İnsult və infarkt halları nəyə görə artıb?

Əhali arasında insult və infarkt hallarının artması nə ilə bağlıdır? Əhali arasında infarkt və insultdan ölüm halları nəyə görə çoxalıb? Bu problemlərin qəflətən meydana gəlməsi nədən xəbər verir?

 

İnsult və infarkta gətirib çıxaran əsas amillər hansılardır? Riskləri azaltmaq üçün nə etmək lazımdır?

 

APA TV-nin "Öncə sağlıq" layihəsinin növbəti buraxılışında mütəxəssislər bu barədə sualları cavablandırıblar. 

 

Terapevt, tibb üzrə fəlsəfə doktoru Kəmalə Ağayeva deyib ki, insult, infarkt kimi ağır ürək patologiyaların əsasında əsasən arterial hipertenziya dayanır: "Yəni təzyiqin yüksəlməsi, beyin qan sızmalarına, miokard infarktlarına gətirib çıxarır".

 

Risk amillərindən danışan K.Ağayeva deyib ki, yaş, cins və irsiyyət dəyişilməz risk faktorlarıdır: "Yerdə qalan amilləri xəstə öz iradəsinə uyğun olaraq dəyişə bilər”.

 

Həkim risk amillərindən danışarkən qanda xolesterinin, sidik turşusu səviyyəsinin də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Digər risk amilləri arasında tütün məmulatları, bəzi qidaların qəbulu, oturaq həyat tərzini də qeyd edib.

 

Yüksək təzyiqdən danışan K.Ağayeva onu da deyib ki, bu xəstəlikdən əziyyət çəkənlərin çoxu müalicə qəbul etmirlər: "Bu insanların cəmi 60 faizi dərman müalicəsi qəbul edir, onların cəmi 18 faizi adekvat müalicə alır. Həm də xəstə bilməlidir ki, hipertoniya sağalan xəstəlik deyil, dərmanları ömürlük qəbul etmək lazımdır". 

 

Kardiologiya uzmanı Elnur İsayev isə bildirib ki, ürək-damar xəstəliklərinin yaranması, daha da ağırlaşması insanların tibbi maariflənmə səviyyəsi, tibbi biliklərin azlığı ilə bağlıdır. Onun sözlərinə görə dünya üzrə hipertoniyadan əziyyət çəkənlərin yalnız 1/4-i hipertonik olduqlarını bilirlər, qalan insanlar onlarda problem olmasından xəbərsizdirlər: "Narahatlıqları düzgün qiymətləndirmirlər. Baş ağrıyanda, çoxları düşünür ki, hirsləndim deyə belə oldu. İnsanlar özlərinə diqqətlə yanaşsalar, ürək-damar xəstəliklərinin simptomlarını hiss edəcəklər”.

 

E. İsayev vurğulayıb ki, ürəkdə yaranan problemlər, eyni zamanda infarkt öncəsi vəziyyətlər heç də hər zaman çoxlarının bildiyi ənənəvi əlamətlərlə özünü büruzə vermir. Bu əlamətlər barədə də danışan kardioloq onu da deyib ki, ürəkdə yaranan narahatlıqlarla bağlı ev şəraitində özfəaliyyət şəklində dərman qəbulu yolverilməzdir: “Bunlar elə hallardır ki, biz onları ev şəraitində müalicə edə bilmərik, mütləq xəstə xəstəxanaya çatdırılmalıdır".

 

Mütəxəssislər onu da bildiriblər ki, kəskin miokard infarktı zamanı ən əvəzolunmaz müalicə invaziv müdaxilədir: "Stentin gördüyü işi dərmanlar görə bilmir. Stent tətbiqi trombla tıxanmış damarın tez bir zamanda açılmasına şərait yaradır". 

 

Mütəxəssislər hava şəraitinin, iqlim dəyişmələrinin infarkt, insulta səbəb olma ehtimalı barədə də danışıb, risk faktorlarından uzaq olmaq, həyat tərzi, qidalanma rejimi barədə  üçün tövsiyələr  veriblər.    

 

 

"Öncə sağlıq" proqramını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

 

 

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR