Bayram Hacızadə: "Karikatura satirik mətbuatın və mətbuatın bir qolu olaraq uduzdu"
“Karikaturaçı rəssam üçün ilk növbədə vətəndaş olmaq lazımdır, bundan sonra onun yaradıcılığı və digər keyfiyyətlərindən söhbət gedə bilər. Əzim Əzimzadə ilk növbədə vətəndaş idi. Yəni, cəmiyyətdə, ölkədə, məişətdə baş verən hadisələrə öz vətəndaş münasibətlərini bildirildi. Bu da onun vətəndaş yanğısından irəli gələn bir hiss idi”. Bu sözləri APA.TV-nin “Rəng...Fırça...Palitra...” verilişinin qonağı olan Azərbaycan Karikaturaçılar Birliyinin sədri, karikaturaçı-rəssam Bayram Hacızadə deyib.
Verilişimizin budəfəki buraxılışında Bayram Hacızadə Azərbaycan karikaturasının dünəni, bu günü, uğurları və problemlərindən danışıb.
Birlik rəhbəri deyib ki, karikatura da Azərbaycan təsviri sənətinin ayrılmaz hissəsidir: “Bu gün biz karikatura haqqında öz ölkəmizdə də, xaricdə də qürurla danışırıq. 100 ildən artıq karikatura tariximiz var və biz bunu fəxrlə deyirik. Karikatura bir janr olaraq XX əsrin əvvəli “Molla Nəsrəddin” jurnalının nəşr olunduğu gündən hesablanır. Bizim rəssamlarımız da öz fəaliyyəti ilə istənilən dövrdə Azərbaycan təsviri sənətini zənginləşdiriblər”.
Bayram Hacızadə bildirib ki, ümumiyyətlə karikaturaçının ilk vəzifəsi tənqid və ifşadır. Amma karikaturaçı ilk növbədə peşəkar olmalıdır: “Hər çıxışımda bildirirəm ki, təsadüfi adam karikaturaçı ola bilməz. Karikaturaçıdan ilk növbədə siyasi savad, daxili mədəniyyət, daxili senzura tələb olunur. Karikaturaçının üzərində hansısa bir senzura olmamalıdır, bu daxildə olmalıdır. Əgər bütün bunlara riayət olunursa, heç zaman karikaturaçı heç bir təzyiqə məruz qalmayacaq. Azərbaycanda heç bir karikaturaçı-rəssam bu günə qədər çəkdiyi hər hansı rəsmə görə təzyiqə və ya təqibə məruz qalmayıb. Karikatura demokratik cəmiyyətin atributlarından biridir və bu mənada xoşbəxt vətəndaşam ki, Azərbaycanda bu janr inkişaf edir. Əlbəttə ki, istənilən cəmiyyətdə nöqsanlar, əyintilər mövcuddu və bu məsələdə karikatura üçün münbit bir şərait var”.
Bayram Hacızadə hesab edir ki, rəssamın söz və fikir azadlığı ilə tənqid olunan tərəfin şərəf və ləyaqəti arasında olan sərhəd qorunmalıdır: “Bu çox incə məqamdır. Tənqid heç zaman təhqirə keçməməlidir. Xüsusi ilə siyasi məqamlarda karikaturaçı həssas olmalıdır. Hamımızın bildiyi Avropada Məhəmməd Peyğəmbəri tənqid edən karikatura milyonlarla insanın hiddətinə səbəb oldu, milyonlarla insan küçəyə çıxdı. İranda Azərbaycanılını bir millət olaraq tənqid edən karikaturaya görə milyonlarla azərbaycanlı Təbrizin, Tehranın küçələrinə çıxdı. Bütün bunları balaca bir şəkil edir. Bu, karikaturanın gücüdür, amma eyni zamanda onu çəkən adamın mədəniyyətsizliyi, siyasi savadsızlığıdır. Ola bilsin bu elə siyasi sifariş olub. Amma bu həqiqətən də demokratik cəmiyyətdə çəkilən bir karikaturadırsa və bunu çəkən adam öz söz və fikir azadlığından söhbət açırsa, o zaman çəkdiyi karikaturanın məsuliyyətini də daşımalıdır. Bu hər bir rəssamın öz daxili dünyası, daxili mədəniyyətidir. Bu məsələyə mən yalnız subyektiv fikrimi deyə bilərəm, mənim fikrimcə doğru deyil. Amma digər bir karikaturaçı deyə bilər ki, niyə də yox. Əgər biz yüksək inkişaf etmiş cəmiyyətdən danışırıqsa, mən bunu belə görürəm və belə çəkirəm. Hər halda bu radikal yanaşma, siyasi sifariş, rəssamın daxilindəki aqressiya da ola bilər. Düşünürəm ki, bu məsələdə bir az diqqətli və həssas olmaq lazımdır”.
Həmsöhbətimiz bu vaxtadək nəinki ona, heç bir karikaturaçıya siyasi sifariş olmadığını bildirib: “Mən belə bir faktla rastlaşmamışam. Mən bu cür hallarla ruhən mübarizə aparan insanam. Sifarişlə iş görən adamın heç zaman əqidəsi ola bilməz. Rəssam sərbəst olmalıdır”.
Karikaturaçı rəssamın qazanc yerinə gəlincə Bayram Hacızadə bildirib ki, bu sənət qazanc yeri deyil: “Ümumiyyətlə tək Azərbaycanda yox, dünyanın istənilən yerində karikaturaçı ya rəssam kimi digər sahədə fəaliyyət göstərir, ya pedaqoji fəaliyyəti var. Əksər karikaturaçı heç peşəkar rəssam da deyil. Karikaturaçılar arasında mühəndis, bank sistemində çalışan, biznes fəaliyyəti ilə məşğul olanlar var. Amma hamısını birləşdirən bir şey var – o da karikaturadır. Karikatura çəkmək üçün rəssam olmaq şərt deyil”.
Söhbət əsnasında öyrəndik ki, Azərbaycanda artıq dostluq sarjı janrı itir. Bunun çox pis hal olduğunu deyən Bayram Hacızadə, dostluq şaryının fərqli üslub olduğunu bildirib: “Hər karikaturaçı dostluq sarjı çəkə bilmir. Bu qeyri-adi istedaddır. Bizim gördüklərimiz əslində buna cavab vermir. Demək olar ki, şarj çəkən rəssamlarımız yoxdur. Bu sahədə ciddi itkimiz var. Bu çox nadir sənət növüdür və mürəkkəb sahədir”.
Son illər dövrü mətbuatda karikaturaların yer almamasına, ümumiyyətlə karikatura ilə bağlı hər hansı nəşrin hazırlanmaması məsələsinə də toxunan birlik sədri deyib ki, karikatura satirik mətbuatın və mətbuatın bir qolu olaraq uduzub: “Təşkilat olaraq yarandığımız gündən “Biz və karikatura” adlı rüblük jurnal çap etdirməyə başladıq. Təxminən dörd nömrəsini çap etdirdik, çox gözəl poliqrafiya, keyfiyyətli kağız, rəng, dünya karikaturasında baş verən hadisələr, Azərbaycan karikaturasının tarixi və bu günü əks olunurdu bu jurnalda. Hesab edirəm ki, çox maraqlı və lazımlı jurnal idi. Amma bu jurnal oxucusunu tapa bilmədi, satışını təmin edə və təşkilat olaraq buna vəsait tapa bilmədik. Beləliklə jurnal özünü doğrultmadı və dörd nömrədən sonra onu bağladıq. Amma vaxt var idi “Kirpi” və “Molla Nəsrəddin” jurnalı əl-əl gəzilirdi, hər evdə var idi. Dövr o dövr idi... Dövr və şərtlər dəyişdi”...
Verilişin sonunda Bayram Hacızadə, Amerikada qalib olan və insan sədaqətini əks etdirən karikaturasını APA.TV izləyiciləri qarşısında çəkib.