Adını daşıdığı babası ilə eyni yaşda şəhid oldu - REPORTAJ
- Qorxursan bir gün uşaqların o sualı sənə verər?
- O sualı mənə verməklərindən o qədər qorxuram. Hamı çəkilib gedəcək evinə, uşaqlar məndən soruşacaq ki, atamız hanı, nə vaxt gələcək? Bəs deyirdin gələcək, niyə gəlmədi?..
Sənin atan şəhid olub, balaca Toğrul! Vətəni, xalqı yolunda şəhid olub! Vəzifə başında, erməni vəhşiliklərini tarixin yaddaşına ömürlük həkk etmək üçün çıxdığı bu yolda canından keçib.
Vətən Müharibəsində hər bir azərbaycanlı öz silahı ilə vuruşurdu. Kimisi əlində silah, kimisi də qələmi ilə. Torpaqlarımızı azad etmək Silahlı Qüvvələrimizin üzərinə düşdüsə, qazanılmış qələbəni lentə almaq da biz jurnalistlərin üzərinə düşdü. Elə Məhərrəm İbrahimov da hər saniyə ölümü gözü önünə alaraq bu amalla Qarabağa yollanan jurnalistlərdən oldu.
4 iyun... Məhərrəmgilin yolu bu dəfə Kəlbəcərin Susuzluq kəndinə idi. Kələ-kötür yollarla irəlilədikcə, həmin anda çəkiliş qrupunun üzvləri ölümün cənginə doğru irəlilədiklərini ağıllarına belə gətirmirdilər. Saniyələr keçir və dəhşətli partlayış baş verir...
Məhərrəm İbrahimovun həyat yoldaşı Bahar İbrahimova o günü belə xatırlayır: “Məhərrəm şəhid olan gün böyük oğlum yanımda idi. Parkda onun vinetkasını çəkdirirdik. Xəbəri orda aldıq. Uğur yanımda idi, eşitdi ki, atasına nəsə olub. Məndən soruşdu ki, ana, nə olub atama? Dedim, heç nə, gedək evə. Cənazəsi evə gələndə bildi ki, atasına nəsə olub. Hər gün orda olanda atalarını soruşub onunla danışırdılar, indi heç biri dilinə gətirmir atamız haradadır, niyə gəlmir”.
1982-ci il aprelin 16-da Göyçə mahalında dünyaya göz açan Məhərrəm İbrahimovun həyatına məcburi köçkünlük yazılır. Ailənin 8 övladından sonbeşiyi olan Məhərrəmin qardaşları I Qarabağ müharibəsində döyüşüb, qazi olub. Qardaşı Ələsgər İbrahimov deyir ki, uşaqlıqdan döyüşçü ruhunda böyüyən Məhərrəm hərbçi olmasa da, hərbi jurnalist olub gələcəkdə Qarabağı qarış-qarış gəzməyi arzulayırdı: “Mən qardaşıma hər zaman canlı örnək olmuşam. Ona daxilən ruhu, o əzmi mən ötürmüşəm. Müharibə başlayanda gəldi mənim yanıma, dedi, qardaş bizimkilər də gedəcək müharibəyə. Dedim, sən getmə ha, mən müharibəni görmüşəm. Dedi, qardaş, mən getməsəm, o getməsə, bəs kim getsin? Əgər adım yazılarsa, mən getməliyəm. O, şəhid olandan sonra bildim ki, onlar orda hansı çətinliklərdən keçiblər. Dəfələrlə yanlarına mərmi düşüb. Müharibənin ən çətin günlərindən keçib gəlmişdi Məhərrəm”.
Bacısı Fəridə Muradovanın sözlərinə görə, Məhərrəm şəhid olacağını hiss edibmiş: “Martda gəlmişdi məzuniyyətə getdik, ana-atamın qəbrini ziyarətə. Gəldi dayandı əli qoynunda, anamızın qəbri ilə üzbəüz. Gördüm, nəsə dodağının altında deyir. Dedim, nə deyirsən, demədi. Orda dedim, ay Məhərrəm, qurban olum, getmə, ayağınızın altı hər yeri minadır. Mənə belə acıqlandı, dedi, şəhid olacam, bəyəm şəhidlərdən nəyim artıqdır axı. Orda elə oğullar şəhid olub ki”.
“Məhərrəmə bu cür ölüm yaraşdıra bilmədim” deyən bacısı Azadə Məmmədova bu gün qardaşının şəhidliyindən başucalığı ilə danışsa da, elə qorxmaz, igid oğulların düşmənin xain pusqusuna düşməsi ilə barışa bilmədiyini deyir: “Məhərrəmin adını qoyanda anam razı olmadı. Atama dedi, qoyma Məhərrəm adını. Məhərrəm bizim babamızın adı olub. O da 39 yaşında II Dünya Müharibəsində həlak olmuşdu. Anam dedi, babanızın taleyi yaxşı olmadı, cavan dünyadan köçdü. Atam isə dedi, yox, Məhərrəm olacaq. Atam heç vaxt Məhərrəmi adı ilə çağırmırdı, “atam” deyib çağırırdı. Həmişə də yanında yatızdırırdı. Anam sağ olsaydı, Məhərrəmin ölümünə dözə bilməzdi. Ya ölərdi, ya da havalanardı”.
Qohumu Kəsrə İbrahimova Məhərrəmi belə xatırlayır: “Məhərrəm bizim yaddaşımızda daima zarafatcıl, uşaqla uşaq, böyüklə böyük olaraq qalacaq. Mən yuyucu vasitələrdən çox istifadə edirəm. Həmişə mənə deyirdi ki, sən öləndə başdaşına yuyucu vasitələrin adlarını həkk edəcəm, narahat olma, hər həftə sənin qəbrin üstünə xlor gətirəcəm. O, mənim həm sirdaşım, həm dostum idi. Ailəmə deyə bilmədiyim sözləri ona deyirdim”.
Məhərrəmin sonuncu gedişi xanımı Bahar İbrahimovanın yaddaşında belə qalıb: “Son dəfə gedəndə işdən gəldi, dedi, yenə gedəcəm. Yalvardım bəsdir, daha getmə. Dedi az qalıb, işimi bitirmək üzrəyəm. 10 ayda çəkdiyim əziyyətimi sona çatdırım, heç olmasa, bəhrəsini görüm. Həmin gün heç gözümün qabağından getmir. Özü getsə də, ayaqları geri gedirdi. Bir addım qabağa atıb, bir addım geri uşaqların yanına atırdı. Tələsirdi, işinin başına qayıtmaq üçün tələsirdi”.
Bu gün cismən aramızda olmayan Məhərrəm İbrahimov daima xeyirxah, ailəcanlı, işinə can yandıran biri kimi yaddaşlarında qalacaq. Həyata keçirə bilmədiyi arzularını isə övladları yaşadacaq. O arzuları ki, böyük oğlu Uğuru həkim, balaca Toğrulu isə gələcəkdə tanınmış iş adamı kimi görmək istəyirdi: “Mən atama söz vermişdim ki, böyüyəndə həkim olacam. Bu, atamın arzusu idi. Mən ona görə həkim olacam ki, yaralı əsgərləri sağaldım”.
Bütün şəhidlər kimi həyatını arzularını Vətənin bütövlüyü yolunda qurban etdi Məhərrəm. 39 illik ömrünün 20 ilini AzərTAC İnformasiya Agentliyində çalışdı. Ən böyük arzularından biri 40 yaşını Qarabağda, doğulduğu Qərbi Azərbaycanda qeyd etmək idi. Elə ailəsinə göndərdiyi son çəkilişində də Zəngəzura yol aldığını deyir: “Biz gedirik Zəngəzura, Qafana. Salamat qalın”.
İlahə Vəliyeva
Musa Qulammirzəyev
APA TV