APA TV ermənilərin vəhşicəsinə istismar etdiyi qızıl yatağında - XÜSUSİ REPORTAJ

Dörd bir yanı yalnız sıldırım qayalarla əhatə olunmuş Vejnəlidəyik. Faydalı qazıntıları ilə məşhur olan kəndin qızıl yatağındayıq. Gördüyünüz bu faydalı qazıntılar, qızıl, çıxarılmamışdan əvvəl yuyulur, ələnir və emala hazırlanır. Emal prosesində isə faydalı qazıntı halına gətirilərək qızıla çevrilir.

 

Azərbaycanın yeraltı və yerüstü təbii sərvətləri olduqca zəngindir. İşğal olunmuş torpaqlarımızda 160 müxtəlif qiymətli metal yatağı var.

 

APA TV xəbər verir ki, Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdəki qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqlar mövcuddur. Yeraltı ehtiyatlar içərisində qızıl yataqları mühüm əhəmiyyət kəsb edir.

 

Hazırda bu faydalı qazıntı yataqlarının vəziyyəti haqqında dəqiq məlumatlara malik olmasaq da, “Azərkosmos” ASC-nin təqdim etdiyi aerofotoşəkillərə əsasən erməni işğalçıları bu yataqların bir hissəsi vəhşicəsinə istismar edib.

 

Bu gün əsas məqsəd işğaldan azad olunmuş ərazilərdəki, eyni zamanda Zəngilan rayonundakı mövcud yataqların istismar vəziyyətini təftiş etmək, qalıq ehtiyatlarını hesablamaq, qiymətləndirmək və vurulmuş zərərin miqyasını müəyyənləşdirməkdir.

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Ayhan Satıcının fikrincə, Qarabağ ərazisində yerləşən Kiçik Qafqaz dağları tək qızıl yataqları ilə deyil, bir çox faydalı qazıntılarla, təbii ehtiyatlarla zəngindir və bunun zənginliyinin Azərbaycan iqtisadiyyatında xüsusi rolu ola bilər: “Qarabağda olan faydalı qazıntıların Azərbaycan iqtisadiyyatında böyük rolu olacaq. Bir çox yataqlar var ki, onların gələcəkdə istismarı Azərbaycanın iqtisadiyyatına daha böyük töhfələr verəcək. Bu yataqlardan biri Zəngilan rayonundakı Vejnəli qızıl yatağıdır. Bundan əlavə, Kəlbəcərdəki Zod qızıl yatağını və Ağdərədəki Qızılbulaq qızıl yataqlarını misal gətirmək olar. Qeyd edək ki, sənaye ehtiyatları təsdiq olunan qızıl ehtiyatlarının həcmi 132,6 tondur. Bunun dünya bazarlarında dəyəri 8 mlrd. ABŞ dolları civarındadır ki, bu da kifayət qədər böyük bir rəqəmdir. Bundan əlavə, Qarabağda bir çox təbii ehtiyatlar var, hansılar ki, tikinti və digər sahələrdə istifadəyə yararlıdır”.

 

Ümumilikdə, təbii faydalı qazıntıları bir neçə kateqoriyaya bölmək olar. Onlardan ən birincisi əlvan metallar və onların metallurgiyası, ikincisi tikinti materialları, üçüncü isə nadir metallardır.

 

Ekspert deyir ki, əlvan metallar və onların metallurgiyası tikinti materialları ilə birlikdə ümumi iqtisadiyyata, yəni ənənəvi iqtisadiyyata xas olan bir materiallardır və sözügedən faydalı qazıntılardan ənənəvi iqtisadiyyatda daha geniş istifadə olunur.

 

Nadir metallara gəldikdə, onların araşdırılması, gələcəkdə texnoloji imkanlar da cəlb olunaraq tapılması, ölkə iqtisadiyyatının genişləndirilməsinə gətirib çıxaracaq: “Hazırda bir çox dövlətlər Qarabağ regionuna investisiyalar qoymaqdadır. Xarici şirkətlər metallurgiya, dağ-mədən, emal sənayesinə investisiya yatırıb, qarşılığında həm Azərbaycan, həm də öz iqtisadiyyatına töhfə verə biləcək addımlar ata bilərlər. Bunlardan biri şübhəsiz ki, Zəngilan rayonunda yerləşən Vejnəli yatağı da ola bilər. Hazırda fəaliyyət göstərməyən bu yatağın gələcəkdə istismar olunacağı gözlənilir”.

 

Qeyd edək ki, Vejnəli yatağı 1959-1962-ci illərdə Vejnəli geoloji-axtarış partiyası tərəfindən kəşf edilib. Burada 1962-1971, 1976-1981 və 1983-1984-cü illərdə geoloji-axtarış və kəşfiyyat işləri aparılıb. Vejnəli qızıl yatağı 1984-cü ildə Məhəlli Ehtiyatlar Komissiyasında təsdiq olunaraq Azərbaycan Respublikası Faydalı Qazıntı Ehtiyatlarının Dövlət Balansına qəbul edilib.

 

Qarabağa səfərimiz çərçivəsində Qubadlı rayonunda bərpa və quruculuq işləri ilə də tanış olduq.

 

28 ildən sonra düşməndən azad edilən və tariximizdə xüsusi yeri olan dədə-baba torpaqlarımız öz doğma sakinlərinin gəlişini səbirsizliklə gözləyir.

 

Sözsüz ki, indi ən əsas məqamlardan biri də qələbənin əbədiləşdirilməsi üçün öz doğma yurdlarından köçkün düşən soydaşlarımızın doğma yurdlarına qayıdışının təmin olunmasıdır.

 

Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış ərazilərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb. İşğaldan azad olunan rayonların bərpası sistemli şəkildə həyata keçirilir.

 

Belə ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, birinci mərhələdə dəymiş ziyanın qiymətləndirilməsi, daha sonra infrastruktur layihələrinin icrası həyata keçiriləcək. Bundan sonra sosial obyektlərin inşası, yaşayış üçün şəraitin yaradılması və evlərin tikilməsi reallaşdırılacaq.

 

Ayhan Satıcı Qubadlı rayonunda son dövrlərdə quruculuq işlərinin tam sürətlə davam etdirildiyini qeyd edərək, post-konflikt bərpa prosesində infrastruktur quruculuq işlərinin olduqca vacib rol oynadığını qeyd edib. Ekspertin sözlərinə görə, bunlardan da başlıcası nəqliyyat və rabitə xətlərinin təmin olunmasıdır: “Buna bir neçə mövqedən yanaşmaq olar. Öncə onu qeyd etmək olar ki, region daxilində nəqliyyat, rabitə və kommunikasiya xətlərinin bərpası regionun öz daxilində olan iqtisadi canlanmanı, sosial və digər məsələlərin həllinə səbəb olur. Bundan sonra Qarabağ regionunun Azərbaycanın digər region və şəhərləri ilə əlaqələndirməsi və reinteqrasiya olunması, sonrakı dövrlərdə Qarabağ iqtisadiyyatının yenidən Azərbaycanın ümumi iqtisadiyyatına birləşdirilməsinə və qazandırılmasına gətirib çıxaracaq”.

 

Ən vacib məsələlərdən biri də, Qarabağ regionunu tranzit bir mərkəz olaraq tanıtmaqdır. Tranzit mərkəz olaraq Qarabağ regionunun təqdim edildiyi təqdirdə və qeyd olunan Zəngəzur dəhlizi, həmçinin digər kommunikasiya və nəqliyyat xətlərini bura cəlb edilməsi ilə Azərbaycan nəinki öz daxilində, ümumilikdə öz iqtisadiyyatında, həmçinin regionda tranzit bir nəqliyyat-kommunikasiya xətləri üzərində yerləşə bilər. Bu isə, öz növbəsində, ticarət dövriyyəsinin və ümumilikdə Azərbaycan iqtisadiyyatının artımına müsbət təsir edə bilər.

Sevinc Vaqifqızı,

Xəqani Hüseynov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv