Ürək damarlarının tıxanıqlığı hansı hallarda əməliyyat olunmalıdır?
Kardiocərrah, uzman doktor Anar Əmrah: “Siqareti atmağa hər bir insanın iradəsi çatar”
“Aktiv hərəkət zamanı təngnəfəslik ürək-damar problemindən qaynaqlana bilər”
“Exokardioqrafiya müayinəsi ürək damarları barədə ətraflı məlumat vermir”
“Ürək-damar probleminin heç bir əlamət vermədiyi, xəstəliyin təsadüfən aşkar edildiyi hallar da var”
“Dünyada, o cümlədən Azərbaycanda ölümlərin və əlilliyin əsas səbəbi kimi ürək problemləri göstərilir. Təəssüflər olsun ki, ürək-damar xəstəliklərindən tam qorunmaq mümkün deyil”.
Bu fikirləri APA TV-nin “Öncə sağlıq” proqramında qonaq olan Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının Ürək-damar şöbəsinin rəisi, uzman doktor Anar Əmrah deyib.
Kardiocərrahın sözlərinə görə, ürək-damar problemlərini yaradan səbəbləri bir sıra hallarda aradan qaldırmaq mümkündür: “Elə səbəblər var ki, biz onları dəyişdirə bilirik. Genetik faktorları isə dəyişdirmək mümkün deyil. Amma genetik faktorların da daha gec ortaya çıxmasına şərait var. Biz müəyyən qaydalara əməl etsək, bu problemlərlə daha gec rastlaşa, bəlkə də heç rastlaşmaya bilərik. İstənilən halda genetik problemi olan insanlar digərlərindən daha artıq diqqətli olmalıdırlar. Xəstəliyin profilaktikası, sağlam həyat tərzi keçirmək çox önəmlidir. Zərərli vərdişlərdən uzaq durmaq lazımdır.
Ürək-damar problemlərinin yaranmasında ən əsas amillərdən biri siqaret faktorudur. Təəssüflər olsun ki, siqaretin nə kimi ziyanlarının olması barədə ölkəmizdə yetərincə təbliğat aparılmır. Siqareti atmağa hər bir insanın iradəsi çatar. Bəzi insanlar deyirlər ki, buna mənim iradəm çatmır. Bu, yanlışdır. Beyini bu ana hazırlamaq lazımdır, sadəcə. Özəlliklə də səhər tezdən oyanan kimi ilk olaraq çəkilən siqaretdən imtina, gün ərzində çəkilən siqaretləri azaltmaq çox vacibdir. Belə olanda sonra tədricən siqaretdən imtina etmək asan olar”.
Mütəxəssis vurğulayıb ki, spirtli içkilərin də kardiotoksik təsirinin olduğu şübhəsizdir: “Çox təəssüflər olsun ki, insanlarımız, bəzi hallarda isə həkimlərimiz deyirlər ki, çox kiçik dozada qəbul edilən alkoqolun ziyanı yoxdur və xəstələrə kiçik dozada alkoqol qəbul etməyi məsləhət bilirlər. Birmənalı şəkildə demək olar ki, bu, mübahisəyə belə açıq olan məsələ deyil. Alkoqolun toksik, kardiotoksik təsiri var. Spirtin çəkildiyi meyvələrin orqanizm üçün faydalı təsirləri var, insanlarımız alkoqol qəbul etməkdənsə, həmin meyvələrdən istifadə etsinlər”.
Ürək-damar problemlərinin yaranmasında qanda xolesterinin miqdarının da əsas faktorlardan biri olduğunu deyən Anar Əmrah qeyd edib ki, bu məsələ də daim diqqət mərkəzində saxlanmalıdır: “Qəbul etdiyimiz qidalarda xolesterinin miqdarına nəzarət olunduqda atereoskleroz probleminin yaranmasının qarşısını almaq mümkün olur. Onsuz da Qafqazda yaşayan xalqlarda qanda xolesterinin səviyyəsi yüksək olur. Ona görə də qida qəbul edən zaman bu faktoru nəzərə almaq lazımdır. Yaxşı olar ki, vətəndaşlarımız ildə bir dəfə qanda lipid panelini, xolesterinin miqdarını yoxlatdırsınlar. Bir çox hallarda insanların heç bundan xəbərləri olmur. İnfarkt keçirib gələndə biz müayinə edirik, məlum olur ki, qanda xolesterinin miqdarı çox yüksəkdir. Həmin insan dörd-beş il belə yaşayandan, ürək damarları sıradan çıxandan sonra infarkt keçirir. Çox acınacaqlı bir durumdur. Və bu, həm də insanlarımızın az maarifləndirilməsinin nəticəsidir.
