“Atam ikinci mərtəbədən üstümə düşmüşdü”

 

Bu gün Gəncənin Ermənistan ordusu tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından 3 il ötür. 15 nəfəri öldüyü o dəhşətli gecədə 100-dən çox fərdi yaşayış evinə və ətrafdakı digər qeyri-yaşayış sahələrinə də ziyan dəydi. Həmin gecənin şahidlərindən biri olan Ramiz Ağayev deyir ki, yarım saat dağıntıların altında qalıb. Separatçıların həbs olunması Ramiz Ağayevin də sevincinə səbəb olub. On aylıq Narin Əsgərova da həmin gecədə həyatını itirib. Narın 5 illik həsrətdən sonra dünya gəlmişdi. O, ailənin tək övladı idi. Narinin atası hərbiçi olduğu üçün müharibəyə gedərkən körpəsini və həyat yoldaşı Sevili qayınatası Suliddin Əsəgərovun evə aparıb. Suliddin kişinin evinə raket düşən vaxt Əsgərovlar ailəsinin 8 üzvi evdə olub. O gecə Süliddin kişi başda olmaqla Əsgərovlar ailəsinin 5 üzvü həyatını itirir. Oğlu Bəxtiyar, qızı Sevil, Sevilin 10 aylıq körpəsi Narin, bacısı qızı Nigar. Ailənin digər üzvləri isə ağır yaralanır. 2020-ci ilin 17 oktyabrında Ermənilər tərəfindən Gəncəyə atılan raket zərbəsi nəticəsində Xədicənin atası 29 yaşlı Röyal Şahbazlı, anası 26 yaşlı Züleyxa Şahbazlı və onun yaş yarımlıq bacısı Mədinə Şahbazlı şəhid olublar. Həmin vaxt 4 yaşlı Xədicə dağıntılar altından möcüzə nəticəsində sağ çıxıb. İndi Xədicə ana babasının və nənəsinin himayəsindədir. Ermənistan ordusunun təxribatı nəticəsində Muxtar Hacıyev küçəsində yaşayan Ramiz Qəhrəmanovun qızı Xatirə Qəhrəmanova, nəvələri Ləman Qəhrəmanova, Orxan Xəlilli və Məryəm Xəlilli şəhid olublar. Şəhərin Muxtar Hacıyev küçəsinə düşən raketin yaxınlığında yerləşən 10 nömrəli Körpələr Evi Uşaq Bağçası və Gəncə şəhər 29 nömrəli tam orta məktəbə də ziyan dəyib. Burda da xeyli dağıntılar olub. Hadisə gecə saatlarında baş verdiyindən körpələr evində və məktəbdə ölən və xəsarət alan olmayıb. Terror zamanı 29 nömrəli tam orta məktəbin 3 şagirdi şəhid olub, biri isə yaralanıb. Qeyd edək ki, ikinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Fuad Nazimoğlu

Mehdi Rəşid

APA TV Gəncə

Müəllif | Apa.Tv
Apa.tv