Ağsudakı bu yolda qəzaların sayı artıb, sakinlər narahatdır

Ağsu-Çaparlı-Göylər avtomobil yolu bu yoldan istifadə edən 11 kəndin camaatını cana gətirib. Ağsunun 11 kəndinin 10 min nəfər əhalisi, eləcə də Şamaxının 2 kəndinin sakinləri bildirir ki, yol uzun illərdir baxımsız vəziyyətdədir. 25,6 kilometrlik yolda bu günə qədər cəmi bir dəfə, 2013-cü ildə təmir işləri aparılıb, amma sakinlərin sevinci çox çəkməyib. Yol yenidən yararsız vəziyyətə düşüb. Sakinlər deyir ki, yol elə bir gündədir ki, rayon mərkəzindən 20 dəqiqəlik məsafədə olan bir kənddən mərkəzə bir saat ərzində getmək mümkün olur. Yolun vəziyyəti sakinlər üçün yalnız vaxt itkisi və əlavə xərc yaratmır, həm də sağlamlıqları üçün real təhlükə mənbəyinə çevrilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin də məsələyə münasibətini öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, Ağsu-Çaparlı-Göylər marşrutu üzrə yerləşən yaşayış məntəqələrini birləşdirən yolların yenidən qurulması ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub Hər gün rayon mərkəzinə gedib-gəlmək üçün bu yoldan istifadə edən sakinlər kəndin əsaslı təmir olunacağı günü səbirsizliklə gözləyirlər.

İlham Əhmədov,Taleh İbrahimov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv