Azərbaycanda qohum evliliyi qadağan edilir? - 10 ildən sonra doğulan uşağın acı taleyi
Söhbət qohum evliliklərinin cəmiyyətə yaşatdığı bəladan gedir. Amma “sonrakı peşimançılıq fayda verməz” deyiblər. Gənclər ənənəvi stereotiplərin, qohumların evlənməsinə müsbət yanaşma kimi düşüncələrin qurbanına çevrilir. Nikah faciəsinin ən böyük qurbanı isə həmin ailənin ən kiçik üzvü, 10 ildən sonra dünyaya gələn övladlarıdır. “Sevirəm, ölürəm , almasanız belə edərəm, elə edərəm” gopundansa, sağlam gələcək üçün atılan addımlar yüz ölçülüb bir biçilməlidir. Yəni toylarda “əmimqızı bizə gəl” sədaları ilə qohum evliliyi naminə rəqs edəndə gələcək büdrəmələr nəzərə alınmalıdır. Bəlkə də bunu hamı bilir. Di gəl ki, real vəziyyət başqadır. Çünki Azərbaycanda qohum evliliklərinin sayı artıb. Bu fakt martın 12-də "Qohum nikahları" ilə bağlı ictimai müzakirələrdə də səsləndirilib. Statistikaya nəzər salsaq görərik ki, 2021-ci ildə Azərbaycanda qohumlar arasında 2363 nikah qeydə alınıb ki, onlardan 204-ü boşanıb. 2022-ci ildə isə ölkədə 2542 qohum nikahı qeydə alınıb, onlardan da 608 nəfəri ayrılıb. Ölkəmizdə isə ən çox qohum nikahları Bakı , Mil-Muğan və Lənkəran-Astara regionlarında qeydə alınıb. Qeyd edək ki, ABŞ-nin 24 ştatı, Çin, Cənubi Koreya, Türkiyə, Estoniya, Ukrayna, Tacikistan və Gürcüstanda baba və ya nənəsi ümumi olan şəxslər arasında nikahın bağlanması qadağan edilib.