Ağdaşın bu kəndinə getmək hər igidin işi deyil

 

Ağdaş rayonunun Qumlaq kəndinə getmək hər igidin işi deyil. Yoldakı balaca quyulara, gölməçələrə maşınlar tap gətirmir. Elə ki, qar-yağış yağdı heç piyada da bu yolun öhdəsindən gəlmək olmur. Kiçiklər ayaqqabıları islanır, palçıqdan yararsız hala qalır deyə narazıdırlar, böyüklər maşın dağılır, taksi baha gəlir deyə. Sakinləri narahat edən təkcə yol məsələsi deyil. Kəndin tibb məntəqəsinin də nə varlığı bəllidir, nə yoxluğu. Sakinlər deyir ki, tibb məntəqəsinin qapısını ancaq içərini təmizləməyə kimsə gələndə açıq görüblər. Kənddəki yol problemi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən bildirildi ki, sözügedən yolun təmiri nəzərdə tutulur. Sakinlərin tibb məntəqəsi ilə bağlı probleminin nə zaman həll olunacağı ilə bağlı sualımıza isə TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova bildirdi ki, 63 rayonda 812 kənd tibb məntəqəsi var. Bu tibb məntəqələrindən bir qisminin əsaslı təmirə ehtiyacı var: “Qənaətbəxş vəziyyətdə olmayan tibb məntəqələri ilə bağlı davamlı işlərin görülməsi, çatışmazlıqların mərhələli şəkildə aradan qaldırılması nəzərdə tutulur. Məntəqələrin təmiri və tikintisi üçün aidiyyəti üzrə müraciət olunub. Sakinlər ətraf ərazilərdəki tibb müəssisələrinə müraciət edə bilərlər. Səhiyyənin əlçatanlığını və keyfiyyətini yüksək səviyyədə təmin edə bilmək üçün son aylar görülən işlərə misal olaraq, kənd məntəqələrinin tibbi personalla təmin olunmasını da göstərə bilərik. Əvvəllər bu məntəqələrin cəmi 2-3-ündə həkim var idi. Amma son 5-6 ayda görülən işlər sayəsində 2-3 məntəqədə qismən də olsa həkim çatışmazlığı mövcuddur. Ən ucqar məntəqələrdə belə həkimlər fəaliyyət göstərir. Kənd həkim məntəqələrində kadr çatışmazlığı probleminin aradan qaldırılması istiqamətində də davamlı işlər görülür”-deyə, açıqlamada bildirilir.

İlham Əhmədov, Taleh İbrahimov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv