı necə yoxlamaq lazımdır?
Azərbaycan əhalisi “Chek-up” müayinələri haqda yetərincə məlumatlıdırmı? Klinikaların reklam etdiyi “Chek-up” müayinələrinə etibar etmək olarmı? “Chek-up” müayinələri ilə xəstəlikləri necə qabaqlamaq olar? Profilaktika məqsədli müayinələrdən nə zaman keçmək önəmlidir? Əslində “Chek-up” müayinələrində hansı meyarlar əsas götürülməlidir?
APA TV-nin “Öncə sağlıq” proqramında “Chek-up” müayinələri ilə bağlı bir çox sualları cavablandıran Bakı Sağlamlıq Mərkəzinin ümumi cərrahı, uzman həkim Bibixanım Məmmədova deyib ki, "Cek-up" proqramları hər hansı xəstəliyi olmayan insanın sağlamlıq vəziyyətinin öyrənilməsi üçün qurulmuş müayinələr toplusudur: "İnsanın hər hansı şikayəti varsa, ondan ötrü aparılan müayinələr artıq "Chek-up" proqramı deyil.
Mütəxəssis bildirib ki, "Chek-up" proqramlarının aparılması bütün dünyada yaş kateqoriyaları ilə müəyyən edilir. Onun sözlərinə görə, 7-14 yaş arasında tam sağlam hər hansı şikayəti olmadan uşaqlar üçün aparılan "Chek-up" proqramları da var. Yaşı 40-dan az və 40-dan çox olan insanların sağlamlıq vəziyyətinin dəyərləndirilməsi üçün aparılan "chek-up" proqramları da mövcuddur. Eyni zamanda qadınların və kişilərin "chek-up" proqramlarında fərqliliklər var. Həkim həmçinin "Chek-up" proqramlarının risk faktorlarına və ətraf mühit amillərinə görə dəyişdiyini də açıqlayıb.
B. Məmmədovanın sözlərinə görə, Azərbaycanda ayrıca bir "Chek-up" kabineti və həkimi yoxdur. Əslində isə bunların olması lazımdır. Mütəxəssis deyib ki, istənilən şəxs "Chek-up" proqramından keçmək istəyirsə, mütləq birinci terapevt həkimə müraciət etməlidir: "Terapevt pasienti dinləyib, irsi, həm ətraf mühit, risk, yaş amillərini nəzərə alaraq, həm də cinsə görə daha dar ixtisaslı mütəxəssislərin yoxlama proqramına cəlb edə bilər".
O, 40-dan çox yaşı olan qadınlar üçün tələb olan “Chek-up” proqramlarında nəzərdə tutulan qan müayinələrini də açıqlayıb. Həmçinin qeyd edib ki, yaşı 40-dan az olan qadınlar üçün ginekoloji müayinə, ehtiyac yarandığı təqdirdə süd vəzinin mammoqrafiyası aparılmalıdır.
Həkimin sözlərinə görə yaşı 40-dan az olan kişilərdə ümumi "Chek-up" müayinəsindən əlavə olaraq, uroloqun müayinəsi lazımdır. 40 yaşdan sonra isə kişilərdə əlavə olaraq prostat xərçəngi riski üçün spesifik olan antigen müayinəsi edilməlidirlər.
B.Məmmədova deyib ki, bizdə insanlar sağlam vəziyyətdə "Chek-up" müayinələrinə müraciət etmirlər: "Daha çox türkəçarə, yaxud aptekdən həkim təyinatı olmadan alınan dərmanlarla problemləri həll edə bilmədikdə həkimə müraciət edirlər".
Cərrah deyib ki, "Chek-up" proqramı birdən-birə dar ixtisaslı olmamalıdır: "Pasient ümumi "Chek-up" proqramından keçəndən sonra ehtiyac olarsa, daha dar ixtisaslı həkim müayinəsindən keçirilməlidir".
B.Məmmədova süd vəzinin "Chek-up" müayinəsinə də toxunub: "Bütün dünyada qadınlar hər il süd vəzi xərçəngi riskinə görə yoxlanılırlar. 20 yaşından etibarən bütün qadınlar özləri-özlərini mütəmadi olaraq müayinə etməlidirlər. 40 yaşından yuxarı qadınlar hər il ümumi cərrah müayinəsindən, ildə bir dəfə mammoqrafiya və süd vəzlərinin ultrasəs müayinəsindən keçməlidirlər. 40 yaşdan aşağı gənc qadınlara mammoqrafiya müayinəsi şübhə olduğu halda təyin olunur".
Mütəxəssis uşaq "Chek-up" proqramlarından da danışıb: "Uşaq "Chek-up" proqramlarında mütləq dişlərin, gözlərin müayinəsi olmalıdır. Pediatrın müayinəsində hər hansı şübhə varsa, kardioloji müayinə də aparılmalıdır. Şübhə olmasa belə, idmanla məşğul olan uşaqlar mütləq kardioloji müayinə edilməlidir".
Həkim həmçinin qeyd edib ki, "Chek-up" müayinəsi çərçivəsində 45 yaşdan sonra beş ildən bir bağırsaqların kolonoskopik müayinədən keçirilməsi vacibdir.
"Öncə sağlıq" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.