Uşaqları nevroloji problemlərdən necə qorumaq olar?
Uşaqlar arasında nevroloji problemlər niyə artıb? Nevrozlar, epilepsiyalar, hiperaktivlik nədən qaynaqlanır? Hansı uşaqlarda nevroloji problemlərə daha çox rast gəlinir? Azyaşlılarda əsəbiliyin qarşısını necə almaq olar? APA TV-nin "Öncə sağlıq" layihəsinin növbəti buraxılışında bu və digər suallara aydınlıq gətirilib.
Nevroloq Rayihə Xudiyeva deyib ki, gündəlik rast gəlinən problemlər daha çox nitq, inkişaf ləngimələri və müxtəlif epilepsiyalarla bağlıdır.
Nevroloqun sözlərinə görə, uşaqlarda rast gəlinən irsi nevroloji xəstəliklərdən biri irsi degenerativ əzələ problemidir: "Müəyyən yaşa çatandan sonra uşağın hərəkəti pozulmağa başlayır. Tez yorulur, yeriyə bilmir və proses davamlı olaraq proqressivləşir. Bu halda əzələ toxuması itir".
Rayihə Xudiyeva deyib ki, uşaqlarda 40-a yaxın epilepsiya növü mövcuddur: "Tutmaların təhlükəli olanı da var, təhlükəli olmayanı da. Məktəbəqədər, məktəb yaşlı uşaqlarda rast gəlinən epilepsiya növünün əsas əlaməti birdən-birə baxışın sanki donmasıdır: “Biz buna gözün yol çəkməsi deyirik. Bu hal daha çox o cür nəzərə çarpır. Hər tutma uşağı zədələyir, onun inkişafını ləngidir".
Nevroloq uşaqlar və böyüklərdə rast gəlinən epilepsiyalar haqda danışaraq onlar arasındakı fərqi izah edib. Onun sözlərinə görə, uşaqlarda epilepsiyalar daha təhlükəli hesab olunur. Nevroloq onu da deyib ki, uşaq və yaxud böyük tutma keçirirsə, ona müdaxilə etmək olmaz: "Bu etdiyimiz müdaxilə ilə, məsələn, ağızı açmaqla heç nəyə təsir edə bilmərik. O tutma bir müddət sonra keçir”.
Nevroloq temperaturun yüksəlməsi zamanı müşahidə edilən febril tutmalardan da danışıb: "Klinik olaraq 2 dəfə tutma görünübsə, artıq biz epilepsiya haqqında düşünürük. Amma febril qıcolma temperaturla bağlı olur. Epileptik tutmanın qızdırma ilə bağlılığı yoxdur. Daha çox 1 yaş yarım, 6 yaş arası uşaqlarda febril qıcolmalara rast gəlinir. Febril qıcolma həmin anda fəsad yaratmır. Amma məlumatlara görə, təxminən bir faiz hallarda sonradan epilepsiyaların yaranmasına səbəb olur".
Uşaqlarda yuxu probleminə toxunan Rayihə Xudiyevanın sözlərinə görə, yuxusuzluğu dərhal nevroloji problemlə əlaqələndirmək düzgün deyil: "Bu daha çox mədə-bağırsaq problemləri ilə bağlı olur”.
Nevroloq həmçinin deyib ki, bir çox ağır nevroloji problemlər uşaq ana bətnində olarkən yaranır.
Serebral iflic problemli uşaqlara çox rast gəlindiyini deyən nevroloq valideynləri diqqətli olmağa çağırıb və bildirib ki, bu problemin tez aşkarlanması çox mühüm amildir: “Nəzərə almaq lazımdır ki, oturmaq motorikanın çox vacib bir hissəsidir. Oturmayan uşaq yeriməyəcək. İməkləmə şərt deyil, oturma şərtdir. İməkləməyən uşaq yeriyəcək. oturmayan uşaq yeriməyəcək".
R. Xudiyeva valideynlər tərəfindən daha çox səslənən suallardan birinin də uşaqlarda əmgəyin tez, yaxud gec birləşməsi ilə bağlı olduğunu qeyd edərək deyib ki, əmgək uşağın 3 ayından 2 yaşına qədər bağlana bilər: "Bizim diqqət edəcəyimiz məsələ uşağın baş ölçüsünün norma daxilində olub-olmamasıdır. Bu ölçü normaldırsa, psixomotor inkişaf normal gedirsə, əmgəyin nə vaxt bağlanması əhəmiyyət kəsb etmir".
"Öncə sağlıq" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.