Gözləri necə qorumaq lazımdır? - OFTALMOLOQ ELŞƏN İBRAHİMOV

 

 

Oftalmologiya uzmanı Elşən İbrahimov: “Hər kəs 6-8 aydan bir ümumi göz müayinəsindən keçməlidir”

 

“Kompüterlə çox təmasda olan şəxslər özlərinə göz qırpma kimi vərdişləri təlqin etməlidirlər”

 

“Şəkər xəstələrinin vaxtında göz həkimlərinə müraciət etmələri üçün təbliğata böyük ehtiyac var”

 

“Gözdəki ciddi problemlər bəzən bir qızartı şikayəti ilə başlayır. Təbii ki, bu halda “adi qızartıdır”, deyib keçmək olmaz, mütləq həkimə müraciət olunması lazımdır”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında qonaq olan Mərkəzi Neftçilər Xəstəxanasının Göz Mərkəzinin müdiri, oftalmologiya uzmanı Elşən İbrahimov deyib.

 

E. İbrahimov deyib ki, bəzən gözdə qızarma, quruluq, yanma hissini həkim məsləhəti olmadan göz damcısı ilə aradan qaldırmağa çalışanlar olur: “Bu, düzgün yanaşma deyil.

Əhəmiyyət verilməzsə, bu hal çox ciddi fəsadlara yol aça bilər”.

 

Gözdə qızarma, yanma hissinin daha çox kompüterlə çox təmasda olan insanlarda qeydə alındığını deyən oftalmoloq əslində bu problemi kompüterdən çıxan şüaların yaratmadığını deyib: “Kompüterin şüaları gözlər üçün o qədər də ziyanlı deyil. Kompüterlə işləyəndə və digər göz diqqəti tələb edilən işlərdə gözün qırpma sayı azalır. Gözdə buynuz qişasının üzərində olan film təbəqəsi deyilən bir təbəqə var, bu təbəqə gözü nəm saxlayır. Qırpma azaldığı üçün orada buxarlanma yaranır, bu isə gözdə yanma, qızarma hallarına gətirir. Bunun qarşısını almaq üçün süni göz damcılarından istifadə etmək olar.

 

Amma bəzən ağır bir xəstəlik də bu əlamətlərlə başlayır. O səbəbdən yaxşı olar ki, həkimə müraciət edilsin, həkim məsləhəti ilə addım atılsın”.

 

Mütəxəssis onu da deyib ki, kompüterlə çox təmasda olan şəxslər aradabir özlərinə göz qırpma kimi vərdişləri təlqin etməlidirlər: “Aradabir yorğunluq hiss edəndə gözləri yumub istirahət də etmək olar. Gözləri uzaq məsafəyə dikib baxmaq da yorğun gözlərin dincəlməsinə şərait yaradır”.

 

E. İbrahimov şəkər xəstəliyinin gözdə yaratdığı problemdən danışarkən deyib ki, şəkərli xəstələrin vaxtında göz həkimlərinə müraciət etmələri üçün təbliğata böyük ehtiyac var:

“Uzun illərdir şəkərdən əziyyət çəkən insanlar göz həkiminə müraciət etməyin lazım olduğunu bilmirlər. Endokrinoloqlar şəkərli xəstələri oftalmoloqlara 

yönəltməlidirlər. Biz belə xəstələrlə söhbət edəndə məlum olur ki, həkimləri göz həkiminə də müraciət etməyin vacib olduğunu onlara deməyiblər. Amma hər kəs bilməlidir ki, bir şəkər xəstəsi minimum 6 aydan bir göz həkiminə müraciət etməlidir. Çünki diabet göz dibi damarlarını zədələyir. Şəkər bu gün dünyada korluğun ən birinci səbəblərindən biridir. Şəkərli xəstələr bizə ən çox görmə keyfiyyətinin azalması ilə bağlı müraciət edirlər. Nə qədər tez müraciət olunsa, vaxtında tədbirlər görülsə, korluğun qarşısı alınar”.

 

E. İbrahimov gözlə bağlı hər kəsin bilməsi vacib olan məqamlardan birinin də göz təzyiqi ilə əlaqədar olduğunu vurğulayıb: “Sıralasaq bəlkə də göz təzyiqinin 10-dan çox səbəbi var. Genetik keçmə ehtimalı da var. Gözün bir sıra problemləri təzyiq yaradır. Təbii ki, bu, ciddi problemdir. Bir çox hallarda göz təzyiqinin hər hansı əlaməti olmur. Təzyiq qlaukoma krizisi ilə bağlı olanda təbii ki, şiddətli ağrılar olur. Amma təzyiqin gizli qaldığı bir çox hallar da var. Təəssüflər olsun ki, görmə keyfiyyətinin azalması çox gec bilinir. Ona görə də hər kəs 6-8 aydan bir ümumi göz müayinəsindən keçməlidir”.

 

Mütəxəssis optik və rəngli linzalardan istifadə edən şəxsləri də diqqətli olmağa çağırıb: “Buynuz qişa demək olar ki, yeganə damarsız orqandır. Oksigeni normal havadan alır. Oksigen keçiriciliyi daha normal olan linzalardan istifadə olunmalıdır. İstər optik, istərsə də rəngli linzalarla bağlı bunu demək olar. Və eyni zamanda linzaların taxılıb-çıxarılmasına ciddi yanaşmaq, gigiyenik normalara əməl etmək lazımdır. Çünki azca səhlənkarlığa yol verilsə, kontakt linzalardan ciddi infeksiyalar keçə, bu isə ciddi problemlərə yol aça bilər”.

 

 

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR