Azad olunmuş torpaqlara köçənlər qaz pulunu necə ödəyəcək?

Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-də növbəti “Açıq qapı” aksiyası keçirilib. Qurumun şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev məlumat verib ki, birliyin şikayətlərin araşdırılması şöbəsinə 2023-cü ilin 11 ayı ərzində müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 11074 müraciət daxil olub. Onun sözlərinə görə, 4887 müraciət "Opentext" proqramı vasitəsilə, 6187 müraciət isə elektron formada daxil olub: ""Opentext" proqramı vasitəsilə daxil olmuş müraciətlər 2022-ci ilin 11 ayı ilə müqayisədə 918 müraciət az təşkil edir. Göstərilən müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlıdır". “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov isə bildirib ki, bu il üçün qazlaşma proqramında nəzərdə tutulan 150 kənd və yeni yaşayış massivinin əksəriyyətində işlərə başlanılıb, bəzilərində tamamlanma üzrədir. Onun sözlərinə görə, qazlaşma işləri çərçivəsində respublika ərazisində müvafiq infrastruktur yaradılır. Şöbə müdiri onu da əlavə edib ki, gələn il 170-ə yaxın kənd və yeni yaşayış massivlərinin qazlaşması planlaşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv