60 ili saatlar arasında keçən ömür və brilliant qaşlı saat

Zəmanəmizdə elə bir adam yoxdur ki, harasa tələsməsin. Bu tələskənlikdəndir ki, tez-tez gözümüz saatımızda olur. Kimi telefonda, kimi isə qol saatında zamanına nəzarət etməyə çalışır. Saatını saz saxlamaq istəyən hər kəs yolu heç olmasa bir dəfə saatsaz dükanına salır. Şirvandan olan saatsaz Adil Əliyev saatını saz saxlamaq istəyənlərin üz tutduğu ustalardandır. O 12 yaşından bu sənətə başlayıb. Adil usta mexaniki saatlarla yanaşı elektron saatlara da yenidən həyat verərək sahiblərinə qaytarır. O bildirir ki, hər növ saatı düzəltmək asandır. Yetər ki, işi biləsən. 73 yaşlı ustanın düzəltdiyi ən bahalı saat brilliant qaşlı 16 min manatlıq saat olub. O deyir ki, kimi yeni aldığı saatın arxasına yazı yazdırmaq üçün gəlir, kimi atadan qalan yadigara yeni həyat vermək üçün. Adil Əliyev övladları da boş vaxtlarında həvəslə saatsazlıqla məşğul olurlar. Saatsaz atasından öyrəndiyi bu sənəti öz nəvəsinə də öyrədib. Adil Əliyev bölgədə çox az rast gəlinən saatsazlardan biridir ki, bu sənəti davam etdirir. Usta inanır ki, zaman durduqca, insanın saata ehtiyacı olduqca saatsazlıq da bir sənət kimi yaşayacaq.

Əlibəy Zeynallı Elçin Həsənov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv