Prostat vəzi adenoması hansı halda dərmanla, hansı halda cərrahi yolla müalicə edilməlidir?

Urologiya uzmanı Asif Cahangirov:  “Prostat vəzin adenoması böyrək çatışmazlığına da səbəb olur”

 

“İllərdir şikayətləri olan insanlar var, amma bunu normal sayıb, həkimə getmirlər”

 

“Xəstələrin həkimə gec müraciət etməsi çox vaxt əməliyyatdan başqa çıxış yolu qoymur”

 

"Prostat vəzinin adenoması vəzin xoşxassəli böyüməsidir. Böyümə çox zaman əlli yaşdan sonra başlayır. 40 yaşdan sonra bunun əlamətləri olur. Amma əsas simptomlar əlli yaşdan sonra görünür. Prostat böyüdükcə sidik kisəsini sıxır və problemlər özünü büruzə verir”.

 

Bu fikirləri APA TV-nin “Öncə sağlıq” proqramında qonaq olan urologiya uzmanı, Mərkəzi Neftçilər Xəstəxanasının Urologiya şöbəsinin müdiri, operator doktor Asif Cahangirov deyib.

 

Mütəxəssis deyib ki, prostat vəzinin adenomasının niyə yarandığı, vəzin konkret olaraq hansı səbəbdən böyüdüyü tibbə tam məlum deyil: “Bununla bağlı bir çox nəzəriyyələr var. Amma biz həkimlərin üzərinə düşən vəzifə problemi vaxtında aşkarlamaq və xəstələri zamanında, fəsad vermədən müalicə etməkdir".

 

Asif Cahangirov, gənc yaşlarda sağlamlığa diqqət yetirməmək nəticəsində gələcəkdə bu kimi problemlərin ortaya çıxmasına səbəb olduğunu da vurğulayıb. Onun sözlərinə görə, problemin vaxtında aşkarlanmaması prostat vəzinin xərçənginə də səbəb ola bilir: “Avropada, Amerikada belə qəbul olunub ki, əgər ailədə prostat vəzin problemi olubsa, o zaman hər bir şəxs 45 yaşda mütləq bununla bağlı müayinələrdən keçməlidir. Yoxdursa, 50 yaşı tamam olan kişilər şikayətləri olmasa belə, həkimə müraciət etməlidirlər. Hətta gənc yaşda problem olanda da mütləq həkimə müraciət olunmalıdır. Bəzən isə şikayətlər olmasa belə, müayinələr zamanı problemlər aşkarlanır”.

 

Uroloq təəssüflə qeyd edib ki, xəstələr ancaq şikayət olan zaman həkimə müraciət edir: “Təsadüfən müraciət edəndə prostat vəzində problemlərin olduğu üzə çıxır.

Ən çox insanları həkimə gətirən səbəb gecə tez-tez sidiyə getmə halları olur. Həmçinin sidiyə gün ərində tam gedə bilməmək, gün ərzində damcı-damcı getmək, göynəmə hissi də olur. Sidik zamanı qan getmə halları da baş verir. Amma elə insanlar da var ki, illərdir ki, şikayətləri var, amma xəstə bunu normal sayır, həkimə getmir. Belə əlamətlər olanda mütləq həkimə müraciət edilməlidir”.

 

A. Cahangirov bəzi hallarda prostat vəzin böyüməsinin böyrək çatışmazlığına da səbəb olduğunu vurğulayıb: “Xəstələrdə ürək bulanma, qusma olur. Xəstə sidiyə gedə bilmir, sidik yığılır qalır, nəticədə daş əmələ gələ, infeksiya, qanama yarana bilər.

Yığılan sidik böyrəyə qayıdır və bu zaman böyrək çatışmazlığı yaranır. Bəzi xəstələrdə belə hal şikayətlər başlanandan 6 ay, 1 il sonra yaranır”.

 

Cərrah qeyd edib ki, prostatın böyük olduğu , amma əlamətlərinin olmadığı hallar da var: “Bəzən xəstələr belə olanda gəlib deyirlər ki, məni əməliyyat edin. Halbuki müalicəyə ehtiyac olmur. Biz sadəcə, xəstəni izləyirik. Xəstəyə deyirik ki, 3 ayda, 6 ayda, ən geci ildə bir dəfə müayinədən keçin. Bəzən isə xəstələrin həkimə gec müraciət etməsi çox vaxt əməliyyatdan başqa çıxış yolu qoymur. Amma cərrahiyyə əməliyyatı üçün kəskin göstərişlər olmalıdır. Dərman müalicəsinin nəticəsi olmasa, cərrahiyyə qaçılmaz sayılır. Əməliyyat üçün göstərişlər olmalıdır. Belə göstərişlər sidik kisəsində daşın olması, qanaxmanın, infeksiyanın yaranması, böyrək çatışmazlığının olmasıdır”.

 

Uroloq onu da deyib ki, digər mütəxəssislərin, ümumi cərrahların prostat əməliyyatı etməsi düzgün deyil: “Vaxtilə urologiyanın inkişaf etmədiyi illərdə belə hallar ola bilərdi. Amma indiki zamanda ümumi cərrahların bu əməliyyatları aparması doğru deyil. Urologiya kafedraları, urologiya institutları var, ölkəmizdə çoxsaylı uroloqlar var. Xəstə istənilən halda uroloqa müraciət etməlidir. Ümumi cərrahın, əlinə bıçaq alan hər həkimin bu işə qarışması, həmin şəxsin professionallığını şübhə altına alır”.

 

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR