Onurğada disk yırtıqlarını fizioterapiya ilə tam müalicə etmək olurmu? - SƏNAN CƏFƏROV
“7-8, 10 gün ərzində aparılan elektroterapiya ağrını oyadıb, xəstəni yola salmaq deməkdir”
“Düz yerdə yatmaq onurğa üçün ziyanlıdır”
“Oturaq həyat tərzi fəqərələr arası disk yırtıqlarının əsas səbəblərindən biridir. Eyni zamanda ekoloji mühitin çirklənməsi, qidalanma faktoru, metobolik xəstəliklər, travmalar da disk yırtıqlarının yaranmasına səbəb olur.
Son dövrlərdə çox ciddi narahatlıq törədən disk yırtıqları geniş şəkildə yayılmaqdadır”.
Bu fikirləri APA TV-nin “Öncə sağlıq” proqramında qonaq olan Fizioterapiya və tibbi reabilitasiya uzmanı Sənan Cəfərov deyib.
Vaxtilə disk yırtıqlarına daha çox yaşlı insanlar arasında rast gəlindiyini xatırladan mütəxəssis bildirib ki, xəstəlik son zamanlar hətta yeniyetmələr arasında da yayılmağa başlayıb.
Onun sözlərinə görə, fəqərələr arası disk yırtıqlarının 65 %-i onurğanın bel-oma nahiyəsinin payına düşür: “Təxminən 31-32 faiz boyun nahiyəsində, 2-3 faizi isə döş fəqərələrinin arasında rast gəlinir. Çünki bel və boyun nahiyələri daha hərəkətlidir”.
S. Cəfərov disk yırtıqlarının ölçüsünün müalicə taktikasının seçilməsində o qədər də böyük əhəmiyyət kəsb etmədiyini vurğulayıb: “Bütün dünyada disk yırtıqlarının ölçüsü yox, xəstənin vəziyyəti əsas hesab olunur”.
Mütəxəssisin sözlərinə görə, disk yırtıqlarının 75%-ini fizioterapiya ilə müalicə etmək mümkündür: “Bəzi insanlarda elə təsəvvür var ki, fizioterapiya müalicəsi tez bir zamanda ağrını kəsmək üçündür. Amma fizioterapiyanın əsas işi ağrını tez kəsmək yox, müalicə etməkdir. Yəni bu müalicənin nəticəsi çox tez yox, bir müddət sonra hiss olunur. Ən əsası isə xəstə həkimin göstərişlərinə əməl etməzsə, fizioterapiyanın heç bir nəticəsi olmaz. Digər bir vacib məsələ xəstənin bizə nə zaman müraciət etməsidir. Təbii ki, çox gec, xəstəlik şiddətlənən mərhələdə müraciət edilirsə, problemin fizioterapiya ilə müalicəsi çətinləşir. Və istər-istəməz cərrahi metod qaçılmaz olur”.
S. Cəfərov qeyd edib ki, disk yırtıqları zamanı korsetlərdən istifadə əzələlərin zəifləməsinə və digər fəqərələrdəki yırtıqların böyüməsinə səbəb olur.
Həkim xüsusi olaraq vurğulayıb ki, hamilə qadınlar, onkoloji xəstələr və ürəyinə biostimulyator taxılmış insanlar üçün fizioterapiya əks göstəriş sayılır.
Çox zaman fizioterapevtik, daha doğrusu elektroterapevtik müalicə prosedurlarının 10-15 gün müddətinə təyin edildiyini deyən S. Cəfərov bunun doğru yanaşma olmadığını vurğulayıb: “Dünya standartlarına elektroterapiyanın müddəti 21 gündür. 7-8, 10 gün ərzində aparılan fizioterapiya problemi daha da oyadır, ağrıları artırır. Müalicəsini bu müddətdə başa çatdırmaq ağrını oyadıb, xəstəni yola salmaq deməkdir. Yalnız 20-21 gün aparılan müalicənin effektli ola bilər”.
Qonaq onu da deyib ki, ölkəmizdə disk yırtıqları olan xəstələrə daha bir səhv yanaşma var: “Deyirlər ki, bu problemi olan adamlar düz, bərk yerdə yatmalıdırlar. Əslində bu çox yanlışdır, onurğa üçün ziyanlıdır. Belə insanlar üçün ortopedik yataqlardan istifadə olunmalıdır”.
Neyrocərrah, Azərbaycan Tibb Universitetinin Neyrocərrahiyyə kafedrasının əməkdaşı Rövşən Xəlilzadə də “Öncə sağlıq” proqramına açıqlamasın deyib ki, disk yırtıqlarının ilkin dövrlərində, xəstələrdə nevroloji itkilərin az olduğu, yaxud heç olmadığı, ağrının üstünlük təşkil etdiyi mərhələlərdə mütləq fizioterapiya və dərman müalicəsi tətbiq olunmalıdır: “Cərrahiyyədən sui-istifadə eləmək olmaz. Birmənalı olaraq, xəstənin durumu, onun klinik əlamətlərinin kəskinliyi, ifadəlilik dərəcəsi birinci meyar olmalıdır. Yırtığın ölçüsü müalicə taktikasının seçilməsində ən sonda dayanan meyardır”.