Ağstafada müəllim işləyən erməni qadın APA TV-yə görün nələr danışdı
Azərbaycan ərazisində yaşayan erməni əsilli vətəndaşlarımız ölkəmizin dörd bir yanında rahat yaşayıb, ömür sürüb, uzun illər yerli insanlarla qaynayıb qarışıblar. Bunlardan biri də Ağstafada yaşayan 91 yaşlı erməni qadın Yevgeniya Arutyunovadır. Əslən erməni olan Azərbaycan vətəndaşı Arutyunova Yevgeniya Haykazovna 1932-ci ildə Gəncə şəhərində doğulub. Özünü qısaca Jenya kimi tanıdan erməni əsilli qadın 40 ildən çoxdur ki, Ağstafanın Poylu qəsəbəsinə köçüb və müəllim işləyib. O, şagirdlərə rus dilindən dərs deyib. İndi isə təqaüddədir. Qohumları, ailəsi ilə bağlı hər şeyi unutduğunu desə də dərs dediyi şagirdləri onu unutmayıb. Özünün övladı olmasa da uşaqlar, şagirdlər həmişə onu diqqətdə saxlayırlar. O, Yevgeniya Arutyunova azərbaycanlılardan həmişə hörmət, isti münasibət gördüyünü bildirir. Həyat yoldaşı dünyasını dəyişəndən sonra qonşuları onu heç vaxt tək qoymayıb. Yevgeniya Arutyunova deyir ki, Azərbaycanda ermənilərə həmişə yüksək hörmət görüb. “Təkcə Gəncədə gördüklərim mənə bəs edir” deyir. O, Qarabağda erməniləri Azərbaycan bayrağı altında yaşamağa dəvət edir. Azərbaycanı çox sevdiyini deyən Jenya Qarabağda ermənilərlə azərbaycanlıların yenidən mehriban yaşadığı günü görmək üçün Allahdan möhlət istəyir. 91 yaşlı qadının indi ən böyük arzusu doğulub boya-başa çatdığı Gəncə şəhərini ziyarət edib, oradan da Qarabağa getməkdir.
Fuad Nazimoğlu,
Mehdi Rəşid,
APA TV