100 mənzilli binanın sakinləri susuz qaldı – Naxçıvandan REPORTAJ
Naxçıvan şəhəri Heydər Əliyev prospekti 37 ünvanında yaşayan sakinlər içməli suyun məhdudiyyətlə verilməsindən əziyyət çəkirlər. Burada yerləşən doqquzmərtəbəli binanın sakinləri deyir ki, 4-5 ildir ki, binada su problemi müşahidə olunur. Onların sözlərinə görə, sular 3 gündən bir vurulur, o da təzyiq az olduğundan heç yuxarı mərtəbələrə qalxmır. 100 mənzilli bina sakinlərinin iddiasına görə, Su İdarəsi onları aldadır. Məsələ ilə bağlı Naxçıvan şəhər icra başçısı müvafiq tapşırıq versə də, hələ ki əməl edən yoxdur. Aidiyyəti qurumların məsuliyyətsizliyindən şikayətçi olan sakinlər işdən evə gedərkən əllərini yumağa su tapmırlar. Məsələ ilə bağlı Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsinin rəisi İlqar Əliyevlə əlaqə saxladıq. Qurum rəisi şifahi olaraq bildirdi ki, suyun gəlməməsinin səbəbi qrunt sularının azalması ilə bağlıdır. Həmin binada günlərlə su kəsintisi olmayıb, sadəcə təzyiq azalıb. Bu da 5-ci mərtəbədən yuxarı olan mənzillərə suyun az getməsinə səbəb olub. Artıq orda olmuşuq və 10 gün ərzində burada nasoslar, stansiya qurulacaq. Uzun müddətdir bu problemlə üzləşən sakinlərin su kasaları boş olsa da, səbr kasaları dolub. Ceyhun Məmmədov, Əli Xudıyev, APA TV - NAXÇIVAN