53 şagirdin taleyi necə olacaq? – Astarada kənd məktəbi bağlanır

Astara rayonunun dağlıq kəndi olan Mikidə məktəb bağlanır. 53 şagird rayonun digər məktəbinə, Rinəyə köçürülür. Bu da yerli sakinlərin narazılığına səbəb olub. Təhsil ocağı əvvəllər tam orta məktəb kimi fəfaliyyət göstərib. Son 3 ildə aparılan statistikanın nəticələrinə əsasən həmin məktəbdə şagird sayında azalma qeydə alınıb və ümumi orta məktəb statusuna keçirilib. Bu il məktəbin 8 nəfər 11 – ci sinif şagirdi digər məktəbə köçürülüb. Məktəbin tam bağlanması və Rinə kəndindəki təhsil müəssisəsinə köçürülməsindən ən çox narazı qalan isə valideynlərdir. Sakinlər deyir ki, məktəbin həyətində başqa binalar da var. Orda da dərs keçmək olar. Həmin binaların da illərdir qəzalı olmasını əsas gətirib, öz bildiklərini edirlər. Elm və Təhsil Nazirliyinin, Lənkəran – Astara regional təhsil idarəsi və sektor əməkdaşları, həmçinin yerli ərazi icra nümayəndəsi həmin məktəbdə olub, valideynlərlə görüş keçiriblər. Həmin əraziyə baxış keçirilib və məktəb binasının istifadəyə yararsız olduğu qənaətinə gəlinib. Eləcə də sakinlərin həmin məktəbin həyətində olan digər binalardan istifadə etməklə bağlı olan müraciətlərinə baxılıb və həmin binaların da qəzalı olması barədə onlara məlumat verilib. Qeyd edək ki, Astara rayon Miki kənd orta məktəb binası 1997 – ci ildə tikilib və 2005 – ci ildə Azərbaycan Respublikasının FHN tərəfindən bina əsaslı bərpa olunub. Məktəb binası 250 şagird yerlikdir. İlkin Rzayev Rövşən Almazoğlu APA TV Astara

Müəllif | Apa.Tv
Apa.tv