Mövsüm xəstəliyi: Gözdə qaşınma, sulanma, işığa qarşı reaksiya nəyin əlamətidir?
“Mövsümi allergik konyuktivitər yaz aylarında daha çox aktivləşir. Bu problemə xüsusilə uşaqlarda geniş rast gəlinir. Mövsümi allergik konyuktivitləri olan xəstələr daha çox allergik statuslu xəstələrdir. Bu xəstələrdə daha çox allergik-rinit müşahidə olunur.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşı, oftalmoloq-cərrah Humay Bayramova APA TV-nin “Öncə sağlıq” proqramında deyib ki, mövsümü allergik konyuktivitlər bakterial və virus mənşəli konyuktivitlərə nisbətən fərqli gedişata malik olur: “Bu xəstəliyi daha çox qaşınma, sulanma, gözdən yaş axma kimi yüngül bir hal kimi qələmə verənlər çoxdur. Əslində isə belə deyil. Allergik konyuktivitlər vaxtında müalicə olunmasa, düzgün taktika seçilməsə, daha ağır nəticələrə səbəb ola bilər.
Əgər qaşınma, gözdən yaş axma, yad cisim hissiyyatı, bəzi hallarda işıqdan qorxma kimi əlamətlər hiss olunursa, mütləq həkimə müraciət olunmalıdır”.
Mütəxəssis deyib ki, adətən mövsümi allergik konyuktivitlər 20 yaşa qədər davam edir, bir çox hallarda bu yaşdan sonra səngimə müşahidə olunur.
H. Bayramova konyuktivitlərin müalicəsi haqda danışıb, istifadə edilən steroid damcılar haqda tövsiyələr də verib: "Bir dəfə həkim qəbulunda olurlar, həkimin təyin etdiyi damcını istifadə edib, yaxşı nəticələr əldə edirlər. Xəstəlik növbəti dəfə təkrarlanarsa, həkimə müraciət etmədən müalicəyə yenidən davam edirlər. Yaxud il ərzində steroid damcını istifadə edirlər. Bu isə ağır fəsadlara səbəb olur, xüsusilə uşaqlarda steroid qlaukomasına səbəb ola bilər. Ona görə valideynlərə müraciət edirəm, daha diqqətli olsunlar və eyni müalicəni təkrarlamasınlar".
Həkim deyib ki, bəzən allergik konyuktivitlə başlanan xəstəlik bakterial konyuktivit kimi davam edir. O həmçinin bildirib ki, allergik statuslu xəstələrdə kosmetikaya qarşı həssaslığa daha çox rast gəlinir.
Oftalmoloqun sözlərinə görə, Günəş də gözlərdə allergik reaksiya yarada bilir: "Bunu daha çox oğlan uşaqlarında müşahidə edirik". Həkim-oftalmoloq Günəş allergiyasından qorunmaq üçün göz eynəklərinin istifadəsinin vacibliyi barədə də danışıb.
H. Bayramovanın sözlərinə görə, kontakt linzalardan istifadə edənlərdə də allergik konyuktivit müşahidə etmək mümkündür: “Kontakt linzalar allergik reaksiyalar yaradA bilir. Belə hallarda ilk növbədə kontakt linzanın istifadəsini dayandırmaq lazımdır”.
"Öncə sağlıq" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.