Həsən Məmmədov:"Sevişmə səhnəsinə çəkilməkdən imtina edən aktyor"

 
"Düşünəndə ki, bu qədər rollar yaratmışam, həmişə başqalarının həyatını oynamışam, özümə sual vermişəm, bəs, əslində mən kiməm? Cavabım bu olub ki, mən aktyoram, doğma xalqıma xidmət edən aktyor."

1938-cil noyabr ayının 22-də Salyanda doğulan Həsən Məmmədov hələ uşaqlığında kəndə gələn teatr qruplarının tamaşalarına gedər, onlara həsəd aparardı. Beləcə, böyüyəndə aktyor olmağı qarşısına məqsəd qoymuşdu.
 
Ancaq məktəbi bitirən Həsən valideyninin təkidi ilə sənədlərini fizika-riyaziyyat fakültəsinə verir. İkinci kursa çatanda o, anlayır ki, ürəyindəki aktyor olmaq arzusunu heç cür çıxaraıb ata bilmir. Ona görə öz seçimini edir. Təhsilini yarımçıq qoyur və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edir. Nəhayət, 1958-ci ildə sənədlərini Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstituna verib Dram və kino atyorluğu sinfinə qəbul olunur. Həsəni digər yoldaşlarından fərqləndirən onun çox sakit, qaradinməz olması idi. Onda demək olar ki, aktyor çılğınlığı, fəallığı hiss olunmurdu. Hətta qrupda demək olar, heç kəs onunla dostluq etmirdi. Nəhayət, 1-ci kursun sonu, imatahan ərəfəsində bütün tələbələrə etüd tapşırılır. Təbii ki, bu, imtahandan keçmək üçün həlledici məqam idi. Heç kəsin gözləmədiyi anda Həsən Məmmədov "Saxta sikkə" Amerika filmindəki kor fırıldaqçının etüdünü seçir. Onun çıxışı o qədər dəqiq və peşəkar alınır ki, təkcə qrup yoldaşları deyil, müəllimlərini də çox təəccübləndirir. Beləcə, müəllimlərin sevimli tələbəsinə, qrup yoldaşlarının isə sevimli dostuna çevrilir Həsən. 
 
Aydın səsi və səlis diksiyası ilə diqqət çəkən Həsən Məmmədovu 1960-cı ildə radioya diktor kimi dəvət edirlər. Beləliklə, hələ ikinci kurs tələbəsi olmağına baxmayaraq artıq adını tanıtmağa başlayır. Mehdi Məmmədovun kursunda təhsil alan aktyor 1962-ci ildə universiteti bitirən kimi təyinatla Akademik Milli Dram Teatrına göndərilir. Lakin bu uğurundan əvvəl ilk nailiyyətini elə həmin ildə çəkilən "Böyük dayaq" filmində canlandırdığı Qaraş obrazı ilə qazanmışdı. 
 
Bu filmdən sonra artıq hər kəs gənc və yaraşıqlı aktyordan danışırdı. Hətta ilk təhsilini yarımıçıq qoyanda oğlunu danışdırmayan atası da Həsənin bu uğuru ilə inciliklərini unudur və oğluna xeyir dua verir. Həsən Məmmədov isə böyük aktyorlarla birgə işlədiyinə görə fəxr etdiyini həyəcanla dilə gətirir.
"Elə bil nağıllar aləminə düşmüşdüm. Nə vaxtsa üzlərini heç olmasa bircə dəfə görməyi arzuladığım böyük sənətkarlar - Ələsgər Ələkbərov, Əli Qurbanov, İsmayıl Dağıstanlı, Məmmədrza Şeyxzamanov kimi korifeylərlə filmə çəkilmək üçüncü kurs tələbəsinin yalnız yuxusuna girə bilərdi. Amma köməyimə çatan da elə onlar oldular."
 
Dram teatra gəlişi də onun həyatında yeni səhifə açdı. Aktyor burada tanınmış rejissorlar Tofiq Kazımovun, Mehdi Məmmədovun quruluş veridyi tamaşalarda bir-bir-birindən maraqlı rollar yaratdı. Xüsusən xarici görməkinə, səs tembrinə, xasiyyətinə uyğun dramatik obrazları canlandıran Həsən Məmmədov hər çıxışında istedadını daha da peşəkarlıqla sərgiləyə bilirdi. 
 
Əlbəttə ki, onun sənət uğurları, istedadı, aktyor fəndləri rejissorların diqqətini çəkirdi. Həsən Məmmədovu filmlərində görəmək istəyən nə qədər məşhur rejisorlar vardı. 1964-cü ildə rejissor Tofiq Tağızadə aktyoru çəkdiyi Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasında tacir Əsgər roluna dəvət edir. Təbii ki, obrazın mükəmməlliyi, səmimiliyi aktyora və heyətə böyük uğur qazandırır. 
 
Həsən Məmmədov həm də xarakteri, təvazökarlığı ilə ətrafındakılara nümunə olan bir aktyor idi. Böyük şöhrəti və istedadına baxmayaraq heç kim onun dilindən bir dəfə də olsun “mənim yaratdığım obraz” ifadəsini eşitməmişdi. O, həm də ailəsini sevən, məsuliyyətli ər və qayğıkeş ata olub. Kinostudiyanın yaxınlığında kirayə qaldığı həyətdə Lətifə adlı tələbə qıza vurulan Həsənin bu sevgisi qarşılıqsız olmur. Əlbəttə ki, artıq tanınan, görkəmi, təmkinli xarakteri ilə bir çox gənc qızların arzuladığı kişi olan Həsəni sevməmək olmazdı. Bir neçə müddətdən sonra gənclər ailə qurur. Çox keçmir ki, onlara kinostudiyanın həyətində tikilən yeni binalarda ev verilir. Ailədə bir qız və bir oğlan övladı doğulur.
 
1970-ci ildə rejissor Tofiq Tağızadə Səməd Vurğunun "Komsomol" poemasının motivləri əsasında çəkdiyi "Yeddi oğul istərəm" filmində Bəxtiyar obrazına Həsən Məmmədovu dəvət edir. Film böyük səs-küy yaradır, hər kəs bütün aktyorların oyunundan ağızdolusu danışmağa başlayırlar. Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 50 illiyinə ithaf olunmuş bu filmdə məhdudiyyətlərə baxmayaraq mili adətlər və Novruz bayramının atributları peşəkarlıqla verilmişdi.
 
1971-ci ildə Həsən Məmmədov yenidən lirik qəhrəman obrazında görünür. Rejissor Arif Babayevin Anarın "Gürcü familiyası" hekayəsi əsasında çəkdiyi "Gün keçdi" filmi ölkədə böyük maraqla qarşılanır. Həsən Məmmədov ssenarini oxuyanda açıq səhnələrlə bağlı narazılığını bildirir. Əslində Oqtay Əsməri öz evinə dəvət etdiyi səhnədə sevişmə kadrları olmalı idi. Rejissordan tələb edir ki, əgər o səhnələr çıxarılmasa filmdə oynamaqdan imtina edəcək. 
Uğurları günün gündən artan aktyor 1971-ci il 18 noyabrda Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür. Həm də bu illər ərzində yaradıcılığının əsasən kino ilə bağlı olmasına görə Həsən Məmmədovun işini dəyişərək 1972-ci ildə teatrdan kinostudiyaya keçirirlər. Təxminən bu illərdən sonra onun yaradıcılığında müxtəlif səpkili obrazlar görürük. "Axırıncı aşırım" filmində canlandırdığı Abbasqulu bəy Şadlinski obrazlı əvvəlki lirik qəhrəman obrazlarının tam əksi idi. 
 
"Bir cənub şəhərində" yaratdığı Murad da aktyorun fərqli xarakterik rolları silsiləsinə aiddir. Bu illər ərzində demək olar ki, bir-birinin ardınca qəhrəmanlıq motivli filmlərdə görünən Həsən Məmmədov artıq tamaşaçıların sevimli aktyoruna çevrilmişdi. 1975-ci ildə xalqımızın tarixi "Dədə Qorqud" dastanı haqqında filmdə Dədə Qorqud obrazı məhz Həsən Məmmədova həvalə olunur. 
 
Müxtəlif illərdə oynadığı rollarına görə saysız hesabsız dövlət mükafatları alan aktyor 1982-ci il dekabrın 1 də xalq artisti fəxri adına layiq görülür. Lakin bu neçə illər ərzində dayanmadan gərgin işləməsi, üstəlik böyük bir ailənin kiçik mənzildə yaşaması və bununla bağlı aktyorun heç kəsə ağız açmaması, nüfuzundan istifadə etməməsi, hər şeyi ürəyinə salması səhhətinə öz mənfi təsirini göstərirdi. Ürəyində keçirilən əməliyyatdan sonra günlərin birində aktyor dözməyərək yaxın dostuna gileylənir. Məzuniyyət zamanı Allahın bir istirahətinə də gedə bilmirəm ki, bir az kənarda dincəlim. Doğrudan da aktyorun ürəyi istilərə tab gətirmir, 2003-cü ilin qızmar avqustunda, ayın 26-sı bütün dərdlərini özü ilə birgə əbədiyyətə aparır. O, artıq ömürlük istirahətə hazır idi. Həsən Məmmədov II Fəxri xiyabanda dəfn olunur. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR