Ağdamın Abdal kəndindən reportaj –Xan övladlarının dayələri bu kənddən olub
Bu nəğmə səsləri Ağdamın Abdal kəndinin dağlarından gəlir. O kənd ki, təməli qoyulduğu vaxtdan Gülablı kəndinə qardaşlıq edib. O kənd ki, vaxtı ilə gözəl təbiəti, saf havası, hünərli oğulları ilə, həm də gözəl səsə malik insanları ilə bütün Qarabağa səs salıb. Hətta, rəvayətə görə, məhz bu səbəbdən xanlıq dövründə yeni doğulan xan övladlarına dayə və süd anası Abdal və Gülablı kəndindən tutularmış. Abdal kəndi bir əsrdə 3 dəfə ermənilərin hücumuna məruz qalıb. Əvvəlcə ötən əsrin əvvəllərində, yəni, 1905–ci ildə, sonra 1918-ci ildə, sonuncu dəfə isə ötən əsrin sonunda, 1992-ci ildə Abdal kəndinə Ermənistan silahlı qüvvələri tərəfindən basqın olub. Hücumlar zamanı insanlar öldürüb və işgəncələrə məruz qalıb. Eyni zamanda kənd tamamilə talan edilib, evlərin çoxu yandırılıb, tarixi mədəni abidələr məhv edilib. Qarabağın dağlıq ərazisində yerləşən Abdal kəndi işğaldan əvvəlki illərdə sanatoriyası olan və məktəblilərin yay düşərgələrinin keçirildiyi bir məkan olub. Ölkənin və dünyanın hər yerində bu kəndə dincəlməyə gələnlər kəndin təbiətinə heyran qalıb. Törətdikləri ekoloji terrorla insanlığın üz qarası olan ermənilər bu kəndi də xəritədən silməyə çalışıb. Ağdamın Abdal və Gülablı kəndləri 1992-ci il sentyabr ayının 4-də işğal olub. Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV