Mustafa Kamal Atatürk

Onunla nəinki Türkiyə, hətta bütün türk dünyası fəxr edir. Sərt baxışlı bu adam özünün dərk edəndən yalnız bir məqsəd uğrunda savaşdı. Böyük və güclü türk dövləti quracaq, ədalət və demokratiyanın bərqərar olduğu bir ölkəni idarə edəcək. Əlbəttə ki, o, məqsədlərini həyata keçirəcək qədər güclü şəxsiyyətə malik idi və bacardı. 29 oktyabr 1923-cü ildə Mustafa Kamal Atatürk "Hakimiyyət qeyd-şərtsiz millətindir" və "Yurdda sülh, cahanda sülh" ideologiyası əsasında Türkiyə respublikası yaratdı.
 
Bəs Mustafa Kamal kim idi? Atatürk ləqəbini, türk insanlarının inamını necə qazandı? Bu sualların ətrafında günlərlə dövrə vurub, uzun-uzadı, ən əsası qürur verici tarixi səhifələri vərəqləmək olar. Göy gözlü, sarışın, azacıq da enli burunlu, xüsusən çox cəsarətli bu oğlan  1881-ci ildə Osmanlı İmperiyasına məxsus Saloniki şəhərində Əlirza bəyin və Zübeydə xanımın ailəsində doğulub. Uşaq ikən iki bacı və iki qardaşını itirən Mustafanın yalnız Makbulə adlı bacısı qalır. Uşaqlığından çalışqanlığı ilə seçilən Mustafa 1896-1899-cu illərdə indiki Makedoniya ərazisində yerləşən Manastır Hərbi məktəbini bitirərək İstanbul Hərb Məktəbinə qəbul olunur. 1902-ci ildə isə leytenant rütbəsi ilə məzun olandan sonra, Hərbi Akademiyada təhsilini davam edir. 1905-ci il yanvar ayının 11-də kapitan rütbəsi ilə Akademiyanı bitirir.  1907-ci ildə adyutant rütbəsi alır. 1909-cu il aprel ayının 19-da isə İstanbula daxil olan Hərəkat Ordusunda qərargah rəisi kimi fəaliyyətə başlayır. Beləcə, getdikcə hərbi təcrübəsi və bacarığı artan Mustafa Kamal 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzində xidmətə başlayır. 

 

Bu dövrlərdə Osmanlı imperiyası iqtisadi cəhətdən zəifləməkdə idi. Buna baxmayaraq türk ordusu orta şərqin ən güclü ordusu idi. Əlbəttə ki, bu, Avropa ölkələrini narahat edirdi. Üstəlik Avropa ölkələrinin gözü məhz Osmanlı  torpaqlarına yönəlmişdi. Artıq bu torpaqları bölüşdürmək üstündə planlar qurulur, hətta hansı ərazinin kimin hakimiyyətinə keçməsi barədə danışıqlar mübahisə yaradırdı. 
Avropa dövlətləri Osmanlı ilə müttəfiq olmağa və siyasi əlaqələr qurmağa çalışırdılar. Digərlərindən daha cəld və siyasi fənd işlədən isə məhz Almaniya olur. İmperator II Kayzer Vilhelm hələ I Dünya müharibəsindən öncə  Osmanlı imperiyası ilə dostluq münasibətləri qurmaq üçün bura gəlir. O, özünün də gözləmədiyi böyük təntənə ilə qarşılanır.
 
Osmanlı I Dünya müharibəsi başlayanda İngiltərə ilə Almaniya arasında seçim etməli olur. Çünki İngiltərə həm də Osmanlının əzəli düşməni Rusiya ilə müttəfiq idi. Ona görə də 29 oktyabr 1914-cü ildə  Osmanlı dostluğa xilaf çıxmayaraq müharibəyə Almaniya ilə müttəfiq olaraq qoşulur. 1915-ci ilin fevral ayında ingilislər Gelibolu sərhədlərinə qədər irəlilədilər. Onların məqsədi İstanbulu ələ keçirib Rusiya gəmilərinə Ağ Dəniz rolunu açmaq idi. Həmin vaxt Mustafa Kamal Geliboluda idi. Onun hərbi taktikası Osmanlı ordusunu düşmən qarşısında üzü ağ çıxartdı. 10 ay sonra ingilislər məğlubiyyəti qəbul edib türk sularından çəkilməyə məcbur olur. Belliklə 18 mart günü Türkiyə tarixinə zəfər günü, Çanaqqala zəfəri kimi yazılır. Türkiyə cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi gün, yəni 18 mart, Çanaqqala Şəhidlərini Anma Günü olaraq elan edildi.  
1918-ci ilin noyabr ayında I Dünya müharibəsindən qalib çıxan ölkələrin gəmiləri İstanbul limanına axın etdi. Osmanlının qüdrəti xeyli zəifləmişdi. Artıq sultanın söz deməyə, etiraz etməyə gücü qalmamışdı. Liman işğalçı dövlətlərin əsgərləri ilə dolub daşırdı. 

Mustafa Kamal ölkədə vəziyyətin daha da qarışdığını görüb yaxın çevrəsi ilə birgə qurtuluş savaşını hazırlamaqda idi. Nəhayət o, qələbə qazanacağına ordunun qarşısında and içir. Bu hadisə sultanın gözünü qorxudur və Mustafaya geri çəkilməsi üçün təzyiq göstərir. Lakin Mustafa Kamalı xalqının azadlığı uğrunda mübarizəyə başladığı bu yoldan çətin ki, geri döndərə bilərdilər. Xalq ona necə inanırdısa, bütün gücünü ortaya qoyub yadellilərlə savaşa hazırlaşırdı. Hətta əli bir az bərkiyən, yetkin yaşa çatmayan oğlan uşaqlardan tutmuş qocalara qədər hər kəs birləşib cəbhəxana tikdilər. 
Nəhayət 1922-ci ilin payızında yunan - türk müharibəsindən qalib çıxmış Mustafa Kamalın güclü ordusu İstanbula gəlir.  
Xalq ordunu və qəhrəmanını böyük sevinclə qarşılayır. 1923-cü il oktyabrın 29-da TBMM Türkiyəni respublika elan edir. Qazi Mustafa Kamal Paşa Türkiyə Cumhuriyyəinin ilk prezidenti olur. Bununla Türkiyənin tarixində yeni mərhələ - demokratik tərəqqi mərhələsi başlandı. 1933-cü ildə Cumhuriyyətin qurulumasının 10 illiyi ilə bağlı xalq qarşınında məşhur 10-cu il nitqini söyləyən Mustafa Kamala bir il sonra, 24 noyabr 1934-cü ildə TBMM tərəfindən "Atatürk" soyadı verilir.
Mustafa Kamalın qəhrəmanlığı və şəxsiyyəti barədə nə qədər çox yazılıb danışılırsa, şəxsi həyatı da bir o qədər müzakirə olunmaqdadır. Hətta dövlət başçısı kimi güclü, əzəmətli olmasına baxmayaraq bəzən ailədəki mövqeyini qoruyub saxlaya bilmədiyini də deyirlər.

 

Qazi Mustafa Kamal Qurtuluş Savaşı illərində İzmirdə iqamətgah ediləcək etibarlı bir yer axtarışında ikən, ona İzmirin nüfuzlu ailələrindən olan Uşaklıgilzadələrin köşkünü məsləhət görürlər Həmin vaxt ailə Avropada olduğundan evin qızı Lətifə xanım orada nənəsi ilə birgə yaşayırmış. Qazi paşanı, dostlarını şərəflə qarşılayan Lətifə xanım onları öz evlərində 20 gün qonaq edir. Bu tanışlıq tərəflər arasında davamlı münasibətlərin başlanğıcı olur. Adətən səhərlər yuxudan gec oyanan Lətifə Mustafa Kamalla daha çox vaxt keçirmək üçün yataqdan erkən qalxır, onun qəhvəsini şəxsən özü hazırlayar, poçta gələn qəzetləri özü gətirərdi. Ancaq Mustafa Kamalın evində köməkçi işləyən Fikriyyə adlı xanımla da münasibətləri olduğu deyilirdi. Mustafa seçim etməli idi. Bəs Fikriyyəyə necə izah etməli? Əlbəttə, çətin idi. Həm də Fikriyyə vərəm xəstəliyindən əziyyət çəkirdi. Həhayət Mustafa Kamal onu müalicəyə göndərir. Amma Fikriyyə bu ayrılığın onun xeyrinə olmadığını bilirdi. Bir günlük olsa belə Mustafadan uzaq qalmaq istəmirdi. Ancaq qərar verilmişdi. Bunu dəyişmək mümkün deyildi. 
Mustafa Kamal anası Zübeydə xanımın ölümündən 12 gün sonra yaxın dostların əhatəsində sadə nikah mərasimi təşkil edərək Lətifə ilə ailə qurur. Çünki, anası artıq ölümündən əvvəl Lətifə gildə qonaq olmuş, onu bəyənmişdi. Günlərin birində sanatoriyada müalicə alan Fikriyyə qəzetdə paşanın evlilik xəbərini görür. O, Parisdən paşa üçün hədiyyə aldığı  silahı götürüb son dəfə sevdiyi ilə vidalaşmaq üçün Çankaya sarayına gəlir. Lakin gözətçilər silahı görüb Fikriyyəni içəri buraxmırlar. Üzüntüdən başını itirən qadın silahdan atəş açaraq intihar edir. Bu hadisə paşanı sarsıldır. Sonralar Fikriyyə ilə Mustafanın Əbdürrəhim adlı bir oğlu olduğu və onu hamıdan gizlətdikləri iddia olunurdu. Bu fikirlər bu günə də qədər danışılır.


Evliliyin ilk aylarında cütlüyün münasibətləri yaxşı olsa da sonralar Lətifənin kaprizləri Mustafanı yormağa başlayır. Hətta Lətifənin onu dəfələrlə dostlarının yanında təhqir edildiyi barədə şaiyələr də danışılır. Bununla da 2 il 6 ay 4 gün sürən evlilik başa çatır. Lətifə xanım “Latife Qazi Mustafa Kemal” olaraq çıxdığı İzmirdən sadəcə “Latifə” olaraq yenə İzmirə qayıdır. Böyük bir dövləti idarə etməyin ağırlığı və məsuliyyəti, üstəlik də ailəvi məsələlər Atatürkün ürəyini zəiflətmişdi. Dəfələrlə ürəyində sancıları olmasına baxmayaraq yatmaqdan və müalicədən imtina etmişdi. Ancaq sonralar bədənində taqətin qalmadığını görən Mustafa Kamal məcbur olub müalicəyə başlayır. Əvvəllər içki və siqaretdən çox istifadə edən Mustafa Kamalın səhhətində daha ağır xəstəlik, qaraciyər sirrozu üzə çıxır. Ən ağır müharibələrindən qalib çıxan Atatürk nə qədər güclü görünməyə çalışsa da bu xəstəliyə məğlub olur. Türkiyənin atası Musata Kamal Atatürk 10 noyabr 1938-ci il saat 09:05-də İstanbulda Dolmabaxça sarayında vəfat edir. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilsə də mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülür.
 
 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR