İnsulin rezistentliyi: “Gizli şəkər”lə necə mübarizə aparmalı?

İnsulin rezistentliyi nədir?  Gizli şəkər adlandırılan problemə daha çox kimlərdə rast gəlinir? Orqanizmdə gizli şəkərin olduğunu necə bilmək olar? Hansı əlamətlər siqnal sayıla bilər?  Rezistentlik zamanı daha çox hansı qidalara tələbat artır? Gizli şəkər bütün hallarda şəkərli diabetə çevrilir, yoxsa problemin qarşısını almaq mümkündür? APA TV-nin "Öncə sağlıq" layihəsində bu suallara aydınlıq gətirilib. 

 

Həkim-endokrinoloq, Mərkəzi Klinik Xəstəxananın mütəxəssisi Səbinə Cəfərova deyib ki, insulin rezistentliyi olan xəstə, gələcəyin potensial şəkər xəstəsidir: "Bu problemi olan insanlar həkimə daha çox səbəbsiz olaraq çəkinin artması, piylənmə ilə bağlı şikayət edirlər.  Məsələn, həmin insanlar qidalanmağa diqqət yetirdikləri, normadan artıq qida qəbul etmədikləri halda çəkilərinin artdığını deyirlər. Onlarda daha çox qarın hissədə piylənmə yaranır. Belə bir şikayətlə müraciət edən xəstədə ilk növbədə metabolizm pozğunluğunu, insulin rezistentliyini araşdırmaq lazımdır".  

 

Həkim-endokrinoloqun sözlərinə görə, boynun arxa hissəsində, qoltuq altında, qarın və döş nahiyəsində olan büküşlərdə yaranan tünd qara rəngdə sızanaqlar, qara xətlər insulin rezistentliyinin əlamətləridir.

 

Rezistentliyi diabetlə sağlamlıq arasında bir pillə adlandıran mütəxəssisin sözlərinə görə oturaq həyat tərzi və qidalanmaq insulin rezistentliyinin yaranmasına gətirib çıxaran əsas səbəblərdir. Həkim-endokrinoloq müəyyən dərman preparatlarının da insulin rezistentliyinə gətirib çıxardığını istisna etməyib. 

 

Həkim vurğulayıb ki, artıq çəkidən azad olduqca bu xəstəliyin sağalma ehtimalı artır.

 

Mütəxəssis deyib ki, insulin rezistentliyi problemi ildən-ilə cavanlaşmağa doğru gedir: "Artıq 10 yaşında da insulin rezistentliyi olan uşaqlar görürük. Ona görə də uşaqlara verdiyimiz qidalara ciddi yanaşmalıyıq".

 

Səbinə Cəfərova bu xəstələrdə əsmələrin olmasını insulinin daha çox ifraz olunması səbəbindən mədəaltı vəzinin işinin sürətlənməsi ilə əlaqədar olduğunu bildirib: "Əgər bir insanın ailəsində insulin rezistentliyi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən varsa, mütləq şəkildə yoxlanmalıdır. İnsulin rezistentliyi, artıq çəkili,  xolesterin mübadiləsi pozulmuş, təzyiq, ürək-damar problemi olan insanlar potensial diabet xəstələridir".

 

Endokrinoloqun sözlərinə görə, xəstələrin yol verdiyi yanlışlıqlardan biri, toxluq qan şəkərinin yüksəltmələridir ki, bu da ürək-damar problemlərinin yaranmasına səbəb olur.        

 

 

Mütəxəssis onu da deyib ki, insulin rezistentliyi, şəkərli diabet əleyhinə təyin olunan preparatları mütləq qəbul etmək lazımdır. Onların hər hansı əlavə təsirlərinin olmadığını deyən həkim hətta bu dərmanların qəbul edənlərin gələcəkdə onkoloji xəstəliklərə tutulma riskinin azaldığını deyib.

 

S. Cəfərova onu da deyib ki, insulin rezistentliyinin, şəkər xəstəliyinin cavanlaşmasının əsas səbəblərindən biri daha çox şirə, qazlı içki qəbulu, süni şəkərdən istifadədir.

 

 

"Öncə sağlıq" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

 

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR