Xanlar Əhmədov: "Üzeyir Hacıbəylinin, Bülbülün heykəllərindəki güllə yaralarını "sağaltmamalıyıq"

"Qızıl Ordunun, Leninin, Əzizbəyovun heykəllərini qoyaq parka, altından da yazaq Azərbaycan xalqının düşmənləri"

“Heykəltəraşın hər bir əsəri bu onun həyatı, övladı, yaratdığıdır, Allah tərəfindən ona verilən qüdrətdir. Hökumət Evinin qarşısında qoyulmuş Leninin heykəlini Cəlal Qaryağdıoğlunun şah əsəri hesab edirəm. Kimə həsr olunmasına baxmayaraq, sənət nöqteyi-nəzərdən bu, çox möhtəşəm əsər idi. Təsəvvür edin ki, bu cür əsər müəllifin sağlıq vaxtında götürüldü və biabırçı şəkildə doğranaraq məhv edildi. Bu, heykəltəraşa necə təsir etməyə bilər? Bu mümkündürmü? Çox, çox pis hala düşmüşdü. Cəlal müəllim mənimlə emalatxana qonşusu idi. Demək olar ki, hər gün onunla görüşürdük. Gün ərzində o sanki 10 il qocalmışdı, amma büruzə vermirdi. İstər-istəməz bu, onun həyatı idi. Həqiqətən də, bir anlıq olsa belə bu hissi yaşamaq çox ağır gəlir insana. Hətta aylarla əziyyət çəkməyən insan belə təsirlənir...". Bu sözləri APA TV-nin “Rəng...Fırça...Palitra...” verilişinin budəfəki qonağı heykəltəraş, xalq rəssamı Xanlar Əhmədov da etiraf edib. O illərə qayıdan həmsöhbət, o zamanlar heykəllərə bu cür münasibətin olduğunu xatırladıb və Heykəltəraşlıq Cəmiyyətinin sədri olaraq bu məsələyə biganə olmadığını açıqlayıb: “O vaxtlar cəmiyyət sədri kimi bildirdim ki, gəlin bu heykəlləri məhv etməyək, götürək, bir yerdə saxlayaq və altından da yazaq Azərbaycan xalqının düşmənləri. Hətta yeri də təklif etmişdim - Şıxov çimərliyi ilə üzbəüz Dostluq Parkı. Təklif irəli sürdüm ki, 11-ci Qızıl Ordunun, Leninin, Əzizbəyovun heykəllərini qoyaq o Parka. Axı biz heykəli götürməklə tarixi silə bilmərik. Bu sənət əsərlərini itirdik, hamısı dağıdıldı”.

"Azərbaycana heykəltəraşlıq sənətini XX əsrin neft bumu gətirib".

Uzun illərdir heykəltəraşlıq sahəsində xidmət göstərən Xanlar Əhmədov bildirib ki, heykəltəraşın, rəssamın heç zaman boş vaxtı olmur: “Sifariş olmayanda daha yaxşı olur, ürəkdən gələn işləri hazırlayırıq. Sifariş etmək də lazımdır, çünki maddi boşluğu məhz sifarişli işlər doldurur. Hazırda həm ürəyimdən gələn, həm də sifarişlə hazırladığım işlər var. Qeyd edim ki, Azərbaycanın gözəl şəhərlərindən biri olan Gəncədə yeni filarmoniya binası tikilir, oranın memarı da dostum Ramiz Hüseynovdur. O binanın fasadı üçün Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, baba Müslüm Maqomayevin və hazırda yaşayıb-yaradan Arif Məlikovun heykəllərinin hazırlanması mənə həvalə olunub”.

Azərbaycana heykəltəraşlıq sənətinin 1909-cu ildə gəldiyini bildirən həmsöhbət, o illərdə xarici mütəxəssislərin Azərbaycana ayaq açdıqlarını diqqətə çatdırıb: “Heykəltəraşlıq çox şaxəli və olduqca çətindir sənətdir. Azərbaycan heykəltəraşlığına gəlincə, XX əsrin əvvəllərində Bakıda böyük bir neft bumu əmələ gəlmişdi. 1909-cu ildən başlayaraq Azərbaycana da bir çox görkəmli, xarici heykəltəraşların axını başladı. Azərbaycan mühitində professional heykəltəraşlıq şaxələndi. O zaman bizim gənc və çox istedadlı insanlarımız - Fuad Əbdülrəhmanov, Vüqar Məmmədov, Ömər Eldarov, Zivər Məmmədova, Cəlal Qaryağdıoğlu gəldi və beləliklə, Azərbaycanda artıq savadlı heykəltəraşlıq nəsli yaranmağa başladı. Zivər Məmmədova Azərbaycanın ilk professional qadın heykəltəraşıdır. Həmin illərdə Azərbaycan heykəltəraşlığı öz sözünü deməyə başlamışdı. Sovet dövrünün akademik rəssamlıq savadı çox inkişaf etmiş məktəb hesab edilirdi və adlarını sadaladığım heykəltəraşlar bu məktəbin yetirmələri idi. Həmin vaxt yerli mütəxəssislər Əzim Əzimzadə adına məktəbdə dərs deməyə başladılar və bu sahədə təhsil bu günə qədər də davam edir”.


“Şuşada ermənilər tərəfindən güllələnmiş Üzeyir Hacıbəylinin, Bülbülün heykəllərinin bərpasından imtina etdim...”

İşğal olunmuş torpaqlarda da bir çox abidələr, şəxsiyyətlərin heykəlləri məhv edilib. Maraqlıdır ki, bu heykəllərin yenidən işlənməsi mümkündürmü və bu hal nə dərəcədə düzgün hesab edilir? Bizi maraqlandıran bu sualı da qonağımıza ünvanladıq: “Mənim də Şuşada, Laçında bir neçə əsərim məhv edildi. Onların da acı taleyi məni çox təəssüfləndirir. Onlardan Üzeyir Hacıbəyli və Bülbülün heykəli Bakıya çox pis vəziyyətdə gətirildilər. Mənim mərhum müəlliməm Həyat xanım Abdullayevanın əsəri olan Natəvanın heykəli də bu cür güllə yaraları ilə paytaxta gətirildi. Üzeyir bəyin bu günə qədər boynunda, alnında güllə yeri var, eləcə də Bülbülün heykəli. O vaxtkı mədəniyyət naziri Polad Bülbüloğlu mənə müəllif kimi müraciət etdi ki, bu heykəlləri bərpa edib, sonradan yerinə qoymaq mümkündürmü? Dedim olar, amma mən bunu etməyəcəyəm. O, bir az təəccübləndi və niyəsini soruşdu. Dedim axı biz bunu etməklə tariximizi pozuruq, Allah qoysa, Şuşa alınanda bu heykəlləri necə var aparıb qoyarıq yerlərinə ki, gələcək nəsil erməni vandalizminin, nəinki diri adamlara, hətta heykəllərə olan vəhşiliyinin şahidi olsun. O, mənim bu fikrimlə razılaşdı. Mənim hazırladığım “Aşıq Pəri”, “Ata və oğul” heykəli var idi, bunlar hamısı it-bat olub getdi. Ermənilər o heykəlləri apardılar, bilmədim əritdilər, neylədilər, belə bir tale mənə də nəsib oldu”.


“Tarixi şəxsiyyətlərə qoyulan heykəllər müsabiqə yolu ilə seçilməlidir”

Son illər şəhərin müxtəlif yerlərində tarixi şəxsiyyətlərə qoyulan bəzi heykəllərin narazılıq doğurduğu sirr deyil. Bu məsələnin həlli yollarından danışarkən Xanlar müəllim bildirib ki, bu cür heykəllərdə yanlışların olması bu gün Bədii Şuranın olmamasıdır: “Əvvəllər hər bir büstə, kiçik həcmli əsərə də Rəssamlar İttifaqında Bədii Şura baxırdı, qərar verirdi. Mən bununla bağlı bizim konfransda da məsələ qaldırmışdım ki, Bədii Şuranı qaytarmaq lazımdır. Əgər Şuranın 8-9 üzvü var idisə onların hər birinin fikri heykəltəraşa kömək məqsədi daşıyırdı. Ola bilərdi ki hər hansısa nüans heykəltəraşın fikrindən çıxıb, hansısa məqamda səhv edib və bu müdaxilələr yalnız heykəlin yaxşılaşmasına kömək edirdi. Hazırda Bədii Şura yoxdur, bu da artıq öz çatışmazlığını göstərir. Son illər tarixi şəxsiyyətlərə qoyulan heykəllər də hesab edirəm ki, müsabiqə yolu ilə olmalıdır. Elə ola bilər ki, heç o heykəltəraşın qüdrəti çatmır o tarixi şəxsiyyətin heykəlini yaratmağa". Xanlar müəllim hazırda həm də Azərbaycan Rəssamlar İttifaqının heykəltəraşlıq bölməsinin sədridir. Elə biz də ondan bu məsələlərlə bağlı bir sədr kimi etiraz səsini ucaldıb-ucaltmamasını xəbər aldıq. Məlum oldu ki, heykəltəraş elə bu etirazlara görə infarkt olub: “O qədər etiraz səsimi ucaldım ki, gətirib böyük infarkta çıxardı. Tək əldən səs çıxmır. İnanıram ki, son illərdə qoyulan heykəllər bu etirazları daha da çoxaldacaq”.


“25 ildir gözləyirəm...”

X.Əhmədov Bakıda qoyulacaq Cavadxan heykəli ilə bağlı da məlumat verib: "Müsabiqə keçirildi və müsabiqədə 6-7 rəssamın əsəri var idi. Ümumi fikrə gəlindi ki, hansı heykəl qoyulmalıdır. 25 il bundan əvvəl Spitak şəhərinə uçan təyyarədə 77 nəfər həlak olmuşdu, o vaxt yenə müsabiqə keçirildi ki, bunlara abidə qoyulsun. Hətta abidə üçün yerdə təyin olundu. O müsabiqədə mən qalib gəldim, amma 25 ildir gözləyirəm. 25 il bundan əvvəlki potensialım, enerjim bugünkü ilə eyni deyil. Belə uzatmalar heykəltaraşın enerjisini alır”.
Həyatını bu sənətə həsr edən Xanlar Əhmədov bildirib ki, hər kəsə heykəl qoyula bilməz. Rəssamlıq, heykəltəraşlıq sahəsində olanların problemlərindən birinə də toxunan heykəltəraş “bu gün ən böyük sıxıntımız odur ki, mesenatlar yoxdur” deyib: “Təəssüflənirəm ki, bu gün heykəllərə, rəsm əsərlərinə biganəlik var. Çox səviyyəsiz şeylərə 10 min manatlarla pul verirlər, ciddi sənət əsərinə gələndə münasibət dəyişir. Rəssamların vəziyyəti yaxşı deyil, çəkilən rəsmlər, düzəldilən heykəllər emalatxanada qalmamalıdır”.

“Paytaxtda heykəl parkının olmaması bizim yaralı yerlərimizdən biridir”

“Parklarda heykəllərin qoyulmaması, paytaxtda heykəl parkının olmaması bizim yaralı yerlərimizdən biridir. Çox gözəl parklarımız, bağlarımız var, o məkanlarda çox qiymətli skamyalar qoyulur, pul verib xaricdən bahalı ağaclar gətirirlər, amma heykəl məsələsində iş bərkə düşür”. Xanlar müəllim bizim vasitəmizlə öz arzusunu da dilə gətirib: "Heykəltəraşlıq Cəmiyyətində 100-dən artıq heykəltəraş var, hər birinin emalatxanasında gözəl park heykəlləri var. O boyda Bulvarda isə bir dənə heykəl yoxdur”.

Azərbaycan rəssamlarının yeni emalatxanasının tikintisinə gəlincə, ittifaq rəsmisi bildirib ki, hələ bununla əlaqədar yenilik yoxdur: “Arxayınıq ki, bu məsələyə bir də qayıdılacaq. Artıq bizim nəinki Qafqazda, keçmiş SSRİ məkanında ən böyük Rəssamlıq Akademiyamız var. Hər il neçə-neçə mütəxəssis buraxılır. Emalatxanasız heç bir rəssam, heykəltəraş işləyə bilməz. Nə qədər mətbəxdə işləmək olar ki?”

Azərbaycanın xalq rəssamı fəxri adını daşıyan Xanlar Əhmədov hazırda emalatxanada yaşayır, yaşamaq üçün evi yoxdur: “Bakıda qeydiyyatım var idi, gəlib çıxardılar. Gəldim Nərimanov rayon Polis İdarəsində məni qeydiyyata aldılar. Dolanırıq da. Yaxşıdır hər şey...”
 

Müəllif | Apa.Tv
Ülkər Qasımova

OXŞAR XƏBƏRLƏR