Gizli inkişaf edən xroniki böyrək xəstəliklərini vaxtında aşkarlamaq mümkündürmü?
Böyrək xəstəliklərindən necə şübhələnmək olar? Böyrək xəstəliklərinin əsas simptomları nədir? Xroniki böyrək patologiyası olan şəxsləri vaxtında aşkarlamaq üçün nələri bilmək lazımdır? Böyrək çatışmazlığından əziyyət çəkənlər arasında qadınların çox olması nə ilə bağlıdır? Qadınlar, hamilələr üçün riskli vəziyyətlər hansıdır? Hansı xəstəliklər böyrəklərdə daha çox fəsadlar yaradır? APA TV-nin "Öncə sağlıq" layihəsinin növbəti buraxılışında bu suallara nefroloq, Mərkəzi Neftçilər Xəstəxanasının həkimi Elnur Fərəcov aydınlıq gətirilib.
Elnur Fərəcov deyib ki, böyrək xəstəlikləri son illər artan xəstəliklərdən hesab olunur. Hətta epidemik şəkildə artan xəstəliklərdəndir.
Artıq neçə illərdir ki, dünyada mart ayında ümumdünya böyrək günü ilə bağlı profilaktika məqsədilə maarifləndirici tədbirlər keçirildiyini deyən mütəxəssis Azərbaycanda da bu qəbildən bir sıra tədbirlərin təşkil olunduğunu bildirib. O, bu kimi tədbirlərin keçirilməsinin böyük əhəmiyyətinin olduğunu açıqlayıb: “Artıq dünyada dializ xəstəsi olan insanların sayı 3 milyonu keçir. Bu, çox böyük rəqəmdir. Təxminən 8-9 milyon insanda hansısa mərhələdə böyrək çatışmazlığı mövcuddur. Ümumiyyətlə, hesablamalara görə əhalinin hər min nəfərindən birində böyrək xəstəliyi var”.
Böyrək xəstəlikləri gizli inkişaf etdiyi üçün əhalinin əksəriyyəti onlarda bu xəstəliyin olmasından xəbərdar deyil. Əfsuslar olsun ki, böyrək xəstəlikləri ən son dövrlərdə, simptomlarla özünü büruzə verən mərhələdə aşkarlanır".
Nefroloqun sözlərinə görə böyrək xəstəlikləri müəyyən hallarda başqa xəstəliklərin fəsadı kimi ortaya çıxır: "Yüksək arterial təzyiqə insanlar arasında sadə simptom kimi baxılsa da, bu, diqqəti cəlb edə biləcək bir simptomdur. Təzyiqin olması, bədəndə problemin olmasına işarədir. Sırf böyrək xəstəliyində təzyiq olmur. Təzyiqi ümumi təzyiq xəstəliyi və ikincili təzyiq olaraq bölürük. İkincili təzyiqin də olmasının əsas səbəbi böyrək xəstəliyidir".
Elnur Fərəcov böyrək xəstəliklərinin əlamətlərindən də danışıb: "Təbii ki, böyrəyində problem olan şəxslər sidiyə getmədə fərq hiss edirlər. Gecə sidiyə getmə daha tez-tez olur. Sidiyə gedəndə yanma, ağrıma, göynəmə kimi bir simptom ortaya çıxır. Sidiyin tərkibində qanın da olması mümkündür".
Builki ümumdünya böyrək gününün əsas devizinin “Sağlam böyrək və sağlam qadın” olduğunu xatırladan E. Fərəcov hamilə qadınların böyrək xəstəlikləri baxımından risk qrupuna daxil olduqlarını deyib.
Mütəxəssis qeyd edib ki, hamilə qadınlar mütəmadi olaraq təzyiqlərini ölçməlidirlər: "Hamiləliyin birinci 3 ayında sağlam olan xanımlarda təzyiq bir az aşağı düşməlidir. Bu hal xanımın sağlam böyrəyinin olduğunu göstərir. Təzyiqdə cüzi qalxma artıq problemin göstəricidir”.
Nefroloq hesab edir ki, böyrək xəstəliyi olan xanımlar hamiləliyi planlaşdırmalıdırlar.
E.Fərəcovun sözlərinə görə böyrək xəstəliyi hazırda daha çox kişilərdə aşkarlanır. Nefroloq bunu zərərli vərdişlər, şəkər xəstəliyi, ürək-damar problemləri ilə əlaqələndirib.
Xroniki böyrək çatışmazlığında danışan Elnur Fərəcov deyib ki, bu artıq tam müalicəsi mümkün olmayan xəstəlikdir: "Hemodializ xəstəsi olan xanımların hamilə qalmaq şansları əfsuslar olsun ki, çox aşağıdır. Demək olar ki, mümkün deyil".
Nefroloqun sözlərinə görə böyrək xəstəliklərinə bütün yaş mərhələlərində rast gəlmək mümkündür. Böyrək xəstəliklərinin ölkəmizdəki statistikasından danışan Elnur Fərəcov deyib ki, artıq dializdə olan xəstələrin yaşama müddəti daha çoxdur. Nefroloq artıq çəkidən azad olmanın böyrəklərin sağlamlığı üçün vacibliyini vurğulayıb.
Elnur Fərəcov ağrıkəsici preparatların böyrəklərə təsirləri barədə danışıb.
"Öncə sağlıq" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.