Tromblar necə yaranır və niyə təhlükəlidir?
Son illərdə vaxtsız və qəfləti baş verən ölümlərin bir çoxu tromblarla əlaqələndirilir. Ürək, ağciyər damarlarının trombları daha təhlükəli sayılır. Bu problemin son illərdə daha çox yaranması və cavanlaşması nədən xəbər verir?
İnvaziv kardioloq, Mərkəzi Klinik Xəstəxananın həkimi Cəmil Babayev APA TV-nin “Öncə sağlıq” proqramında deyib ki, artıq çəkili, az hərəkətli, ayaqlarına daha çox yük düşən, aşağı ətraflarda ortopedik, travmatoloji cərrahiyyə əməliyyatı keçirən insanlar tromb əmələ gəlməsi baxımından risk qrupuna daxildirlər:
“Bəzi hallarda ürək infarktı nəticəsində baş verən qəfləti ölümlər də trombla əlaqələndirilir. Amma bu fərqli bir məsələdir. Trombun ağciyər damarlarına düşməsi nəticəsində ağciyər emboliyası deyilən bir hal yaranır. Bu xəstəlik zamanı əksər hallarda ölüm faizi çox yüksəkdir. Vaxtında xəstəxanaya çatdırılmasa xəstələrin əksər hallarda həyatda qalmaq ehtimalı çox aşağı olur”.
Mütəxəssis deyib ki, xroniki pulmonar emboliya dünyada çox geniş yayılan problemdir. Uzun illərdir ki, bu problemin üzərində çalışılsa da, istənilən nəticəni əldə etmək, problemi tam aradan qaldırmaq mümkün olmur. Amma kəskin pulmonar emboliyanı və onun yaratdığı fəsadları tamamilə aradan qaldırmaq mümkündür.
Onun sözlərinə görə, kəskin pulmonar emboliyanın əsas səbəblərindən biri aşağı ətraf venalarda yaranan problemdir. Bunun nəticəsində tromblar meydana gəlir: ”Ayaqlarda hər hansı cərrahiyyə əməliyyatı keçirəndən, ələlxüsus da travmatoloji əməliyyatlar icra olunandan sonra, yetərli profilaktika olsa belə bir hal əmələ gəlir. Kəskin halda yaranan trombun yapışma ehtimalı yoxdur və ona görə də yuxarı hissəyə atılır. Tromb damarla ürəyin içinə, oradan isə ağciyərə gedir. Tromb ağciyər damarını tutanda emboliya və yaxud ağciyər infarktı əmələ gəlir”.
Kardioloq deyib ki, belə xəstələri mütləq xəstəxanaya çatdırmaq lazımdır: “Onlarda kəskin təngnəfəslik yaranır. Soyuq tərləmə, kəskin halsızlıq əmələ gəlir. Rəngin ağarması, huşun itməsi də mümkündür. Belə xəstələr qısa zaman ərzində xəstəxanaya çatdırılmalı və təcili olaraq müayinə edilib müalicə olunmalıdırlar. Bu tip xəstələrə mütləq şəkildə reanimasiya şöbəsində yardım olunmalıdır”.
Kardioloqun sözlərinə görə, tromblar əsasən artıq çəkili insanlarda yaranır. Problemə qadınlarda daha çox rast gəlindiyini deyən mütəxəssisin sözlərinə görə, digər səbəb keçirilən əməliyyatlar olur: “Diz oynağında, sümüklərdə, ombada keçirilən əməliyyatlar səbəbindən venoz çatışmazlığı, qan dövranının zəifləməsi trombun yaranması ilə nəticələnir".
Kardioloq deyib ki, tromb heç bir əlamət verməyə də bilər. Trombun olub-olmadığını bilmək istəyən şəxs ilk növbədə həkimə, kardioloqa müraciət etməlidir. Trombların aşkar edilməsi üçün əsasən USM və dopler müayinəsindən istifadə olunur.
Onun sözlərinə görə, kəskin pulmonar emboliyalarda səbəbdən asılı olaraq müalicə müvəqqəti, yaxud ömürlük təyin olunur: "Əgər bir xəstədə tromb əmələ gəlməyə meyl varsa, dərmanları ömürlük qəbul etməlidir".
Həkim onu da bildirib ki, trombların yaranması irsi faktordan deyil, daha çox şərait, həyat tərzindən asılıdır.
Səyriyən ürək aritmiyalarının trombun əmələ gəlməsində səbəblərdən biri olduğunu açıqlayan kardioloq bu trombların ağciyərə yox, arterial sistemdəki orqanlara – beyinə, bağırsağa, böyrəklərə, ayaqlara keçə bildiyini bildirib: “Bu, çox təhlükəlidir. Belə tromblar daha çox beyinə atır və insultların əsas səbəblərindən biridir”...
"Öncə sağlıq" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.