İnsult riskinin qarşısını almaq üçün nə etməli? - AĞAKİŞİ YƏHYAYEV və NƏRGİZ AĞAYEVA
Ağakişi Yəhyayev: “Yuxu damarlarında olan problemin vaxtında aşkarlanması, aradan qaldırılması insult riskinin qarşısını alır”
Nərgiz Ağayeva: “Təkrar insult keçirmə riski hər zaman var, ona görə də müalicə ömür boyu davam etməlidir”
“İstər laxta, istərsə də qanama səbəbi ilə beyin toxumasının bihuş olması və ya ölməsi baş verərsə, xəstə həkimə nə qədər tez çatdırılsa, onun üçün bir o qədər önəmlidir. Bütün dünyada, o cümlədən də Azərbaycanda qarşıya çıxan ən böyük əngəl bu xəstəliyin vaxtında aşkarlanmamasıdır”.
Bunu APA TV-nin “Öncə sağlıq” proqramında qonaq olan Respublika Müalicə Diaqnostika Mərkəzinin invaziv-radioloqu, uzman doktor Ağakişi Yəhyayev deyib.
“İnsult riskinin qarşısını almaq üçün nə etməli”? mövzusunda danışan Ağakişi Yəhyayev insult əlamətlərinin bir sıra hallarda başqa xəstəliklərin əlamətləri ilə dəyişik salındığını deyib: “Xəstələrdə baş ağrıları, ürək bulanması olur və ürək bulanması çox zaman özünü daha qabarıq göstərir. O səbəbdən daha çox ürək bulanması üzərində fokuslaşırlar. Amma nəzərə almaq lazımdır ki, vaxtı itirmək olmaz. Laxta olan xəstələrdə ilk 6 saat çox böyük həyati əhəmiyyət kəsb edir”.
İnsultla bağlı əhali arasında maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu deyən mütəxəssis, ABŞ-da San Antonio aeroportunda insultla bağlı hər kəsin bilməsi lazım olan zəruri məqamların plakat şəklində yerləşdirildiyini bildirib: “Orada mənim müəllimimin tövsiyələri qeyd olunub, insultun simptomları yazılıb. Qeyd olunub ki, görmədə ikilik yarandısa, üzdə hərəkət hissi pozuldusa, bir əlinizdə hissiyyat problemi varsa, dərhal həkimə müraciət edin. Bu, həddən artıq aktual bir məsələdir.
İlk 6, onu da qaçırdıqsa, 12 saat, onu da qaçırsaq, 24 saat böyük önəm daşıyır. Bu müddət ərzində xəstənin insultla məşğul olan mərkəzlərə çatdırılması olduqca vacibdir”.
İşemik və hemorrogik insultların əlamətlərinə görə bir-birindən fərqləndiyini xatırladan A. Yəhyayev işemik insultların da vurduğu mərkəzə görə fərqləndiyini vurğulayıb: “Ümumən götürdükdə, bir xəstədə qəflətən bir tərəfli gömə, danışığında qüsur, bədəninin bir tərəfinin sanki onun deyilmiş kimi bir hiss yarandısa, insultdan şübhələnmək üçün yetərincə əsaslar var.
İnsult qanamalarında isə əlamətlər bir qədər fərqlidir. Məsələn, anidən başda güclü ağrı yarandısa, onunla eyni zamanda ürəkbulanması baş verdisə, insultdan şübhələnməyə əsas var”.
A.Yəhyayev işemik insultların birinci səbəbinin ateroskleroz olduğunu açıqlayıb: “Daha doğrusu, səbəb aterosklerozun bu və ya digər şəkildə ağırlaşmalarıdır. Biz proqramlı olaraq ateroskleroz nəticəsində damarlarımızın bir hissəsini itiririk. Əslində insanın damarları hansı yaşdadırsa, özü də o yaşdadır. Biz proqramlı olaraq ateroskleroza doğru gedirik. Amma bəzi hallar - siqaret, yuxarı təzyiq, oturaq həyat tərzi, qidalanma faktoru - aterosklerozun yaranmasını tezləşdirir”.
İnvaziv-radioloq insultun profilaktikası üçün müəyyən bir həddən, 50 yaşdan sonra yuxu arteriyalarının dopler müayinəsini həyata keçirməyin lazımlı olduğunu bildirib: “Ziyansız, hər kəsin etdirə biləcəyi bir müayinə metodudur. Beyin insultlarının öndə gedən səbəblərindən biri yuxu arteriyalarında olan darlıqdır. Yuxu damarlarında olan problemin vaxtında aşkarlanması, aradan qaldırılması insult riskinin qarşısını alır. Digər önlənəcək hal ürəkdə olan aritmiyaların qarşısının alınmasıdır. Bunun da qarşısını almaq mümkündü”r.
Mütəxəssis onu da deyib ki, insult şübhəsi varsa, birinci növbədə xəstənin beyninin filmi çəkilməlidir: “Belə məqamda Azərbaycanda populyar olar transkronyal dopler deyil, ilkin olaraq Kompüter Tomoqrafiya müayinəsi tətbiq olunmalıdır. Bundan sonra artıq Maqnit Rezonans Tomoqrafiya (MRT), yaxud MRT-anjioqrafiya, ya da anjioqrafiya müayinə metodu seçilə bilər.
A.Yəhyayev onu da deyib ki, “insult keçirən şəxsi yerindən tərpətmək olmaz”, “insult keçirən xəstəni qaranlıqda saxlamaq lazımdır” kimi yanaşmalar doğru deyil: “Bütün bunlar keçmişdə qaldı. Bu təfəkkürü, yanaşmanı dəyişmək lazımdır. Mən deyərdim ki, bu faciəli bir haldır və belə yanaşma nəticəsində göz görə-görə xəstə itirilir. Bir sıra hallarda insultla bağlı diaqnoz doğru qoyulmur, qoyulsa belə elə müalicə metodları seçilir ki, bu sonda insanın ölümünə gətirib çıxarır. Şükür Allaha, Azərbaycanda ən müasir avadanlıqlar var və onlarla düzgün diaqnoz qoyulması mümkündür. Problem xəstələri həmin avadanlıqlara düzgün yönləndirmək və doğru müalicə metodları seçməkdir”.
“Öncə sağlıq” proqramında qonaq olan Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının əməkdaşı, nevroloq, uzman doktor Nərgiz Ağayeva
insultun beyin-qan dövranının pozulması ilə bağlı olan bir xəstəlik olduğunu deyib: “Əhali arasında yanlış olaraq bütün insultlar beyinə qan sızması olaraq tanınır. Əslində isə insultlar iki qrupa bölünür: işemik insultlar yəni bir laxta səbəbində yaranan tıxanma nəticəsində beyinə qan axa bilməməsi, ikincisi isə damarda partlama, yırtıq yaranması nəticəsində qanaxmanın yaranması ilə müşahidə olunan hemorragik insultlar”.
N. Ağayeva deyib ki, ölümə səbəb olmasına görə insultlar digər xəstəliklər arasında üçüncü, əlilliyə səbəb olmaya görə isə birinci yerdə durur: “Ən önəmli faktor insultla bağlı zamanında doğru müalicənin başlanması, baş vermə risklinin qarşısını almaqdır. Və yaxud da ilk tutmadan sonra növbəti dəfə təkrarlanmasının qarşısı almaq lazımdır.
İnsultdan sonra, daha doğrusu, beyin damarı tıxanıbsa, ya da qanaxma baş veribsə, burada ən önəmli faktor xəstənin qısa zamanda həkimə çatdırılması, xəstəxanaya yerləşdirilməsidir. Məsələn, 1-2 gün gec daxil olan xəstələrdə yaranana laxtanı aradan qaldırmaq mümkün olmur. Verilən dərmanlar onu əridə bilmir. Ona görə də insult olmuş xəstələrin tez bir zamanda xəstəxanaya çatdırılması və zamanında doğru müalicənin seçilməsi, vacib şərtdir. İnsult keçirən şəxslərə “bir kurs müalicə aldı sağaldı” kimi yanaşmalar düzgün deyil. Təkrar insult keçirmə riski hər zaman var, ona görə də müalicə ömür boyu davam etməlidir. Yadda saxlamaq lazımdır ki, bir dəfə insult baş veribsə, o təkrar gələ bilər və növbəti dəfə daha ağır formalı olması mümkündür”.
Nərgiz Ağayeva onu da deyib ki, kənar şəxslərin insult keçirən şəxsdə hansı əlamətlərin olmasını hiss edə biləcəyi elə bir xüsusi əlamət yoxdur: “Amma yaddaş pozğunluğu, yuxuya meyllilik, yuxudan ayıla bilməmək, verilən suala cavabın ləngiməsi ətrafdakıların insultdan şübhələnmələri üçün siqnal ola bilər”.
Nevroloq onu da bildirib ki, insult keçirmək heç də hər zaman insanın öləcəyi anlamına gəlmir: “Öldürücü hal ikinci insultun keçirilməsi ola bilər. Xəstənin şəkəri, ürəyində problemi varsa, bir dəfə insult keçiribsə, onun ikinci dəfə də insult keçirmək riski artıqdır. Bunu hər zaman göz altına almaq və zamanında mütəxəssisə müraciət etmək lazımdır”.