Qanda lipid panelinin müayinəsi olduqca əhəmiyyətlidir. Çox böyük vəsait və vaxt da tələb olunmur. Bu analizlərin nəticələrinə əsasən ciddi bir ürək-damar problemi yaşayıb-yaşamayacağımızı müəyyən etmək olar. Nəticələrə görə lazım gəlsə, pəhriz saxlanır, lazım gəlsə, dərman müalicəsinə başlanır. Bu, önləyə biləcəyimiz faktorların ən başlıcasıdır”.
Anar Əmrah, ürək problemlərinin vaxtında aşkarlanması zərurəti barədə də danışıb: “Hamiləliyin 22-25-ci həftəsində dünyaya gələcək uşaqda ürək probleminin olub-olmadığını çox dəqiqliklə müəyyənləşdirmək mümkündür. Bizim mərkəz də daxil olmaqla bir sıra ürək-damar mərkəzlərində fetal-exokardioqram müayinəsi aparmaqla bunu müəyyənləşdirmək mümkündür. Çox asan, 20 dəqiqəlik bir proseduradır. Əgər bir problem varsa, həmin uşağın xüsusi bir ixtisaslaşmış mərkəzdə dünyaya gəlməsi vacibdir. Elə problemlər var ki, kiçik yaşda bir dəfə əməliyyat olunur və insan ömür boyu problemsiz həyat yaşayır. Sadəcə, kiçik bir kəsik izi qalır və cəmiyyətə tam sağlam insan kimi qovuşur. Çox təəssüflər olsun ki, problem kiçik yaşlarda aşkarlanmadıqda sonradan problemi müəyyən etmək bəzən çətin olur”.
Kardicərrah deyib ki, ürək damarlarının tıxanıq olub-olmadığını müəyyən etmək üçün günümüzdə üç müayinə metodu var: “İlk müayinə üsulu ”Tredmil testi” yaxud da “eforlu kardioqram” adlandırdığımız müayinə bizə orta hesabla 75 faiz dəqiqliklə məlumat verir. Ürək yüklənir, qaçış hərəkətindən sonra kardioqramda ürək damarlarında hər hansı problem olub-olmadığı barədə məlumat göstərilir. Bu, o qədər də dəqiq test deyil. Amma ən azından yoxlama, aydınlaşdırma testidir. Yəni bununla bu insanda ciddi bir problem varmı-yoxmu bunu aşkar edə bilirik. Və biz az zərərli testdən invaziv testə doğru gedirik. İkinci müayinə metodu kompüter tomoqrafiyalı-anjio müayinəsi hesab olunur. Bu isə 99 faiz dəqiqliklə məlumat verir. Buna “Kompüter tomoqrafiyalı anjio” da, “Sity anjo” da deyilir. Venaya kontrast maddə vurulur, maddə ürək damarlarına keçəndə kompüter tomoqrafiyada ürək damarlarını görüntüləyirik. Bununla da ürək damarlarının içərisindəki, həm də divarındakı problemi görürük. Əgər bu müayinə zamanı bir problem aşkarlanmırsa, deməli, bu xəstənin infarkt keçirmə riski çox-çox aşağıdır.
