Bir ovuc torpaq misalı: Şair Camal Yusifzadə
Çox zaman bizimlə eyni məkanı bölüşən, müasirimiz olan bu qəhrəmanları tanımırıq, onların təkcə bizlər üçün yox, bütün insanlıq üçün hansı dəyər daşıdığının fərqinə varmırıq. İndi Ondan danışacağıq, Ondan - Şairdən...
Hərəyə bir tale yazılır, hər kəs bir ulduz altında doğulur. Talelər ovuc içindəki xətlər, barmaq uclarındakı izlər qədər fərqlidir, rəngarəngdir. Beləcə, hərənin bir uşaqlığı, hərənin bir uşaqlıq xatirəsi olur. Bizim şairimiz Camal Yusifzadənin uşaqlıq xatirəsi dənizlə bağlıdır... O dənizlə ki, onun gözlərində, yaddaşında, təsəvvüründə dünyanın heç bir dənizinə bənzəməz, dünyanın heç bir dənizi onun bir ləpəsinə də dəyməz...
Onun uşaqlığı dünyanın qan çanağına döndüyü İkinci Dünya müharibəsinin ölümlü-itimli illərində keçib. Atasız bir ailə, ailədə böyüyən 5 uşaq və bu ailənin bütün yükünü - həm məişət, həm də mənəvi yükünü çiyinlərində ləyaqətlə daşıyan şərəfli ana. İllər ötəcək, həmin ana 5 övladını böyüyüb ərsəyə çatdıracaq, onları bu dünyada elmdən, ziyadan, mərifətdən gözəl bir şey olmadığına inanan övladlar kimi yetişdirəcək. Onlardan alimi də olacaqdı, müəllimi də, mühəndisi də, bizim qəhrəman Camal Yusifzadə kimi şairi də. Çünki bu qüdrətli qadın özü dövrünün böyük aydınlarından dərs almışdı, Azərbaycanın ilk təhsil alan qadınlarından biri olmuşdu.
Onun taleyindən təbiətin və insan övladının yaratdığı hər şey keçib: dağ, meşə, dəniz, şəhər, kənd, yerlə göyün birləşdiyi kimi görünən intəhasız düzlər, tanrının yaratdığı min-bir rəngə çalan vadilər. Camal Yusifzadə hər yerdə özünü rahat hiss eləyib. Elə bil bu dünyanın hər ölkəsi, hər şəhəri, hər kəndi onundur, onun ilhamı, onun sakitliyi üçün yaradılıb...
İndi eşidəcəyiniz fikirlər nə film müəllifinin, nə də hansısa ədəbiyyat tənqidçimizindir. Bu fikirlər başqa bir şairindi. Özü də elə bir şairin ki, bu gün ədəbiyyat tariximizdə adı qızıl hərflərlə ən hörmətli məqamda yazılıb. Bilənlər bilir ki, bir şairin başqa şair haqqında söz deməyi, söz yazmağı necə çətin məsələdi. Gərək barəsində yazılan elə şair olsun ki, onun haqqında başqa bir şair bu fikirləri yaza bilsin... İndi haqq dünyasında olan o şair qəhrəmanızın haqqını da kişi kimi verib: "Camalda nə xoşuma gəldi? Onun elmə, savada, həyata dərin meyli, Camal, sözün yaxşı mənasında, təmkinli şairdir. Bu onun misralarını yersiz hay-küydən, pafosdan, obraz ədasından təmizləyir. Bax, buna görədir ki, Camal sözləri qənaətlə xərcləyir, hökm vermir, heç nəyi sübut etməyə çalışmır. Məncə və bəlkə də hələlik, Camalın ilk proqram şeri "Dərinləşmək istəyirəm"dir.
Boğulsun içimdə
Xırda-xuruş, tər-töküntü;
Bir məhəbbət, dərinləşmək istəyirəm,
Bir məhəbbət dərinləşmək.
Çox gözəl arzudur, bütün yazıb yaratmaq istəyənlərə məxsusdur. Bu misralardan əsil sənət eşqi ilə çırpınan bir ürəyin sədasını eşidirəm. İndi görün, ucalıqla bizim torpaq necə doğmalaşır, birləşir:
Salxım bulud torpaq dadır,
Mavi dəniz torpaqdadır....
Camalın bu şerində məni ən çox sevindirən torpaqla göyün bağlı olması hissidir. Camalın ilk dəfə oxuduğum şerləri mənə çox ümidlər verdi. İnana bilmirəm ki, bu ilk təəssüratın nəticəsi kimi keçəri olacaq. Bəzən bircə şer belə, hətta bir neçə misra belə oxucunu məcbur edir ki, müəllifi yadda saxlasın, bu imza sevincini ümidini arzularını bölüşməkdə nə vaxtsa, ona hökmən gərək olacaq. İnanıram ki, olacaq.
ƏLİ KƏRİM
"Azərbaycan gəncləri" qəzeti
15 aprel 1969-cu il"
Bu kimi fikirlər Camal Yusifzadə haqqında çox deyilib, çox yazılıb. Özü də məhz Əli Kərim kimi klassiklər, həmişəyaşar söz sənətkarları tərəfindən. Qəhrəmanımızın hətta ən kiçik şeirləri belə onun böyük müasirlərinin diqqətini cəlb edib.
"Bir şer və şair haqqında
Camal Yusifzadə kimdir? Bilmirəm! Cavandır, ya ahıldır? Bilmirəm! Çoxdanmı yazır, ya onun ilk şeirdir? Bilmirəm! Bildiyim budur ki, "Ədəbiyyat və incəsənət" qəzetinin bu ilki 15 mart tarixli nömrəsində Camal Yusifzadənin "Qışın nəğməsi" adlı bir şeri dərc olunmuşdur. Şer-nəğmə belə başlayır:
Qışam,
Qışam,
Qışam mən.
Bağçalara, bağlara
Qar olub
Qonmuşam mən.
Necə təbii, obrazlı deyilmişdir! Qış sözünün təkrarında bir melodiya yaranır. Qış haqqındakı bir parçadan poetik bahar qoxusu gəlir.
Qışam,
Qışam,
Qışam mən.
Günəşin baxışından,
Baharın naxışından
Qorxub ağlamışam mən!
Bu şer mənə sadəliyi, ahəngi, sözlərin təbii düzümü ilə Sabirin "Gəl, gəl a yaz günləri" şerini, "Dərsə gedən bir uşaq..." şerini xatırlatdı. Belə şerlər çox olsun! Bu şer-nəğmə adlanır. Bu, doğurdan da nəğmədir. İndi bur Fikrət, bir Cahangir, bir Səid lazımdır ki, onu musiqi dilində səsləndirsin".
Rəsul Rza
"Azərbaycan gəncləri"
12 aprel 1975-ci il
Çox qəribə adamdı bizim Şairimiz. Adam onu tanımayana qədər bu dünyada belə bir adamın ola biləcəyinə inanmır. Ancaq Camal Yusifzadəni tanıyırsan və dünya gözündə bir daha gözəlləşir, Tanrıya belə bir adamı yaratdığına, səninlə müasir elədiyinə şükr edirsən. Siz istedadı, söz duyumu, dünyagörüşü, yaşadıqları, yazdıqları ilə hamını valeh eləyən, ancaq bunlarla yanaşı heç kimdən, hətta doğmalarından belə təmənna ummayan, "məni oxuyun, mən beləyəm" deməyi belə günah sayan Adəm övladı gördünüzmü?
Camal Yusifzadə yalnız sözü, poeziyası, şairliyi ilə deyil, həm də xarakteri, yaşam tərzi, insanlara münasibəti, sevgisi ilə dostlarının, onu tanıyanların sevilmlisi olub. Ona görə də, şairimizin təkcə söz deyil, siması da dostlarını, oxucularını heyran qoyub, siması ilə də dostlarının, oxucularının ürəyini yerindən oynadıb. Onun şəkillərini dostları - Vaqif Səmədoğlu və Fərman Kərimzadə çəkiblər.
Camal Yusifzadənin şeirləri təbiətlə süslüdür. Şairimiz sevgidən, unutmaqdan, unudulmaqdan, kədərdən, sevincdən, tənhalıqdan - əlqərəz, hətta ancaq və ancaq insan hisslərindən yazanda belə, onun şeirlərindən təbiət qoxusu gəlir. Məsələn, sevgidən, sevincdən danışanda, elə bil çiçək görürsən, unutmaqdan, unudulmaqdan, kədərdən, tənhalıqdan danışanda isə sanki payızı yaşayırsan.
Doğrudan da şairlər seçilmiş insanlar olub həmişə. Bu baxımdan Böyük elçilərdən sonra şairlər Tanrıya ən yaxın insanlardı, desək, yanılmarıq. Tanrı hər bir şairin yaradıcılığında bir cür təcəlla edir, bir cür görünür, bir cür sevilir, bir anlaşılır. Camal Yusifzadə də istisna deyil.
O, özünü heç kimdən ayırmır, heç kimdən yüksəkdə görmür, əksinə, Camal Yusifzadənin varlığı, düşüncəsi bir sufi varlığı, sufi düşüncəsidir. Çoxlarından çox haqqı olsa da, o, oxucularının, onu tanıyanların, doğmaların, dostların sevdiyi, alqışladığı, heyran qaldığı bir Şair ömrünü yox, sadə İnsan ömrünü daha üstün tutur. Sanki qəhrəmanımız hamının tanıdığı məşhur şair ömründən qaçır, özünü öz yaratdığı aləmində daha xoşbəxt, daha azad hiss edir... Ona görə də, bütün insani hisslər onun üçün doğmadır: peşmanlıq da, qorxu da, itki hissi də. Bunlarla belə, Camal Yusufzadə bir şair həyatı yaşadığını bilir, bununla çox xoşbəxt olduğunun fərqindədir və özünün elə belə tanınmasını istəyir...
Yaxşı yazmaq üçün əvvəlcə yaxşı sözün nə olduğunu bilməlisən. Camal Yusifzadə yaxşı sözün nə olduğunu bildiyindən yaxşı yazmağı da bilir. Onun yaradıcılığı urfan düşüncənin, sufi dünyagörüşünün çulğaşaraq sözlə qovuşduğu məqamda olan poeziyadır...
İlham Tumas