Çox kiçik yaşlarda aparılan əməliyyatların uşaqlar üçün ziyanları varmı?

Uşaq cərrahiyyəsi uzmanı Fuad Hüseynov: “Elə qüsurlar var ki, onlar uşaq dünyaya gələn kimi əməliyyatla aradan qaldırılmalıdır”

 

“Adi hesab edilən əməliyyatların yerli anesteziya ilə icrası uşaqda psixoloji travma yaradır”

 

“Uşaqlarda anadangəlmə qüsurlar genetik amillər, ətraf mühitin təsiri ilə bağlı yaranır.

Üz-boyun nahiyəsindən başlayaraq bədənin bütün sahələrində, orqanlar sistemində bu kimi qüsurlara rast gəlinir”.

 

Bu fikirləri APA TV-nin “Öncə sağlıq” proqramında qonaq olan, uşaq cərrahiyyəsi uzmanı, Mərkəzi Klinik Xəstəxananın əməkdaşı Fuad Hüseynov deyib.

 

F. Hüseynov bildirib ki, ana xətti ilə qohum olan evliliklərdə anadangəlmə qüsurlu uşaqlara daha çox rast gəlinir. Bununla yanaşı, mütəxəssis, qüsurların ana bətnində inkişafın başlanğıc nöqtəsində, həm də hamiləliyin sonrakı dövründə ortaya çıxan problemlər, xarici təsirlərlə də bağlı olduğunu vurğulayıb.

 

Cərrahın sözlərinə görə, hamiləlik zamanı qəbul edilən dərmanlar da uşaqlarda qüsurların yaranmasına səbəb ola bilir: “Xırda problemlərdən tutmuş, hər hansı bir orqanının fəaliyyətinin pozulmasına, hətta olmamasına kimi fəsadlar yarana bilir”. 

 

Mütəxəssis qeyd edib ki, ən çox daxili orqanların, diafraqmanın, mədə-bağırsaq və ifrazat sisteminin, yemək borusunun patologiyalarına, xaya qüsurlarına təsadüf olunur.

 

F. Hüseynov deyib ki, elə qüsurlar var ki, onlar uşaq dünyaya gələn kimi, dərhal əməliyyat olunmalıdır: “Amma elə qüsurlar da var ki, uşağın ümumi vəziyyətinə uyğun olaraq əməliyyat təyin olunur. Məsələn, uşaqda bağırsaq, mədə keçməzliyi varsa,

uşaq vaxtında, normal doğulubsa, tez bir zamanda əməliyyata götürmək şansı var. Amma uşaq bu problemlərlə vaxtından əvvəl dünyaya gəlibsə, onu süni nəfəs aparatına bağlayaraq digər orqanların inkişafını gözləmək, planlı əməliyyat təyin etmək lazım gəlir.

Amma bəzən elə məqamlar olur ki, əməliyyatın yan təsirlərini nəzərə alaraq da uşağı təcili əməliyyata almışıq”.

 

Cərrah onu da bildirib ki, “Uşaqları erkən yaşda əməliyyat etmək olmaz”, “Kişik yaşda uşağa narkoz verilməsi sonradan fəsadlara yol açır” kimi fikirlər yanlışdır: “Müalicə üsulları, cərrahi taktika gündən-günə inkişaf edir. Onların eləcə də narkozun insanlara, uşaqlara verə biləcəyi fəsadlar getdikcə azalır. Mənim əməliyyat etdiyim 500 qramlıq, 24 həftəlik uşaq olub. Əməliyyat nəticəsində uşaqda olan problem aradan qaldırılıb.

Elə uşaqlar var ki, doğulandan xayası torbasında deyil, kənarda olur. Amma bəzi həkimlər, pediatrlar ailəyə 4 yaşa qədər gözləməyi məsləhət bilirlər. Əgər bu xəstəlik varsa, bir yaşdan sonra mütləq əməliyyat olunmalıdır. Çünki bir yaşdan sonra xaya kisədən kənarda qaldıqca öz funksiyasını itirir”.

 

Narkozla bağlı hər hansı böyük problem olmur. Hazırda ən xırda əməliyyatlar belə, ümumi anesteziya altında aparılır. Çünki uşağın ağrı zamanı aldığı travmanın fəsadı narkozdan aldığı fəsaddan qat-qat çoxdur. Uşaq ömür boyu həmin ağrının təsiri altına qalır, psixoloji travma ilə böyüyür. Adi hesab edilən sünnətin də yerli anesteziya ilə icrası uşaqda psixoloji travma yaradır. Uşağın narkoz alması yaşından asılı olan məslə deyil. Bəlli bir zamandan sonra narkozun bədənə təsiri də itir və bunun uşağa ziyanı ola bilməz.

 

Bu gün insanlar arasında “uşaq əməliyyatdan sonra narkozu qusdu” kimi yanlış bir düşüncə var. Halbuki belə bir hal yoxdur. Narkoz qusulacaq bir şey deyil ki. Narkoz mədədə olan maye, deyil ki, insan bunu qussun. Narkoz verilən dərmanların ümumi adıdır. Qusuntuya gəlincə, hər bir narkoz veriləndən sonra bədəndə boşalma yaranır, əzələlər yumşalandan sonra müdaxilə olunur. Təbii ki, mədə-bağırsaq hərəkətlərində də azalma müşahidə edilir. Qusma, hərəkətin azalması sayəsində baş verə bilir. Ona görə də əməliyyatdan sonra biz valideynlərə uşağa bəlli bir zamandan yemək yedizdirməyi məsləhət görürük”.

  

Bəzən insanların əməliyyatla bağlı öncədən zəmanət istəməsi hallarının da olduğunu deyən F. Hüseynov "Heç bir həkim 100 faiz zəmanətlə əməliyyata girə bilməz. Əgər qüsurlu uşağın 1 faiz də olsa, yaşamaq şansı varsa, risk edib ona bu haqqı vermək lazımdir", - deyə bildirib.

 

Mütəxəssis onu da vurğulayıb ki, anadangəlmə qüsurları uşaq ana bətnində olarkən aşkarlamaq mümkündür. Çünki, yetərincə təcrübəyə malik olan ginekoloq ultrasəs müayinəsi zamanı döldə mövcud olan patologiyaları görə bilir: “Bəlli həftələrdən sonra qüsurları görmək mümkündür. Bir sıra patologiyaları yüz faiz dəqiqliklə görmək olur. Təbii ki, həftəsindən asılı olaraq. Savadlı, təcrübəli ginekoloqdursa, bu patologiyaların yarısını görməlidir. Amma bəzən bizə elə ailələr müraciət edirlər ki, uşaq anadangəlmə qüsurla doğulur, nə hamiləlik, nə də doğuşdan sonra bu problemlərin olduğu görülüb”.

 

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR