19 yaşlı şəhid: “Bu, son danışığımızdır, ata!” - REPORTAJ

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşdu. Suqovuşan uğrunda gedən döyüş isə onun son döyüşü oldu. Yaşasaydı, bu gün 20 yaşı tamam olacaqdı Nazim Zahirovun. Lakin bu gün ailəsi, yaxınları və sevdikləri onun 20-ci yaş gününü məzarı başında qeyd edirlər.

 

Vətən Müharibəsi qazisi Qalib Gülməmmədov deyir ki, Nazim kimi oğullar döyüş meydanında düşməni diz çökdürdü: “Amma mən qazi olaraq şəhidimizin atasının qarşısında diz çökürəm ki, belə bir vətənpərvər oğul böyüdüb. Biz düşmənə diz çökdürmüşük. Amma biz Azərbaycan Ordusu olaraq, xüsusi təyinatları olaraq sizin qarşınızda diz çökürük. (diz çökür) Azərbaycan sizinlə fəxr edir. Bir ömür boyu borcluyuq sizə. Qapınızda qulluqçu olmağa hazırıq”.

 

Şəhid Nazim Zahirovun müəllimi Qərənfil Yusifovanın sözlərinə görə o, hər zaman hamıya yardım etməyə çalışıb: “Sinif rəhbəri olduğum müddətdə deyil, Nazimi əvvəlcədən də tanıyırdım. Fikirləşirəm ki, bəlkə səhv nəyinisə yadıma salam ki, belə bir mənfi xasiyyəti də var idi. Siz inanın səmimiyyətimə ki, o qədər ağıllı, tərbiyəli uşaq idi. Hətta mən o gün qonşularından eşitdim ki, məhəlləyə gələndə baxırdıq ki, Nazim məhəllədədir? Çünki Nazim əlimizdəki torbaları alıb, kim hansı mərtəbədə yaşayır, ora qədər aparardı. Mübariz İbrahimov şəhid olanda ona bəxtəvərlik verirdi ki, o mərtəbəyə mən də yüksələ biləm”.

 

2001-ci ilin 25 iyununda qucağına aldığı övladının doğum gününü onsuz qeyd edir anası Samirə xanım Nazimdən qalan əşyalarla ovunmağa çalışır: “Erməniyə nifrət edirdi. Eşidəndə ki, şəhidimiz olub, pis olurdu. Həmişə şəhid mahnılarını oxudurdu. Mən də pis olurdum bir ana kimi. Deyirdim ki, Nazim, oxutma. Deyirdi, ana, səni istəyirəm, vətəni də istəyirəm. Vətən anadır, ana da vətən! Məktəb dəftərlərinin arxasına da yazırdı ki, mən şəhid olacağam. Dili ilə deyirdi ki, mən şəhid olacağam, ana. Deyirdim ki, elə demə, Nazim, sən əsgər gedəcəksən, bunlar mənim ürəyimdə qalacaq”.

 

Ən böyük arzusu şəhidlik zirvəsinə çatmaq olan Nazim orta məktəbi bitirdikdən sonra 2018-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinə daxil olub. Liseyi bitirdikdən sonra 2 iyul 2019-cu ildə hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də isə Vətən Müharibəsinə qatılıb.

 

Atası Həmzə Zahirov deyir ki, Nazim könüllü kəşfiyyat qrupuna qoşulub ki, mən də gedirəm: “Seçilmirdi, geridə qalmırdı heç kimdən. Kimsə deyəndə ki, vətən üçün döyüşməyə gedirəm, Nazim hamıdan qabağa düşərdi. Axırıncı dəfə telefonla danışanda dedi ki, hər şey ola bilər. Qışqırdım üstünə ki, belə şeylər demə, dedi ki, bəlkə də axırıncı danışığımızdır”.

 

Nənəsi Lalə Həmzəyevanın sözlərinə görə, əsgər getməmişdən əvvəl həmişə deyirmiş ki, gedib Qarabağı alacağam: “Ordu sıralarına gedəndən sonra Ballıqayada onunla görüşə getmişdim andiçmə mərasiminə. Məlum hadisələr başlanandan sonra görüş vermədilər, görüşə bilmədik. Bir də şəhid olandan sonra başa düşdük ki, Nazim həyatda yoxdur”.

 

Şəhidin bacısı Aygün Zahirova deyir ki, təhsil almağımı valideynlərimdən sonra ona borcluyam. “Mən hazırlığa gedirdim, evə axşamçağı gəlirdim. Avtobusdan düşəndə görürdüm ki, dayanacaqda məni gözləyir. Təhsil almağımı valideynlərimdən sonra ona borcluyam. Mənə çox dəstək olurdu. Videoları, şəkilləri görürdük, ümidimizi itirmirdik. Amma sonra ilk xəbəri atam aldı, daha sonra mənə dedi. Mən sonra anama dedim”.

 

Şəhidin babası Hacıağa Zahirov da nəvəsi ilə fəxr edir: “Nəvəm şəhadətə ucalıb. Nəvəm öz vətən borcunu yerinə yetirdi. Köməyim bir o idi, ona guvənirdim. Birinci nəvə idi, övladdan da irəli idi. Onun bu gün ad gününə yığışmışıq. 20 yaşında nəvə itirmək özünü itirməyə bərabərdir”.

 

2020-ci il oktyabrın 1-də Talış-Suqovuşan istiqamətində şəhid olan Nazim Zahirov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Doğum günün mübarək, 19 illik ömrünə qəhrəmanlıq sığdıran Şəhidim!

 

Fatma Zahidqızı,

Samir Qaragözov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv