Dərmanlar da hepatit yarada bilər?

 

 

Hepatitlərin müayinə və müalicəsində yol verilən yanlışlar nələrə yol açır?

 

“Bəzi dərmanların qəbulu nəticəsində də hepatitlər yaranır. Bir çoxları vitamin terapiyanı çox sevirlər. Amma bir vitaminin əskikliyi isbatlanmadan onun əlavə qəbul olunması doğru deyil. Əgər bir xəstənin ağızdan qidalanması mümkündürsə, onun qan, maye  itkisi yoxdursa o zaman dərmanlardan sui-istifadə etmək doğru deyil. Dərmanlardan çox istifadə ciddi dərman hepatitinə gətirib çıxarır”.

 

Bu fikriləri APA TV-nin “Öncə sağlıq” proqramında qonaq olan Respublika Diaqnostika Mərkəzinin əməkdaşı, hepatoloq-qastroenteroloq Arzu Yusifova bildirib.

 

Onun sözlərinə görə, vərəm əleyhinə dərmanların, vitaminlərdən isə A vitamininin hepatit yaratma faizi yüksəkdir, qurd əleyhinə dərmanların çox qəbulu da qaraciyərdə problemlərin yaranmasına səbəb olur: “Qurd tapılmadan bu dərmanların qəbulu doğru deyil. Çox təəssüf ki, bir sıra hallarda hər nəcis analizində qurd “aşkarlanır”. Çox zaman isə uşaqlar üçün bu edilir. Təbii ki, qurd varsa, orqanizmdən kənarlaşdırılmalıdır. Amma normal dozada verilsə, miqdar aşılmasa, dərman qaraciyərə toksiki təsir göstərməz, eyni zamanda hepatit də yaratmaz.

 

Hər birimiz qrip zamanı parasitamoldan istifadə edirik. Amerikada parasitamol toksik hepatit səbəbi sayılır. Yaddan çıxarmaq olmaz ki, parasitamol dozadan asılı olaraq qaraciyər patologiyası yarada bilir. Yəni parasitamolu müəyyən doza çərçivəsində rahat-rahat xəstəyə verə bilirik. Amma nəzərə almaq lazımdır ki, bu dərman gündə 3 tabletdən artıq qəbul olunsa, toksiki təsir göstərir”.

 

A. Yusifova təəssüflə qeyd edib ki, bir sıra hallarda hepatitlərlə bağlı düzgün diaqnoz qoyulmadan lazımsız yerə çoxlu sayda dərmanlar təyin olunur: “Ona görə də xəstələr lazımsız yerə çoxlu sayda dərman qəbul etmiş olurlar. Viruslu hepatitlərə də ölkəmizdə yanaşma çox fərqlidir. Əksər hallarda viruslu hepatiti olan xəstələrə çoxlu sayda qaraciyər qoruyucu dərmanlar yazılır. Mən hər zaman xəstələrə obrazlı şəkildə deyirəm ki, kənarda bir virus dayanıb, sizin qaraciyərinizə güllə atır, qaraciyər qoruyucu dərmandan istifadə isə onun qarşısına tül pərdə çəkməkdir. Bu zaman həmin dərman qoruyucu təsir göstərər bilərmi? Yenə də obrazlı şəkildə deyək, virusun əl-qolunu bağlamaq üçün ona qarşı spesifik dərman veriləndə qaraciyər qısa zamanda özü-özünü regenerasiya etmiş olacaq”.

 

A. Yusifova onu da vurğulayıb ki, çox zaman Hepatit A virusuna qarşı müalicə tətbiq etmək lazım olmur: “Xəstə sadəcə, dincəlməlidir. Qidalanmaq üçün iştahası yoxdursa, damardan qidalandırmaq olar. İştahası varsa, heç buna da ehtiyac yoxdur. Hepatit A-nın peyvəndi də var. Yoluxmaq istəməyənlər peyvənd oluna bilərlər”.

 

“Öncə sağlıq” proqramında qonaq olan hepatologiya-qastroenterologiya uzmanı Aqil Ağakişiyev də deyib ki, ən çox rast gəlinən hepatitlərdən biri də toksiki hepatitlərdir: “Bu  əsasən hər hansı dərmanın, maddənin təsirindən yaranan hepatitlərdir. Metal tərkibli dərmanlar da hepatit yaratma qabiliyyətinə malikdirlər. Onlar qaraciyərə toksik təsir göstərirlər. Eyni zamanda hormonal dərmanlar da hepatit yaratmaq qabiliyyətinə malikdir. Ona görə də hormonla terapiya zamanı qaraciyər göstəriciləri mütləq nəzərə alınmalıdır. Bu dərmanlardan uzun müddət istifadəsi qaraciyərdə hepatit əmələ gətirməklə yanaşı, qaraciyər damarlarında tromb da əmələ gətirə bilir”.

 

Mütəxəssis, Azərbaycanda viruslu hepatitlərin diaqnostikası ilə bağlı müəyyən problemlər olduğunu da açıqlayıb: “Məsələn, Hepatit B ilə bağlı antigenlər, virus yükü və qaraciyərin nə dərəcədə zədələnməsi düzgün dəyərləndirilmir.

 

Bəzən virusun yükü az, inaktiv -1 vəziyyətində olduğu halda ciddi müalicələrin aparıldığının şahidi oluruq. Qan analizlərinin düzgün dəyərləndirilməməsi hallarına rast gəlinir.

 

Eyni zamanda müalicə taktikasının seçilməsində də çox ciddi problemlər var. Bəzən hətta qan yumaq, plazmofarezlə hepatitin müalicə olunmasının şahidi oluruq”.

 

Hepatitlərdən qorumasının ən yaxşı yolunun peyvəndlər olduğunu deyən A. Ağakişiyev  

Hepatit B peyvəndinin həm də Hepatit D-dən qoruduğunu açıqlayıb: “Risk qrupuna daxil olan insanların hamısı yaxşı olar ki, Hepatit B peyvəndi olunsunlar.

 

Çox təəssüflər olsun ki, Hepatiri C-nin peyvəndi yoxdur. İnşallah, bunun da peyvəndi yaxın zamanlarda tapılar”.

 

Mütəxəssis onu da vurğulayıb ki, xroniki hepatitlər çox zaman əlamətsiz gedişata malik olurlar və müəyyən hallarda zəif əlamətlər verə bilirlər: “Əksər hallarda bizə kəskin əlamətlər ortaya çıxanda müraciət olunur. Bəzən isə həkimə sirroz və xərçəng əlamətləri ilə gəlirlər”.

 

 

 

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR