1910 metr yüksəkliyə qalxan buzlu 296 pilləkən – Göygöldən REPORTAJ
Fəsillərin gözəlliyi təbiətin qoynunda daha çox nəzərə çarpır. Göygöl Milli Parkı və orda yerləşən göllərin buz bağlaması yaşıl mənzərəyə gözəl bəyaza qərq edib. Bu dəfə yolumuz ağappaqlaşmış Maralgöl istiqamətindədir. Bu cığırlarda qarın hündürlüyü az qala 1 metrə qədərdir. Qarlı maneələrin yaratdığı çətinliyi təbiətin gözəlliyi ovudur. Çəkiliş qrupunu milli parkın mühafizəçiləri müşayət edir. Nəhayət, gölün ətrafında yerləşən pilləkənlərin yanına gəlib çıxa bildik. Buradan Maralgölə qalxacağıq. Maralgölə qalxmaq üçün bizi 296 pilləkən gözləyir. Buna baxmayaraq, Maragölün ətarfına düşüb buz bağlamış gölü görməliyik. Piləkənlərlə gölə doğru irələdikcə qarın yaradığı gözəliyə laqeyd qalmaq olmur. İnsanlara aid olmayan izlər də bir başqa gözəllikdir. Milli parkın ərazisi bitki və canlılar aləmi ilə zəngindir, bunu qar qatının üstündə canlıların müxtəlif ölçülü ayaq izləri bir daha isbatlayır. Göl uzunluğu 700, eni 500 metr, sahəsi isə 23 hektar olan buz meydançasını xatırladır. Təxminən 10-12 santimetrlik buz qatının irəliləyən günlərdə daha da qalınlaşması gözlənilir, çünki hər dəfə yağan qar donaraq buza çevrilir. Milli parkın daxili nizam intizam qaydalarına görə gölün üzərinə çıxmaq isə qəti qadağandır. Çətinliklə də olsa, Kəpəz dağının ətəyində yerləşən Maralgölün ətrafına çatdıq. Qeyd edək ki, Maralgöl dəniz səviyyəsindən 1910 metr yüksəkdə yerləşir. Təbiəti və ekstrimi sevən insanlar az deyil, onlar ətraf mühiti hiss etmək və onun ecazkar mənzərələrini seyr etməyə can atırlar. Bunun üçün milli parkda ekoturlar təşkil olunur. Qar qatının qalınlığı çətinlik yaratsa da, gözoxşayan bu mənzərəni görmək üçün çətinliklər əngəl deyil. Qeyd edək ki , Göygöl Milli Parkının yerləşdiyi ərazidə biri-birindən maraqlı, irili-xırdalı 19 göl var. Bu göllər də füsunkar gözəlliyi, xüsusilə də suyunun şəffaflığı ilə insanları heyran edir. Onlardan ən böyüyü isə Göygöldür.
Fuad Nazimoğlu Elşad Cəfər APA TV Göygöl