FƏRHAD VERDİYEV: “Oynaq ağrılarından əziyyət çəkənlər ilk növbədə artıq çəkidən xilas olmalıdır”

 

 

“Oynaqlarda osteoartritin qida duzu ilə heç bir əlaqəsi yoxdur”

 

 “Gecələr başlanan oynaq ağrıları onkoloji xəstəliyin əlaməti ola bilər”

 

“Əlli kiloqram artıq çəki dizlər üçün 200 kiloqram yük deməkdir”

 

“Dünya əhalisinin 4 faizi, yəni 250 milyon insan diz oynaqları xəstəliklərindən əziyyət çəkir. Bu, böyük rəqəmdir. 65 yaşdan yuxarı olan insanlar rentgenoloji müayinədən keçsələr, onların 80-90 faizinə osteoartrid diaqnozu qoymaq olar”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında qonaq olan Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun əməkdaşı, ortoped-travmatoloq, uzman doktor Fərhad Verdiyev deyib.

 

F. Verdiyevin sözlərinə görə, Azərbaycanda “oynaqlara duz yığılması”, “duzlaşma” kimi təqdim olunan osteoartridlər, artrozlar daha çox fizioloji yaşlanma ilə bağlı olan xəstəlikdir: “Buna ən çox yaşlı insanlarda rast gəlinir. Qığırdaq toxumasında yeni qığırdaq hüceyrələri əmələ gələ bilmədiyi, o potensialı itirdiyi üçün ən çox diz oynaqlarında qığırdaq yeyilir, sümüklər bir-birinə sürtünür,  ətrafdakı əzələ və bağlar zəifləyir və beləliklə, ağrı şikayətləri əmələ gəlir”.

 

Mütəxəssis vurğulayıb ki, cavan insanlarda isə bu, müəyyən travmalardan, oynaq içi sınıqlardan, düzgün bitişməyən sınıqlardan sonra, metobolik xəstəliklərlə bağlı inkişaf edə bilər: “Azərbaycanın xüsusilə Lənkəran, Lerik, Astara bölgələrində uşaqlarda anadangəlmə bud-çanaq oynağının çıxıqları geniş yayılıb. Bunlar da zamanında müalicə olunmadığı üçün gənc yaşda olan insanlar ciddi artroz problemləri ilə həkimlərə müraciət edirlər. Gecikmiş hallarda bunun müalicəsi həm xəstələr, həm də həkimlər üçün çox çətin olur. Bəzi hallarda isə problemi aradan qaldırmaq mümkün olmur. Ona görə də valideynlər belə hallara hələ uşaq yaşda olanda ciddi yanaşmalıdırlar”.

 

F. Verdiyevin sözlərinə görə, normal halda isə oynaqlarda, ən çox isə dizlərdə yaşlanma prosesi 60 yaşdan sonra başlayır. Amma bu xəstəliyi daha da sürətləndirən məsələ artıq çəkidir: “Bizim Türkiyədə professor Hakkı Sur adlı müəllimimiz müraciət edən xəstələrə həmişə iki standart sual verərdi. O, əvvəlcə xəstənin çəkisi ilə maraqlanardı. Xəstə deyəndə ki, 100 kiloqram, o zaman ikinci sualı belə olardı: Bəs ailə quranda çəkiniz neçə  kiloqram idi? Xəstə deyirdi ki, ailə quranda incə bir qızdım, 45-50 kilo çəkim vardı. Deməli, arada 50 kiloya yaxın bir fərq var. Bu isə dizlər üçün 200 kiloqram çəki deməkdir. Əgər həmin insan özünü 50 kiloqram çəkidə saxlaya bilsəydi, onun şikayətləri 60-70 yaşda başlayardı. Dizlər daha böyük yüklə çalışdığı üçün proses daha gənc yaşlarda başlayır, diz və böyük çanaq oynaqlarında problemlər yaranır”.

 

Mütəxəssis digər oynaqlarda artrozun əlamətlərinin ağrı, hərəkət məhdudiyyəti olduğunu açıqlayıb: “Bəzən oynaqlarda şişkinlik, sərtlik əmələ gəlir. Zamanla hərəkət məhdudlaşır, çox ağrılı olur. Oynaqdan asılı olaraq şikayətlər dəyişir. Məsələn, ayaqlarda problem olanda ayaqqabı geyinən zaman ağrılar ortaya çıxır, dizlərdə problem olanda daha çox şikayətlər pilləkənləri qalxanda meydana gəlir. Hansı oynaq daha çox hərəkət edirsə, o zaman problem ortaya çıxır”.

 

F. Verdiyev statistikaya əsasən deyib ki, bu problemə daha çox qadınlar arasında rast gəlinir. Amma 45 yaşına qədər kişilər arasında da bu xəstəliklə tez-tez qarşılaşmaq olur: “Böyük ehtimalla, bu, kişilərin gənc yaşlarda daha çox ağır işlərdə çalışması, daha çox travmalara məruz qalması nəticəsində olur”.

 

Qığırdaq əmələ gətirən dərmanın olmadığını vurğulayan mütəxəssis - Yəqin ki, belə bir dərmanı icad edən şəxs Nobel mükafatına layiq görülə bilər, - deyə bildirib.  

 

Amma F. Verdiyev deyib ki, bu xəstəlik kompleks şəkildə müalicə olunur: “Osteoartrit diaqnozu qoyulan insan ilk olaraq artıq çəkidən azad olmalıdır. Xəstəlik şübhəsi varsa, diaqnoz qoyulubsa, həmin şəxs həyat tərzində dəyişikliklər etməlidir. Məsələn, ağır fiziki işdə çalışırsa, həmin insan iş yerini dəyişməli, az əziyyət verən, daha az aktivliyi olan işlərə keçməlidir. Belə xəstələrin lifti olan, yaxud da daha aşağı mərtəbələrdə yaşaması məqsədəuyğundur. Çünki çox pilləkən qalxmaq osteoartrit üçün istənilən hal deyil. Hərəkət oynaqlar üçün çox xeyirlidir. Uzun zaman eyni mövqedə ayaq üstündə və yaxud oturaq vəziyyətdə qalmaq oynaqlar üçün zərərlidir. Belə hallarda kombinasiyalı hərəkətlər etmək vacibdir. Bir qədər gəzəndən sonra oturmaq, oturandan sonra gəzmək lazımdır.  Yəni eyni mövqedə dayanmaq məsləhət deyil. Bu problemi olan qadınlar hündür dabanlı ayaqqabılardan mümkün qədər istifadə etməməlidirlər. Daha çox idman ayaqqabıları, kiçik dabanlı ayaqqabılar geyinmək vacibdir. Belə xəstələr üçün vacib olan şərtlərdən biri də əzələlərin gücləndirilməsidir”.

 

Bütün bunlarla yanaşı, xəstəliyin gedişində fizioterapiyadan, dərman müalicəsindən istifadənin önəmi barədə danışan qonaq bunları deyib: “Fizioterapevtik prosedurlarla yanaşı, qığırdaq qoruyucu dərmanlar qəbul edilir, diz oynağının içinə iynələr vurulur və s. Amma dərman müalicəsi və digər metodlar fayda verməyəndə cərrahi müdaxilə qaçılmaz olur”.

 

F. Verdiyev təəssüflə bildirib ki, Azərbaycanda insanlar demək olar ki, ən ağır hallarda həkimə müraciət edirlər: “Məsələn, Amerikada, Türkiyədə daha çox xəstəliyin bir, ikinci mərhələsində, Azərbaycanda isə 90 faiz hallarda həkimə üçüncü mərhələdə müraciət edirlər. O zaman həm həkimlər, həm də xəstələr üçün çətin olur. Bu gün xəstələr həkimlərin yanına çox inamsız gəlirlər. Bir neçə klinika, həkim dəyişirlər, sonra bir xarici ölkəyə gedirlər. Az sonra yenidən Azərbaycandakı həkimlərin yanına dönürlər. Hər şeydən əvvəl insanların az da olsa tibbi biliklərinin olması vacibdir. Türkiyədə beş illik iş təcrübəm zamanı xəstələrin çox məlumatlı olması və həkimə sonsuz inanmasının şahidi oldum. ABŞ-da olanda isə gördüm ki, burda insanlar həm xəstəlikləri, həm müraciət etdikləri mütəxəssislə bağlı çox məlumatlıdırlar. Onlar həkimə getməzdən əvvəl həmin şəxsi araşdırırlar, öz xəstəlikləri barədə məlumatlar toplayırlar. Amma çox təəssüf ki, bizdə belə deyil. Məsələn, bir xəstə gəlir bir problemlə bağlı beş həkimin yanında olub, biri bir dərman yazıb, biri başqa dərman, o biri iynə vurub, başqası stasionarda müalicə edib. Amma xəstədən soruşanda ki, sizin diaqnozunuz nədir, nədən müalicə olunurdunuz, “bilmirik” deyirlər. Hər şeydən əvvəl insanlar məlumatlı olmalıdırlar. Ümid edirəm ki, tez bir zamanda biz də əhalidə tibbi biliklərinin artmasının şahidi olacağıq”.

 

Oynaqlarda yaranan problemlərin əlamətləri barədə danışan mütəxəssis deyib ki, səhər yuxudan duranda və soyuq havalarda oynaqlarında ağrı yaranan şəxslər revmatoid-artritdən şübhələnməli və revmatoloqlara müraciət etməlidirlər: “Əgər cərrahi müdaxiləyə ehtiyac olsa, ortopedə müraciət etmək lazımdır. Gecələr, hərəkətdə olmayan zaman yaranan ağrılar onkoloji bir problem barədə düşünməyə əsas verə bilər. Osteoartrit zamanı ağrılar daha çox mexaniki xarakter daşıyır, yəni ən çox hərəkət zamanı meydana çıxır. Bu zaman ortoped-travmatoloqlara müraciət olunmalıdır. Bəzən oynaqlarında problem olan xəstələr deyirlər ki, heç duzlu yemirəm, amma oynaqlarımda duzlaşma var. Yadda saxlamaq lazımdır ki, xəstəliyin qəbul edilən duzla heç bir əlaqəsi yoxdur. Artrozun qarşısını alan elə bir yemək, pəhriz  proqramı yoxdur”.

 

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR