Azərbaycanın ən məşhur aktyorları yeni serialda rol alacaq - REPORTAJ
Bu dəfə paytaxtın gecə sükutunu polisin xəbərdaredici siqnalları pozdu. İnsan alverçiləri, narkomafiya baronları, kiber və digər cinayətkar qruplara qarşı polis suda, quruda xüsusi əməliyyat keçirdi. Qolları qandallanan cinayətkarlar bir-bir qanun qarşısına çıxarıldı...
APA TV-nin xəbərinə görə, bütün bu gördükləriniz bu dəfə real həyatda deyil, teleməkana yeni gələcək “İFŞA” serialında ifşa olunacaq.
Layihə rəhbəri və ideya müəllifi Ramiz Alıyevə məxsus olan “İFŞA” serialı ölkədə ilk dəfə olaraq asayiş keşikçiləri olan polislərin fəaliyyətindən, onların cinayətkarlara qarşı apardığı mübarizəsindən bəhs edəcək: “Filmimizdə hüquq-mühafizə orqanlarının peşəkarlığını göstərməyə çalışmışıq. Bu işdə bizə polis əməkdaşlarının xüsusi təlim keçmiş heyəti yaxından köməklik göstərir. Eyni zamanda bizə texniki dəstək də verilir. Biz də bu etimadı bacardığımız qədər daha yaxşı doğrultmağa çalışırıq”.
İlk sezonda 6 seriyanın efirə gedəcəyini deyən layihə rəhbəri hesab edir ki, serialda xalqın təhlükəsizliyinin tam təmin olunması istiqamətində Azərbaycan dövlətinin necə fəaliyyət göstərdiyi və aidiyyəti orqanların öz üzərilərinə düşən vəzifəni hansı məsuliyyətlə yerinə yetirdikləri əsas məqsəd olaraq tamaşaçıya çatdırılacaq.
Layihənin prodüseri Nicat Həsənzadə isə deyir ki, serialda ssenariyə uyğun olaraq cinayətkar qrupların fəaliyyəti müəyyən olunacaq, onların hansı qanun pozuntularına yol verdikləri, hansı məkrli planlar üzərində çalışdıqları aşkara çıxacaq: “Çox möhtəşəm bir film gəlir. Həm texniki komanda, həm də aktyorlar özəl olaraq seçilib. Ssenari xüsusi hazırlanıb. Biz özümüzə güvənirik ki, tamaşaçılar serialı bəyənəcək. Çünki maksimum gücümüzü bu layihədə qoymuşuq”.
Baş rol ifaçıları polis tərəfindən Tural Əhmədin, mafiya tərəfindən isə Məhəmməd Verdiyevin rol aldığı serialda Şahin Nəsirov, Murad Məmmədov, Füzuli Hüseynov, Mahir Mirişli, Vahid Orucoğlu, Zülfiyyə Qurbanova, Sənubər İsgəndərli, İsmayıl Kərimov, Cavanşir Hadıyev, Gülər Nəbiyeva, Könül Cəfərzadə və başqaları iştirak edəcəklər. Rejissor Elvin Abdullanın sözlərinə görə, serialda general rolunu isə xalq artisti Rasim Balayev canlandıracaq: “Peşəkar aktyorlarla işləmək olduqca rahatdır. Onların peşəkarlığı və təcrübələrinin çox olması bir rejissor kimi mənim işimi daha da asanlaşdırır. Hesab edirəm ki, rejissor və aktyorlar əl ələ verərək olduqca keyfiyyətli bir iş ortaya qoya bilmişik”.
Adətən, tamaşaçılar qarşısına ailə-məişət dramları ilə çıxan aktyorlar bu dəfə izləyicilərə sözün yaxşı mənasında sürpriz yaşadacaqlar.
Bu mövsümdə 6 seriyası yayımlanacaq “İFŞA” serialının gələcəkdə davamlı olmasına gəlincə, layihə rəhbəri Ramiz Alıyev deyir ki, bu, tamaşaçıların sevməsindən və baxmasından asılıdır: “Biz də istərdik ki, bu serial davamlı olsun. Əgər biz öhdəmizə düşəni layiqincə yerinə yetirə bilsək və davamının çəkilməsini məsləhət bilsələr, o zaman seriala davam edə bilərik”.
Qeyd edək ki, yaxın günlərdə Azad Azərbaycan (ATV) televiziyasında yayımlanacaq serialı “Biz Group” və “Baku Art Lab” şirkəti birlikdə çəkir. Serialın informasiya dəstəkçisi isə “APA GROUP”dur.
İlahə Vəliyeva
APA TV