Ağalıq meşəsi yoxa çıxır - Yanıb, doğranılıb və yaddan çıxıb

Bakıdan Xaçmaza gedərkən yol boyu uzanan boz mənzərələrdən sonra Şabranın Ağalıq kəndinə çatanda gözlərimiz yaşıllıqdan bayram edirdi. Yolun üzərinə çətir hörən ağaclarla bağlı təəssüf ki, keçmiş zamanda danışmağa məcburuq. Çünki indi həmin çətir yaradan ağacların yerində başı kəsilmiş kötüklər var. Geniş ərazidə ağaclar kəsilib, kötüklər qalıb, bəzi yerlərdə isə hətta kötüklər də ərazidən təmizlənib. Təəssüf ki, Ağalıq və ətraf kənd sakinlərinin meşənin hazırkı durumu ilə bağlı fikrini efirdə çatdıra bilmədik. Kimə mikrofon uzatdıqsa, bu barədə efirdə danışmaq istəmədi. Lakin bildirdilər ki, sakinlərdən heç kim, həmin ərazidə ağac kəsməyib. Ağacları xüsusi icazəsi olan şəxslər doğrayıblar. Sual yaranır: Yanğından başı çəkən bu meşənin ağaclarına kim düşmən kəsilib? Bəs meşəni cavabdeh qurumların gözündən salan, unutduran səbəblər nələrdir? Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinə sorğu ünvanladıq və cavab üçün 1 gün gözləməli olduq. Rəsmi cavabda prosesin niyə bu qədər ləng getdiyi açıqlanmasa da, ən qısa zamanda meşə bərpa işləri görüləcəyi qeyd edildi. Qeyd edək ki, həmin ərazidə yanğın 2022-ci il iyulun 10-da baş verib. Biçilən əkin sahəsinin yandırılması ətrafdakı meşə fondunun da böyük hissəsinin məhv olmasına səbəb olub. Hadisənin baş verməsinə səbəb olan şəxslərlə bağlı müvafiq tədbirlər görülüb.

Cəfər Talıb, APA TV

Müəllif | Apa.Tv
Apa.tv