Yüksək təzyiq nə zaman ölümə səbəb ola bilər?
Abbasəli Abbasəliyev: “5-10 kiloqram artıq çəkidən azad olmaq təzyiqin 10 vahid azalmasına səbəb olur”
“Hipertoniya ən geniş yayılan xəstəliklərdən biridir. Yaş artdıqca təzyiqin rast gəlinmə ehtimalı daha da artır. Yaşlı insan qrupunda hər 100 insandan 60-70-də təzyiqin yüksək olduğu görünülür. Amma ümumilikdə əhalinin 10-20 faizində hipertoniya xəstəliyi var.
Son illərdə gənc insanlar arasında bu problemlə bağlı daha çox sıxlıq müşahidə olunur. Hipertoniya xəstəliyinə rast gəlmə halları artmaqda davam edir”.
Bu fikirləri APA TV-nin “Öncə sağlıq” proqramında qonaq olan Mərkəzi Neftçilər Xəstəxanasının İntervension-kardiologiya bölməsinin müdiri, tibb elmləri namizədi Abbasəli Abbasəliyev deyib.
Mütəxəssis hipertoniyanın tək bir səbəblə bağlı olan xəstəlik olmadığını, bir çox faktorlar nəticəsində yarandığını açıqlayıb. Onun sözlərinə görə, hipertoniya xəstələrinin 90 %-də xəstəliyin səbəbi genetik meyllilikdir: “Əsas səbəbi genetik uyğunluq təşkil edir.
Siqaret çəkən hər insanda, stresslə yaşayan hər kəsdə hipertoniya yaranacaq deyilən bir yanaşma yoxdur. Ancaq genetik uyğunluq olan insanlarda uyğun bir şərait yarandığı zaman meyllilik ortaya çıxır. Belə olanda çox erkən yaşlarda hipertoniyanın əmələ gəlməsinin şahidi oluruq. Çox zaman hipertoniyanın yaranmasının konkret bir səbəbi bəlli olmaz. Amma insanın özünün orqanizmi ilə bağlı olan və ətraf faktorlar - qidalanma, həyat tərzi, iş stressi üst-üstə gələndə problem yaranır.
Əgər valideynlərdə hipertoniya xəstəsi varsa, sonrakı nəsil üçün də genetik meyllilik yaranır”.
A. Abbasəliyev bildirib ki, ona görə də risk qrupuna daxil olan şəxslər zamanında ən azından zərərli bilinən faktorlardan uzaqlaşmağa çalışmalıdır: “Belə olsa, problemin daha gec ortaya çıxmasına şərait yaratmaq olar. Ümumiyyətlə, bütün gənclərin mümkün qədər riskli faktorlardan uzaq olmaları vacibdir”.
Kardioloq onu da deyib ki, hipertoniya heç də hər zaman özünü konkret əlamətlərlə göstərmir: “Kaş ki, bütün hipertoniya xəstələrində əlamətlər olsun. Təəssüflər olsun ki, hipertoniya üçün xarakterik sayılan əlamətlər çox zaman özünü büruzə vermir.
Əlamətləri hipertoniya xəstələrinin sadəcə, 30-40 faizində görmək mümkündür.
Böyük bir qisim xəstələrdə isə heç bir şikayət olmur. Təzyiqi yüksək olan xəstə özünü tamamilə normal hiss edər. Təsadüfən qan təzyiqi ölçülən zaman təzyiqin yüksək olduğu ortaya çıxar. Çox zaman da xəstələr özlərini sakitləşdirmək üçün “mən yəqin ki, bu gün əsəbiləşmişdim, həkimi gördüm həyəcanlandım” şəklində izah etməyə çalışırlar. Yəni hər kəs asanlıqla hipertoniya xəstəsi olduğunu qəbul etmək istəmir”.
Mütəxəssis qeyd edib ki, hipertoniya xəstələrində ölüm halı digər orqanlarda yaranan fəsadlar üzündən baş verir.
O, hipertoniyadan əziyyət çəkənlərə bir gündə 2 qramdan artıq duz qəbul etməməyi, tövsiyə edib. Onu da bildirib ki, 5-10 kiloqram artıq çəkidən azad olmaq təzyiqin 10 vahid azalmasına səbəb olur.