Azərbaycanlı arxeoloq milyon illərlə yaşı olan əmək alətləri düzəldir - EMALATXANADAN REPORTAJ

O, kəndbəkənd gəzərək çay daşlarını, qurumuş ağac gövdələrini toplayaraq onlardan qədim əmək alətləri düzəldir.

 

APA TV-in məlumatına görə, qəhrəmanımız Əjdər Babazadə bildirir ki, bu işlə iki ildən artıqdır məşğul olur.

 

İxtisasca arxeoloq olan müsahibimiz deyir ki, hazırladığı ən qədim artefakt nümunəsi alt paleolit dövrünə aid ibtidai əmək alətidir:

 

İlk baxışdan kiçik bir emalatxana təsiri bağışlasa da, burada tarixin bütün dövrlərinə aid ibtidai əmək alətlərinin eskizləri hazırlanmaqdadır.

 

Müasir arxeologiyanın 3 əsas qolundan biri olan eksperimental arxeologiyanın ölkəmizdə yox səviyyəsində olduğunu bildirən müsahibimiz deyir ki, praktiki yolla artefaktların hazırlanma texnologiyalarını və bunların hazırlandığı materialın xüsusiyyətlərini öyrənmək olduqca asandır: “Azərbaycan arxeologiyasında boşluq olan sahələrdən biri də əmək alətlərinin, alət çantasında olan nümunələrin eksperimental hazırlanmasının olmamasıdır. Biz bu boşluğu doldurmaq üçün iki il əvvəl bu yola girdik. Düşündük ki, hər kəs bir ipin ucundan tutmalıdır. Bu sahədə ən böyük boşluqlardan biri qədim daş dövrünə aid əmək alətlərinin hazırlanması və bunların eksperimental yolla ərsəyə gəlməsinə başladıq”.

 

Əjdər Babazadə deyir ki, ölkəmizdə eksperimental arxeologiya sahəsindəki biliklərini artırmaq məqsədilə dəfələrlə xarici ölkələrə üz tutub: “Ölkəmizdə bu sahə üzrə mütəxəssislərin olmaması və arxeologiyanın bu qanadında boşluğun olması bizi məcbur edir ki, bu sahə üzrə xarici eksperimental arxeoloqlara müraciət edək. Dolayısı ilə biz bu şəkildə öz fəaliyyətimizə başlamış olduq. Alt paleolit dövründən etibarən bütün alət növlərini düzəldərək, neolit dövrünün son mərhələsinə, o dövrün uzun bıçaqlarının hazırlanmasına qədər, iki il ərzində bu prosesin nümunələrini yaratmağa çalışdıq”.

 

3 milyon il bundan əvvəl istifadə olunan əmək alətlərinin hazırlanmasının olduqca maraqlı olduğunu deyən arxeoloq bildirir ki, hazırladığı artefakt nümunələrində bir neçə xammal növündən istifadə edir: “Qədim insanların, yəni homonin qruplarının ilk əmək alətlərinin materialı Pavoston çay daşlarındandır. Məhz ona görə də ilk olaraq çay daşlarından alətlər düzəltməyə başladıq. Sonra bazalt materialından, çaxmaq daşlarında və digər materiallardan da alətlər yaratdıq. Burda gördüyünüz kimi, opsityandan da alətlərimiz var. Təxminən biz də 2-3 milyon il bundan əvvəli texnotipologiya əsasında ibtidai insanın alət çantasında nə varsa, onların həm tiplərini, həm də xammalın öyrənməyə çalışdıq”.

 

Müsahibimiz eksperimental arxeologiyaya, ümumilikdə arxeologiyaya marağın az olmasından da gileylənir: “Elmin ən böyük dəstəyi, katalizatoru maddiyyatdır. Maddi dəstək olsa, bunu daha da təkmilləşdirmək olar. Çünki bu iş Azərbaycanda ilk dəfədir ki,  həyata keçirilir. Belə araşdırmalar ilk dəfədir aparılır. Ona görə də bizdə həm mütəxəssis azlığı var, həm də mexaniki, texniki, maddi imkanlar yox səviyyəsindədir. Bu səbəblərdən qaynaqlı olaraq biz xaricə üz tutmağa məcburuq və əcnəbilərin təcrübəsindən yararlanırıq. Həm onların yanına getməyə ehtiyacımızı var, həm o laboratoriyanı görməliyik, həm də oradakı emalatxanalarda olmalıyıq. Hazırda orada çalışmaq ehtiyacı var”.

 

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Neolit-tunc dövrü şöbəsinin əməkdaşı olan Əjdər Babazadə deyir ki, hazırladığı ibtidai əmək alətlərinin bəziləri institutun arxeoloji fondunda qorunur: “Burada Qarabağ bölgəsinin, keçən il qazıntılarına başladığımız Lələtəpə abidəsinin daş materiallarını görürsünüz. Bu materiallar son neolit dövrünə aiddir. Buradakı əsas iş prinsipimiz ondan ibarətdir ki, ilk olaraq materiallın statistik datalarını toplamağa çalışırıq. Məsələn, bunların xammal qaynaqlarının öyrənilməsi, istifadə qaydaları, funksional qaydaları öyrənirik. İkinci mərhələdə isə materialların texnotipologiyası istiqamətində araşdırma aparırıq”.

 

Qeyd edək ki, hazırda institutda Qarabağda son neolit dövrünə aid əmək alətlərinin araşdırılması prosesi həyata keçirilir.

 

Həmidağa Məcidov,

Üzeyir Ağayev,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv