Azərbaycan yeni dövrə alnıaçıq qədəm qoyur: “Müharibə ehtimalları sıfır dərəcəsindədir”
Fevralın 18-də Münxendə Azərbaycanın Prezidenti İlham Əliyev ilə ATƏT-in Baş katibi Helqa-Mariya Şmidin görüşü olub. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində razılıqların əldə olunduğunu, bu xüsusda xarici işlər nazirləri səviyyəsində tezliklə görüşün keçiriləcəyinin razılaşdırıldığını diqqətə çatdırdı. Sülhün əldə edilməsinin və sülh müqaviləsinin imzalanmasının çox real olduğunu vurğulayan dövlətimizin başçısı regionda de-fakto sülhün mövcud olduğunu bildirdi. Bu isə o deməkdir ki... Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların ləğv edilməsinin vaxtının çoxdan yetişdiyini vurğuladı. Xatırladaq ki, Azərbaycan lideri bunu fevralın 16-da Münxendə ATƏT-in fəaliyyətdə olan sədri İan Borqla görüşdə də bildirmişdi. Bu isə o deməkdir ki, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalıb və BMT Təhlükəsizlik Şurasının I Qarabağ savaşında qəbul etdiyi qətnamələrinin icrasını 2020-ci ildə Bakı öz üzərinə götürdüyü kimi, Avropanın qurumuş qrupunun da mövcudluğunun lazımsızlığını sübuta yetirib. Xəritədə çox yer tutmayan ölkəmiz bizə yuxarıdan aşağı baxanların qanadlarını qırıb və onları üzbəüz masaya oturdub. Müxtəsər, Cənubi Qafqazda yaradılan yeni geosiyasi reallıqlarla Moskva, Brüssel və Vaşinqton da razılaşıb. Yoxsa COP-29 bəhanəsi ilə Münxendə hər kəs Prezident İlham Əliyevlə görüşə can atmazdı. İsbat olaraq fevralın 17-də ABŞ Dövlət katibi Entoni Blinkenlə İlham Əliyevin görüşünü vurğulamaq da yerinə düşər. Ermənistanla sülh perspektivləri müzakirə olunan görüşdə Azərbaycanla ikitərəfli əlaqələri çox yüksək qiymətləndirdiklərini qeyd edən Entoni Blinken ikitərəfli münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı. Yəni Ağ Ev də Qarabağ ətrafında "Bermud üçbucağı" yaratmaq cəhdlərindən əl çəkib. Minsk Qrupunun həmsədr üçlüsü də "üç muşketyor" kimi təqaüddədir. Fevralın 14-də Prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimində dediyi kimi, indi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq.
Orxan Aslan, APA TV