Ağsunun kənd yolunu xatırladan bu mərkəzi küçəsi zibilliyə çevrilib
Bura Ağsu rayonunun mərkəzi küçələrindən biri olan Natəvan küçəsindəndir. Küçədə zibil əlindən gəzmək, pis qoxu ucbatından nəfəs almaq mümkün deyil. Əraziyə atılmış məişət tullantıları, inşaat qalıqları, heyvan leşləri iyrənc bir mənzərə yaradır. Ətrafda yaşayan sakinlər illərdir bu mənzərəni görməyə məcbur qalıblar. Sakinlər deyir ki, Ağsu Rayon Kommunal Müəssisələr Kombinatı demək olar, bu əraziyə xidmət göstərmir. Ətraf ərazidə 50-dən artıq ailənin yaşamasına baxmayaraq 1 ədəd yarı çürümüş halda zibil qabı qoyulub. Sakinlərin problemi yalnız zibillik deyil. Camaat deyir ki, göydən yağış düşən kimi küçədə gəzmək olmur. Elə bil mərkəzi küçə yox, dağ kəndinin yoludur. Zibillik problemi ilə bağlı Ağsu Rayon Kommunal Müəssisələr Kombinatına etdiyimiz müraciətdən sonra qurumun adıçəkilən ərazidə zibil qutularının olmadığından xəbəri oldu. Çəkilişimizdən sonra idarə tərəfindən əraziyə 4 ədəd zibil qutusu qoyuldu. Natəvan küçəsinin asfaltlanması ilə bağlı suallarımıza isə nə Ağsu Rayon İcra Hakimiyyətindən nə də şəhər icra nümayəndəliyindən bir cavab ala bildik. İcra Hakimiyyətindən bildirildi ki, bu problemlə bağlı şəhər icra nümayəndəliyi cavab verməlidir. Şəhər icra nümayəndəsi isə sualımızı eşitdikdən sona zənglərimizə cavab vermədi.
İlham Əhmədov, Taleh İbrahimov, APA TV