Uşaqlara “kəllədaxili təzyiq” diaqnozunun qoyulması doğrudurmu? - KAMRAN SALAYEV

Həkimlər kəllədaxili təzyiqi ölçmədən onun yüksək olması barədə diaqnoz qoyurlar

 

Nəsib Quliyev: “Əsassız yerə uşaqlara “kəllədaxili təzyiq” diaqnozu qoyub, insanları qorxutmasınlar”

 

 

““Kəllədaxili təzyiq” adlı xəstəlik yoxdur. Bu, bir əlamətdir. Yəni bədənin hərarətinin və yaxud təzyiqin yüksəlməsi kimi bir əlamət. Arterial təzyiq kimi kəllədaxili təzyiqin də normal bir hüdudu var”.

 

Bunu Apa.TV-nin “Öncə sağlıq” verilişinin qonağı Azərbaycan Tibb Universitetinin (ATU) Sinir xəstəlikləri və tibbi genetika kafedrasının və Respublika Uşaq Nevroloji Xəstəxanasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Kamran Salayev deyib. 

 

K. Salayev, kəllədaxili təzyiqin yüksəlməsinin konkret xəstəlik nəticəsində mümkün olduğunu vurğulayıb: “Valideynlər uşaqlarda kəllədaxili təzyiqin yüksək olması ilə bağlı bizə çox müraciət edirlər. Kəllədaxili təzyiq normal halda dəyişə bilir. Sağlam uşaqlarda belə olur. Məsələn, uşaqlar ağlayanda, gücənəndə, gərgin olanda, öskürəndə kəllədaxili təzyiq qısa müddətə qalxa bilər. Amma kəllədaxili təzyiq patoloji səbəblə bağlı da qalxır. Bu halda onun qalxması beyinə ziyan gətirə bilir. İki cür, xroniki və kəskin şəkildə qalxma mümkündür. Beyində qansızma və ya başqa bir ciddi xəstəlik varsa, təzyiq qalxır və bu zaman uşağın vəziyyəti qısa zamanda dəyişir. Uşaq halsız, huşsuz olur, qusur, ürək döyüntülərində, nəfəs almada dəyişiklik yaranır. Amma ən mübahisə doğuran hal yavaş-yavaş, tədricən qalxan kəllədaxili təzyiqlə bağlı olur. Əgər uşağın beynində tədricən maye yığılırsa və kəllədaxili təzyiq tədricən qalxırsa, biz bu zaman hidrosefaliya diaqnozu qoyuruq. “Kəllədaxili təzyiq” deyilən bir diaqnoz yoxdur. Hidrosefaliya diaqnozu var. Bu isə hər 1000 yeni doğulmuş uşaqdan 3-4-də rast gəlinən bir haldır”.

 

Uşaqlarda kəllədaxili təzyiqin ölçülməsi metodları barədə danışan mütəxəssis bunları deyib: “Bunun üçün onurğa beyninin mayesi götürülür və baxılır, ondan sonra belə bir diaqnoz qoyula bilər. Bu diaqnoz qoyulan uşaqların neçəsində belə bir müayinə aparılıb? Təbii ki, çox azında. Birbaşa yox, dolayı yolla kəllədaxili təzyiqini ölçmək mümkündürmü? Dolayı yolla bunu təxmin etmək olar. Əgər biz körpə, yəni əmgəyi açıq olan uşaq sakit oturan zaman onun əmgəyi şişirsə, gərgindirsə, əmgək döyünürsə, kəllədaxili təzyiqin yüksək olduğunu düşünmək olar. Bu hal uzun müddət davam edirsə, baş dairəsinin ölçüləri artır. Ölçülərdə daha çox artma qeydə alınırsa, yəni ölçülər normadan çox olursa, bu hal mütləq nəzərə alınmalıdır. Belə olan halda müayinələr təyin olunmalıdır. Burada söhbət neyrosonoqrafik müayinədən, MRT müayinəsindən gedə bilər. Eyni zamanda göz dibi yoxlanmalıdır. Çünki kəllədaxili təzyiq yüksək olanda göz dibinin mənzərəsi də dəyişə, görmə sinirində dəyişiklik ola bilir.  Bütün bu əlamətlər bir-birini tamamlayarsa, o zaman hidrosefaliya diaqnozu qoyula bilər”.

 

Nevroloqun sözlərinə görə, ümumiyyətlə, dünyada hidrosefaliya xəstəliyinə az-az rast gəlinir: “Bu xəstəliyə ginekologiya və neantologiya sahəsində problemi olan ölkələrdə daha çox rast gəlinir. Amma ən yüksək halda 1000 uşaqdan 10-15-də qeydə alınır. Bundan artıq ola bilməz.

Bizdə bu qədər çox rast gəlinirsə, deməli, bu, hiperdiaqnostika problemidir. Yəni hər bir halı bir xəstəliyin əlaməti kimi görmək problemi var”.

 

Yüksək kəllədaxili təzyiq diaqnozu qoyulan uşaqlara çox vaxt gərəksiz müalicələr təyin olunduğunu vurğulayan K. Salayev bu halın cəmiyyət üçün ciddi bir problem kimi dəyərləndirib: “Belə uşaqların böyük əksəriyyətində nevroloji problem yoxdur. Nevroloji problem olsa belə, kəllədaxili təzyiqləri yüksək deyil”.

 

Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi-tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev də Apa.TV-nin “Öncə sağlıq” proqramına açıqlamasında deyib ki, tibdə “kəllədaxili təzyiq” adlı xəstəlik yoxdur: “Kəllədaxili təzyiqin yüksəlməsi mümkündür. Bu da bir əlamətdir, xəstəlik deyil. Müəyyən bir xəstəliyin əlaməti olaraq kəllədaxili təzyiq yüksələ bilir. Mən çox təəssüf edirəm ki, bizim praktik işimizdə tez-tez bu ifadələri işlədirlər. Bu isə tibb işçilərinin, xüsusən də nevroloqların işə qeyri-düzgün münasibətinin nəticəsində baş verir. Ümumiyyətlə, istər Azərbaycanda, istərsə də dünyanın başqa yerlərində kəllədaxili təzyiqi çox nadir hallarda ölçməyə ehtiyac yaranır. Uşağın üzünə baxaraq, əmgəyinə əlini vuraraq, başını sığallayaraq onun kəllədaxili təzyiqinin yüksək olduğunu demək çox xoşagəlməz bir haldır. Analar da bu ifadələri tez-tez işlədirlər, “mənim uşağımda kəllədaxili təzyiq var”, deyirlər. Bunu deməklə, bir növ analar da uşaqlarına şər atmış olurlar. Birincisi, kəllədaxili təzyiq xəstəlik deyil, heç xəstəliyin adı da deyil. İkincisi, tibdə sindrom var, bu, heç sindrom da deyil. Bu bir əlamətdir. Kəllədaxili təzyiq ən çox hidrosefaliya xəstəliyi zamanı yüksək olur. Bu xəstəliyin əsas əlaməti isə başın get-gedə böyüməsi, normadan kənar olan böyük ölçülərə çatmasıdır”.

 

N. Quliyev “kəllədaxili təzyiq” diaqnozu qoyulan uşaqlara bu diaqnozun təzyiqi ölçmədən qoyulduğunu deyib: “Bəla burasındadır ki, bizim həkimlərin, nevroloqların heç biri kəllədaxili təzyiqi ölçmür. Müəyyən etmədən, ölçmədən necə diaqnoz qoymaq olar? Heç olmasa, dolayısı ilə, əmgəyi açıq olan körpələrdə neyrosonoqrafik müayinə ilə kəllədaxili təzyiqi yoxlamaq olar. Biz dolayı yolla mədəciklərin ölçüsünə baxaraq deyə bilərik ki, uşaqda kəllədaxili təzyiqdə artım müşahidə olunur, yoxsa azalma.  Ona görə də mən poliklinikalarda, digər tibb müəssisələrində çalışan pediatrlara, nevroloqlara, sahə pediatrlarına müraciət edirəm ki, bu ifadələrlə insanları qorxutmasınlar. Çünki kəllədaxili təzyiqin yüksəlməsinin arxasında xəstəlik durmalıdır. Əlamətin adını çəkməklə heç nə dəyişmir. Biz məxsusi olaraq bir yoxlama apardıq. “Kəllədaxili təzyiq” diaqnozu qoyulan yüz uşağı neyrosonoqrafik müayinədən keçirdik. Onlardan 96-da heç bir problem aşkarlanmadı. Ona görə də bir daha deyirəm ki, belə hallara yol verib, insanları vahiməyə salmaq olmaz”.

 

 

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR