Tofiq Ağababayev: “Əvvəllər qonşum Səttar Bəhlulzadə idi, indi kimdir tanımıram”

Tofiq Ağababayev:"Bakının açarı Brejnevdə getdi"

“O vaxtlar bu emalatxanada qonşularım Səttar, Böyükağa, Rasim, Nadir Əbdülrəhmanov idi. Bu gün kimdir, tanımıram. Biri var idi Əkbərov Faiq, buranı o, icarəyə götürmüşdü, o, hər gün burada olurdu, onunla görüşürdük. Mən səhərlər saat 8-də emalatxanada olurdum, görürdüm artıq Səttar emalatxanadadır. Qığılcım olmalıdır, yaradıcı ünsiyyət olmalıdır. Bu binanın birinci mərtəbəsi heykəltaraşlar üçün nəzərdə tutulmuşdu, beşinci mərtəbədə qrafik və rəngkarlar işləməli idilər. Binanın birinci və beşinci mərtəbələr istisna olmaqla qalan üç mərtəbə rəssamların yaşayışı üçün nəzərdə tutulurdu. İndi çoxu övladına verib, bir çoxu başqa adamlardır”.

Bu sözləri 86 yaşlı xalq rəssamı Tofiq Ağababayev İnşaatçılar prospekti 28 ünvanında yerləşən Azərbaycan rəssamlarının yaradıcılıq emalatxanası barədə dedi.

APA.TV-nin “Rəng...Fırça...Palitra...” verilişinin qonağı olan Tofiq müəllim bizi illər ərzində ünvanını dəyişməyən, yenə də fəaliyyətsizliyi ilə ürəyimizi ağrıdan ünvana çağırdı. Söhbət boyu keçmişə qayıtdı Tofiq müəllim, o vaxtla bu vaxtın fərqlərindən danışdı.

“Atamı Müsavat əsgəri olduğu üçün 37-ci ildə güllələyiblər”

“Mənim çox çətin gəncliyim olub. Atasız böyümüşəm. Anam və üç uşaq... Atamı Müsavat əsgəri olduğu üçün 37-ci ildə güllələyiblər. Peterburqda oxuyanda biz 10 nəfər tələbə birgə gedib səhərəcən kartof boşaldırdıq. Hərəmizə yarım kiloqram kartof, 50 rubl da pul verirdilər. Mən gedib bu pula Filarmoniyaya abunəçi kartı alırdım. Bu kartla bütün konsertlərə gedə bilirdim. Mən elə musiqilərə qulaq asmışam ki, onları heç bəzi musiqiçilər dinləməyiblər. Qara Qarayevlə də orada tanış olmuşduq. Qara Qarayev özü mənə “İldırımlı yollarla” baletinə yeddi bilet verdi”.

“Dahi Van Qoqun yaşadığı müddət ərzində bir əsəri asılmayıb”

Tofiq Ağababayev bu gün də işləməkdən həzz aldığını söylədi: “İşləyəndə mən cavanlaşıram. İş adamı gənc saxlayır. Burada sənətə qarşı sevgi var, proses var. İşləyəndə yalnız özün üçün işləyirsən. Kiminsə xoşuna gəlirsən, ya yox, bu artıq əhəmiyyət kəsb etmir. Vəziyyətimiz çox şükür ki, yaxşıdır. Keçmişdə rəssamların çoxu acından ölürdü. Dahi Van Qoqun bir işi belə asılmayıb. Səttar, Böyükağa, Rasim, Nadir Ədbülrəhmanov emalatxana qonşularım olub. Onlar hamısı işləməyi sevirdilər. Səttarı bu gün tərifləyəndə ağız büzənlər olur, amma əsərin etapından danışan yoxdur. Onun həyatı faciəli oldu. Səttar işləməyi sevirdi. Mircavad mənim üçün dahidir. Sovet dövrü dağılmasaydı, o, bəlkə də, üzə çıxmayacaqdı. Ona bu yolda Çingiz Aytmatov kömək oldu”.

“Ermənilər Cəfər Cabbarlının heykəlini Dağlı məhəlləsində qoyacaqdılar”

1966-67-ci illərdə Bakının baş rəssamı vəzifəsini icra edən Tofiq Ağababayev düşünür ki, şəhərin görünüşü dəyişməməlidir, çünki bütün bunlar tarixdir: “Bizdə Baş rəssam vəzifəsinin olması ideyası Litvadan, Vilnüsdən götürülüb. Şəhərin baş rəssamı olduğum vaxtlarda Ləmbəranski ilə işlədim, sonra Ramazan Abdullayev gəldi. O, mənə dedi ki, şəhərin gerbini hazırlamaq lazımdır. Əslində, 1870-ci ildə tikilən binada şəhərin gerbi də var idi. Orada üç od əks olunmuşdu, amma dəniz yox idi. Axı Bakı sahil şəhəridir. Mən yeni gerbi hazırladım, onu təsdiq etdilər. İki sıra beş ləpə eskizi olan gerb təsdiqləndi. İndi baxıram hərə bir cür çəkir; 6 ləpə, 3 ləpə edirlər. Gerb necə təsdiqlənibsə elə də çəkilməli və qalmalıdır. Sonra mənə Bakının açarını hazırlamaq tapşırıldı. Hazırlanan açarı Brejnev gələndə ona bağışladılar. Açar onda getdi... Ancaq məndə bu açarın eskizi qalıb. Baş rəssam vəzifəsində iki il işlədim. Bu müddət ərzində Bakının gerbini yenidən bərpa etdim, açarı düzəltdik, bir də heykəllərin yerində dəyişdik. Ermənilər Cəfər Cabbarlının heykəlini Dağlı məhəlləsində qoyacaqdılar”.

“Bu sadə, klassik qəşəngliyi qorumaq lazım idi...”


Tofiq müəllim dedi ki, Bakı əvvəlki Bakı deyil, Bakı artıq Avropaya bənzəyir. Amma bütün bunlarla yanaşı, tarixilik qorunub saxlanılmalıdır: “Əvvəllər mənim üç-dörd maşınım var idi. İndi qarajım var, maşınım yoxdur. Əvvəllər rəssamlar əsərlərin kranla çıxarılması üçün krana verməyə pul tapmırdılar. İndi şükür Allaha pul var. Arxitekturanın da öz tarixi olmalıdır. Hər şey bəzədilib, amma mən olduğu kimi saxlayardım. Prezidentimiz iki il bundan əvvəl Vilnüsə getmişdi, mən çox maraqlanırdım, görüm ora dəyişib, ya yox. Baxdım ki, o küçələr olduğu kimi qalıb, şəhərə dəyməyiblər. Onlar çox istedadlı adamlardı. Mən razıyam şəhərdə yenilik olmalıdır. Məsələn, Braziliyada qədim şəhəri qoyublar öz yerində, gedib başqa yerdə yeni şəhər tikiblər”.

Verilişin sonunda Tofiq müəllim 1979-cu ildə ərsəyə gətirdiyi “Nardaran piri” əsərini təqdim etdi. Həmin əsərdə təsvir olunan binanın sökülüb yenisi ilə əvəz oldunğunu bildirdi: “İndi o yerdə yeni nəsə tikilib, bu işdən əsər qalmayıb. Tikilən də yaxşıdır, lazımlıdır, amma bunu saxlamaq lazım idi. Bu sadə, klassik qəşəngliyi qorumaq lazım idi...”

Müəllif | Apa.Tv
Ülkər Qasımova

OXŞAR XƏBƏRLƏR