Aprel döyüşlərində atasından halallıq istədi, Vətən Müharibəsində şəhid oldu - REPORTAJ
Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olar deyillər. Şəhid Şaiq Namiq oğlu Kəlbiyev də canını Vətəni, torpağı yolunda qurban verən qəhrəmanlarımızdandır. Əvvəlcə onun taleyinə Aprel döyüşlərinin canlı qəhrəmanı olmaq yazıldı, daha sonra Vətən Müharibəsinin şəhidinə çevrildi.
Əslən Füzuli rayonundan olsa da, Şaiq paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsində doğulub. 273 və 319 nömrəli tam orta məktəblərdə təhsil alıb. Daha sonra təhsilini Bakı Sosial-İqtisadi Kollecində davam etdirib.
2014-cü ildə həqiqi hərbi xidmətə çağırılan əsgər Kəlbiyev 2016-cı ilin Aprel döyüşlərində iştirak edir. Şaiq bu döyüşlərdə təkcə kəşfiyyatçı olaraq düşmənə qarşı savaşmır, həm də yaralı, şəhid hərbçilərimizin döyüş meydanından çıxarılmasında və Lələtəpə strateji yüksəkliyinin işğaldan azad edilməsində fəal iştirak edir. Atası Namiq Kəlbiyev deyir ki, Şaiq Aprel döyüşləri başlamazdan bir gün öncə, yəni martın 31-də ailəsi ilə halallaşaraq döyüşə qatılacağını xəbər verir: “Mənimlə danışanda dedi, ata, halallığını ver, mən gedirəm. Dedim, ay oğul, nə halallığı, sən sabah evə gəlirsən. Dedi, yox, biz gedirik alma, armud toplamağa. Onda bildim ki, döyüşə gedir, telefonda deyə bilmir, şifrəli danışır. Aprelin 1-də döyüş başlayandan bitənə kimi xəbər tuta bilmədik. Daha sonra aprelin 24-də zəng elədi ki, mən salamatam, dağdan düşmüşük, gələcəm evə”.
2020-ci ilin iyul hadisələrindən sonra Şaiq ailəsinə döyüşlər başlanarsa, yenidən cəbhəyə gedəcəyini, ön cəbhədə kəşfiyyatçı kimi daha çox lazım olduğunu bildirir. Elə dediyi kimi də edir. Atası deyir ki, sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlayan Vətən Müharibəsinə qatılır: “Ayın 28-də mənə zəng elədi ki, ata, mənə çağırış gəlməlidir. Hərbi komissarla danışmışam, deyiblər göndərəcəklər. Gələn kimi mənə xəbər verin. Sonra bildim ki, gəlib hərbi biletini götürüb gedib cəbhəyə. Şaiq 44 günlük müharibənin 17 gününü döyüşdü”.
Silahdaşlarının “Saşa” deyə xitab etdikləri Şaiq oktyabrın 16-da Füzuli-Ağdərə istiqamətində gedən döyüşlərdə yaralı əsgər yoldaşını xilas edərkən dabanından ağır yaralanaraq şəhid olur və Sahil qəsəbəsində böyük izdihamla dəfn olunur.
Döyüşlərin ilk günlərindən Şaiqlə çiyin-çiyinə savaşan Araz İsmayılov əsgər Kəlbiyevin olduqca mərd, qorxmaz və döyüşə həvəsli olduğunu deyir: “Suqovuşan istiqamətində bizim bir tapşırığımız oldu. Əhəmiyyətli bir yüksəkliyi azad etmək lazım idi. İki qrup getmişdik kəşfiyyata. Düşmənin sağ və sol istiqamətlərindən hücuma keçmişdik. Oktyabrın 16-da çatdıq həmin əraziyə, ayın 17-si səhər saat 8-də döyüş başladı. Bizim üçün minatəmizləyənlər yol açdılar və Şaiqgil sağ tərəfdə, biz isə sol tərəfdə açıq döyüşə girdik. Bu zaman bizim düşmənlə ara məsafəmiz ən yaxın yerdə 3 metr, ən uzaq yerdə isə 15 metr olardı”.
Səhər saat 8-də başlayan döyüş 9 saat çəkir. Araz İslamov deyir ki, bu döyüşdə aralarında Şaiq Kəlbiyev də olmaqla 6 qəhrəman Azərbaycan oğlu şəhid olur: “Məsafə yaxın olduğundan biz əl qumbaralarından, tapançalardan atırdıq, bəzən də əlbəyaxa döyüşürdük. Bu zaman İsrail, Rəşad, Şaiq şəhid oldu. Natiq, Mirağa yaralandı. Əl qumbarası atdı ermənilər, onun qəlpəsi Şaiqin dabanına yaxın dəydi. Nə qədər tibbi kömək etsək də, xilas bilmədik. Döyüş bitəndən sonra biz şəhidlərimizi gətirdik aşağı, səhərin açılmağını gözləyirdik. Onların üzünə baxanda gördük ki, sanki gülümsəyirdilər. Onları gördükcə bizdə daha çox ruh yüksəkliyi yaranırdı ki, əmr gəlsin, biz yenidən döyüşə gedək”.
Qısa, lakin Vətən savaşında gələcək nəsillərə örnək ola biləcək şərəfli ömür yolu keçən vətənpərvər Azərbaycan gənci əsl qəhrəmanlıq dastanı yazdı. Bir zamanlar Şaiq Kəlbiyevlə yalnız ailəsi qürur duyurdusa, indi bütün Azərbaycan xalqı öz qəhrəmanını tanıyır və onun haqqında fəxrlə danışır:
Müəllimi Nargilə Əhmədova deyir ki, Şaiq şəhid olandan sonra məktəbdə bütün siniflərdə bir dərsi onun keçdiyi həyat və döyüş yolundan, qəhrəmanlıq dastanından danışılıb: “Hətta bəzi şagirdlərimiz deyirdi ki, biz də Şaiq kimi döyüşəcəyik, qəhrəman olub əbədi xatirələrdə yaşayacağıq. Biz hər zaman Şaiqlə fəxr etmişik. Bu gün də fəxr edirik. Kaş ki, o özü də bu qələbəni bizimlə bərabər yaşayardı. Amma biz bu sevinci yaşayaq deyə Şaiq şəhid oldu”.
Qeyd edək ki, Şaiq Kəlbiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.