28 ildən sonra silah səslərinin susduğu Orta Qərvənd kəndi - REPORTAJ
Ordumuzun döyüş meydanında qazandığı zəfərdən sonra 28 ildir ki cəbhə kəndi olan, qapı pəncərələri səngərə açılan Ağdamın Orta Qərvənd kəndi azadlığa çıxdı.
APA TV-nin yerli bürosunun məlumatına görə, uzun illər idi ki, kəndə giriş-çıxış hərbi və mülki polislərin nəzarətində idi. Kənd sakinlərinin yaxın qohumları belə bu kəndə girə bilmirdi. Kəndin 9 yaşlı sakini Fariz Bədəlovun ölümdən sonra uşaqlar belə həyətdə oynaya, qadınlar isə təsərrüfat çalışa bilmirdi.
Azərbaycan Ordusunun qələbəsi indi kənddə silahların susmağına səbəb olub. Onlara yuxu kimi gəlsə də bu bir gerçəkdir.
Səfərovlar ailəsi heç vaxt kəndi tərk etməyən ailələrdən biridir. Evin oğlu Ceyhun Səfərov 7 ildir torpaqların müdafiəsində durur. Onun həyat yoldaşı Aynurə 2-ci Qarabağ müharibəsi başlayan gündən həyat yoldaşının hərbi paltarını geyinir. Bu gün isə çox qürurludur. Çünki onun həyat yoldaşı qalib ordunun hərbçisi kimi sağ-salamat evinə dönüb.
Ötən 28 il ərzində demək olar ki, hər gün atəşə məruz qalan kəndin sakinləri Ali Baş Komandan və Azərbaycan Ordusunun haqqı və ədaləti bərpa etdikləri üçün, gücü və qüdrəti ilə düşmən ordusunu susdurduğu üçün onlara çox minnətdardırlar.
Kənd sakini Elman Məmmədov deyir ki, indi kəndin çal-çağırlı günləri geri qayıdacaq. İllərdir işğal altında olan ətraf kəndlər bərpa olunacaq, qonşular geri dönəcək. Ən çox isə kəndin yaxınlığından keçən dəmir yolunda hərəkət edən qatarların səsi üçün darıxdığını deyir.
Kəndin bələdiyyə sədri, keçmiş döyüşçü, Qarabağ müharibəsi əlili Ələmdar Şükürov da sentyabrın 27-dən könüllü olaraq yenidən hərbi forma geyinib. Oktyabrın əvvəlində döyüşlərdə qəlpə yarası da alıb. Amma sağalan kimi yenidən kəndə qayıdıb.
Torpaqların işğalından sonra adi gözlə baxmağa belə çəkindiyi Baş Qərvəndi artıq azaddır. Hələ ki, kəndə gedə bilməsə də amma uzaqdan sərbəst baxa bilir.
Kənddə çəkiliş zamanı Ordumuzun zabiti ilə də qarşılaşdıq. Çox xahişdən sonra üzünün görsətməmək şərti ilə müsahibə verməyə razı sala bildik. Qəhrəman hərbçimiz 13 aydır evə getmədiyini deyir. Onunla bərabər oğulu da döyüşlərdə iştirak edib. 1 ay içində ayrı-ayrı günlərdə həm özü, həm də oğlu yaralanıb. Sağaldıqdan sonra hər ikisi yenə döyüşlərə qatılıb.
İşğaldan azad olunan digər ərazilərdən reportajlar hazırlamaq ümidi ilə...