Peyvəndlərdən niyə imtina olunur?
Artıq neçə illərdir ki, uşaq yaşlarında aparılan peyvəndlər cəmiyyətdə geniş müzakirə mövzusudur. Əslində xəstəliklərin profilaktikası, bir çox yoluxucu xəstəliklərdən qorunmaq məqsədilə aparılan peyvəndlərə münasibət birmənalı deyil. Və zaman keçdikcə peyvənd əleyhdarlarının sayı artır, desək yəqin ki, yanılmarıq. Ən azı peyvəndlərin tərkibində çoxlu zərərli maddələrin olması, uşaqlarda çoxsaylı fəsadlar yaratması haqda iddiada olanlar yetərincə çoxdur. Nəyə görə belədir? Peyvəndlərdən niyə imtina olunur? Doğrudanmı peyvəndlərin ziyanı faydasından çoxdur? APA TV-nin "Öncə sağlıq" layihəsinin növbəti buraxılışında bu və digər suallara aydınlıq gətirilib.
Pediatr Sevinc Abdullayeva deyib ki, peyvəndlərin ziyanlı olması haqda səslənən fikirlərin heç biri elmi baxımdan özünü doğrultmayıb. Peyvənd əleyhinə çıxanların sayının getdikcə çoxaldığını təəssüflə qeyd edən mütəxəssis bu halın məlumatsızlıqdan qaynaqlandığını açıqlayıb: “Peyvəndlərin xəstəlikləri aradan qaldırması artıq dünya miqyasında öz təsdiqini tapıb. Peyvəndlər vasitəsilə bir sıra xəstəliklərdən qurtulmaq mümkün olub. Məsələn, peyvəndlərin sayəsində bütün Yer kürəsində çiçək xəstəliyi ləğv olunub. 1980-ci ildən həmin xəstəliyin peyvəndləri tətbiq olunmur”.
S.Abdullayeva peyvənddən öncə uşaqların müayinə edilməsi, sağlamlıq dərəcəsinə baxılması haqda da danışıb. Pediatr peyvənddən sonra nadir hallarda öskürək, yüksək hərarətin qeydə alındığını istisna etməyib: "Amma bütün bunlar çox nadir hallarda baş verir. Bizim ən çox gördüyümüz hal peyvənddən sonra yüngül qızılcanın olmasıdır".
Pediart Əli Quliyev də deyib ki, peyvəndlərin rolunu inkar etmək, onların ziyanlı olduğunu demək ən azı dürüst davranış deyil: “1978-ci ilə qədər dünyada milyonlarla insan çiçək xəstəliyindən ölüb. Peyvəndlərin sayəsində bu xəstəlik artıq yoxdur. Yaxud da milyonlarla insan polimelit xəstəliyindən şikəst qalıb. Bu gün demək olar ki, bu xəstəliyi də peyvəndlərin sayəsində görmürük”.
Pediatr bildirib ki, peyvəndlər əleyhinə olan qeyri-professional fikirlər əhali arasında çaşqınlıq yaradır. O, dünyanın aparıcı pediatriya qurumlarının, beynəlxalq təşkilatların birmənalı olaraq peyvənd vurdurmağa çağırdıqlarını vurğulayıb.
Onun sözlərinə görə, peyvəndlərin vurulmaması ilə bağlı çox az sayda göstərişlər var: “Uşağa peyvənd vurmağın qadağan edilməsinə nadir hallarda rast gəlmək mümkündür. Yüngül soyuqdəymə, qrip, virus infeksiyasına yoluxma, peyvənd üçün əks göstəriş ola bilməz".
Mütəxəssis, peyvəndin uşaqlarda autizm, xərçəng yaratması haqda iddiaların heç bis əsasının olmadığını bildirib. Pediatr peyvəndlərin tərkibindəki maddələrdən də danışıb, onların ziyanlı olması barədə iddialar cavab verib.
"Öncə sağlıq" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.