Üçüncü müayinə üsulu isə klassik anjioqrafiyadır. Burada isə damar içərisinə girilir, ürək damarlarının görüntüsü alınır. Darlıq varmı, yoxmu, görüntülənir. Burada sadəcə, damarın içi görüntülənir. Bu üsula “Qızıl standart” da deyilir, çünki yüz faiz dəqiqliklə məlumat verir. Kompüter tomoqrafiyadan mənfi tərəfi damarın sadəcə, içini göstərməsidir. Yəni bu üsulla müayinə zamanı damarın divarı görünmür. Onu da deyim k, klassik anjoqrafiya olunan, burada damarları normal görünən xəstənin 2-3 ay sonra infarkt keçirmə ehtimalı var. Çünki biz damarın içini görürük, amma divar nə vəziyyətdədir, onu görmürük. Bir sözlə, kompleks şəkildə aparılan müayinələrlə xəstəyə daha dəqiq diaqnoz qoyub, düzgün müalicəyə başlamaq olur”.
Mütəxəssis onu da deyib ki, Exokardioqrafiya müayinəsi ürək damarları barədə ətraflı məlumat vermir: “Əgər xəstəmiz infarkt keçirməyibsə, ürəyinin gücü aşağı düşməyibsə, “Exokardioqram” müayinəsi ilə ürək damarları barədə dəqiq məlumat əldə edə bilmirik”.
“Damarların tıxanıq olmasının əsas əlamətləri nələrdir” sualına cavab olaraq A. Əmrah bunları deyib: “Əgər günlük adi bir aktiv hərəkət zamanı kiçicik bir təngnəfəslik olursa, hər hansı bir yerimizdə ağrı yaranırsa, ürək problemindən şübhələnmək olar. Biz mədə nahiyəsində olan ağrını mədə ilə, döş qəfəsində olan ağrını nevroloji problemlə əlaqələndiririk. Amma bu yanlış təsəvvürdür. Həmin ağrılar ürəklə bağlı ola bilər. Ona görə də birinci növbədə bu ağrının ürəklə bağlı olub-olmadığını aydınlaşdırmaq lazımdır. Göbək nahiyəsinin üstündəki hər hansı bir ağrı, yanma hissi, diskomfort, azacıq təngnəfəsliklə bağlı mütləq və mütləq kardioloqa müraciət edilməlidir”.
Mütəxəssis bəzən ürək-damar probleminin heç bir əlamət vermədiyini, xəstəliyin təsadüfən aşkar edildiyini deyib: “Elə hal olub ki, ürəyin üç damarında doxsan faizə yaxın darlıq aşkar etmişik, halbuki xəstənin heç bir şikayəti olmayıb. Və bunun sevindirici tərəfi budur ki, ürək heç bir zədə almadan problemi mümkündürsə stendlə, mümkün deyilsə, cərrahi üsulla aradan qaldırırıq. Bundan sonra insan demək olar ki, heç ürək xəstəsi sayılmır. Amma ən kiçik bir şikayət varsa, ağrı yaranırsa, bəzən gec qalmış sayılırıq”.
Anar Əmrahın sözlərinə görə, hər hansı şəxsin ailəsində ürək-damar problemi yaşanıbsa, mütləq 30 yaşında, hətta daha tez həkimə müraciət etməlidir: “Problem, heç bir şikayət yoxdursa, bu, 35 yaşda olmalıdır. Heç bir şikayəti olmasa belə, ildə, iki ildə bir dəfə həkimə müraciət edib ürəyi müayinə etdirsinlər”.
Mütəxəssis onu da təəssüflə deyib ki, bir sıra hallarda ürəkdə problem olmaya-olmaya ürəklə bağlı lazımsız müalicələr aparılması halları baş verir: “Bəzi xəstələr var ki, on ildir ürəklə bağlı müalicə alırlar, onlara venadan “ürək qüvvətləndirici” iynələr vururlar. Halbuki Avropa, Qərb təbabətində bütün bunlar qətiyyən məsləhət bilinmir. Məsələn, “Riboksin”, “Qlükoza”, “Vitamin C” iynələri vurulur xəstələrə. Belə halları görəndə utanıram. “Ürək qüvvətləndirici” dərmanlarla müalicəni qəbul etmirəm. Belə müalicələr alan xəstələri müayinə edəndə görürük ki, ürəkdə, damarlarında heç bir problem yoxdur, bu insan əsəb xəstəsidir. Bir az əsəbiləşəndən sonra ağrıları olur”...