Babəkin xəstəliklərə dərman olan, amma “küsən bulaq”ı
Babək rayonunun Nəhəcir kəndi ilin bu fəslində öz gözəlliyini sanki təbiətin qoynuna qızıl kimi səpələyir. Dağların qoynunda açan rəngbərəng çiçəklər, yaşıllıqlar və bunların fonunda Naxçıvanın simvollarından biri olan Nəhəcir dağı Tanrının bura bəxş etdiyi ən gözəl hədiyyədir. Bu kənd tarixi, gözəl təbiəti ilə yanaşı mineral sərvətləri ilə də zəngindir. Kənddən 3 kilometr aralıda, Nəhəcir dağın ətəyində yerləşən eyni adlı mineral su belə sərvətlərdəndir. Bundan istifadə edənlər deyir ki, Nəhəcir mineral suyu mədə-bağırsaq xəstəlikləri, həzm yolları, qaraciyər, öd kisəsi və böyrək xəstəlikləri, mübadilə pozğunluqları zamanı istifadə edildikdə faydalı olur. Yerin altından qaynayıb fontan şəklində yuxarı qalxan bu mineral suyun həm də qədim tarixi var. El arasında bu suya "Küsən bulaq" da deyirlər. Bulaq 50-55 dəqiqədən bir 6-7 dəqiqə aralığında fontan vurur. Daha sonra isə bulaq "sönür". O zamanlar burada hətta hovuzlar belə olub. Dəri xəstəliklərindən əziyyət çəkən insanlar bura gələrək müalicə olunurmuş. Yay nə qədər isti keçərsə keçsin, yayda burada temperatur hər zaman normal olur.
Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV